Anam ağladı

img

24-02-2016 [23:19]


(hekayə)

-Anam ağladı?

-Yox, ay Məhərrəm, nə oyundan çıxmamışam səhərdən. Ağı deyən o arvad da öz yerində. Ağlamır ki, ağlamır, – deyə Afət gözlərini ərinin gözünə dikib eləcə dondu. Sanki o idi təqsirkar qaynanasının ağlamamağında.

-Əgər ağlasa, de. Muştuluğun məndə.

Məhərrəm bunu deyib, mənimlə birlikdə yas çadırından kənara çəkildi. Siqaret yandırdı. Dərindən qüllab vurub, ah çəkdi. 40 günüydü ki, nə gecəsi vardı, nə də gündüzü. Anasını güdürdü. Onun bir gilə göz yaşına həsrət qalmışdı. Fəxriyyə xala isə ağlamırdı ki, ağlamırdı. Yeməyini də əməlli yemirdi. Bir dəri qalmışdı, bir sümük.

Məhərrəmlə mən həmkəndliyik. Həm qonşuyuq, həm də məktəbdə bir sinifdə oxumuşduq. Sakit ailədirlər. İki qardaşdırlar, beş bacı. Daha doğrusu iki qardaş idilər. Atası da rəhmətə gedib. Evin kişisi Məhərrəm sayılırdı. Məktəbi bitirəndən sonra əsgərliyin çəkib kəndə qayıtmışdı. Özü də ki, desant ordusunda xidmət etmişdi. Yəni ki, yalın əllə başkəsən. Sovet vaxtı "desantşik”lərə belə deyirdilər. Kənddə traktorçu işləyirdi. Qardaşı isə məktəbi təzə qurtarmışdı. O da pəhləvan cüssəli idi. Xarici görünüşü belə olsa da, ruhən şair təbiətli idi. Ədəbiyyatçı olmaq istəsə də, ali məktəbə daxil ola bilməmişdi. Əkin-biçində, mal-qara saxlamaqda qardaşına, anasına kömək edirdi.

Kəndimiz Hadrutun erməni yaşayan kəndləriylə qonşu idi. Demək olar ki, hər gün atışma olurdu. Amma hücuma keçmirdilər. Ona görə yox ki, cürət etmirdilər. Yaxud da ki, silahları yox idi. Sadəcə, on illər boyu çox mehriban şəraitdə yaşamışdıq onlarla. Qız da almışdıq. Kirvəlik qohumluğumuz da vardı. Amma nə edəsən ki, müharibə başlanmışdı. İki kənddə isə ölüm-itim olmamışdı. Sadəcə hər iki tərəfdə səngər qazıb burun-buruna, üz-üzə dayanmışdıq. Bəzən səngərdən qışqırırdılar ki, "arra, bizdə taxsır yoxdu. Vallah bu oyunu Ermənistandan gələnlər çıxarıblar”.
Amma artıq gec idi. Tüfənglər açılmışdı. Biz artıq kirvə yox, düşmən idik. Qeyrətlərinə sığışdırmayıb, erməni arvadlarını geri qaytarmayan kəndçilərimiz isə el-obanı tərk etmişdilər. Uşaqlarının xətrinə. Özümüz də başa düşmürdük ki, bu beynəlmiləl cütlüklərin uşaqları ermənidir, yoxsa azərbaycanlı. Öz aramızda elələrini AZ-ERLƏR çağırırdıq.

Atışma səsləri eşidilsə də nə əkin-biçindən, nə də mal-qaranı örüşə çıxarmağımızdan qalırdıq. Qorxmurduq ermənilərdən. Bilirdilər ki, bir qoyunumuzu belə öldürsələr, kəndi dar edərik onlara. Hələ xəbərdarlıq da eləmişdik ki, xoşluqla çıxıb getsinlər. Yoxsa sonu pis olacaq. Amma köçmürdülər. Dediklərinə görə köçmək istəyirlər. Amma Ermənistandan gələn ermənilər onlara icazə vermirlər. Özü də ki, Yerevandan gələnlər Qarabağ ermənilərini "2-ci sort erməni” adlandırıb, təhqir də edirdilər.

Amma "ilanın ağına da lənət, qarasına da” misalını yaddan çıxarmayıb, kəndin kişiləri silaha sarılıb, səngərlərdə gecə-gündüz keşik çəkirdilər. Hərdən-bir güllə atıb, ermənilərin yuxusuna haram da qatırdıq. Onlar da sakit dayanmırdılar. Əvəz-əvəz bir-iki avtomat darağını havaya boşaldırdılar ki, bəs biz də varıq.

Amma günlərin bir günü Məhərrəmin qardaşı Faiqin öldürülməsi xəbəri aranı qarışdırdı. Daha doğrusu, səngərdə, vuruşda öldürsəydilər bizi yandırmazdı. Deyərdik ki, şəhid oldu. Faiq mal-qaranı örüşə çıxarmışdı. Axşam mal-qara geri döndü, amma o, yox. Sürüdən bir inək də çatışmırdı. İki-üç gün ətrafı, meşəliyi axtardıq. Tapa bilmədik. Qonşu ermənilərlə əlaqəyə girdik ki, birdən girov götürərsiniz ha... Onlar da and-aman elədilər ki, "vallah xəbərimiz yoxdur”. İki-üç gündən sonra isə ağ bayraq qaldırıb səngərə yaxınlaşıblar ki, "bəs inək keçib o biri erməni kəndinin ərazisinə, Faiq də malın arxasınca. Pusquda dayanan erməni "boevikləri” onu girov götürüblər. Bizim də xəbərimiz olmayıb. İşgəncə verib, öldürüblər. İndi də bizə deyirlər ki, danışıqları siz aparın. Ölünü sizə təhvil vermək, əvəzində də 100 litr benzin istəyirlər”.

Ağsaqqallar Məhərrəmə, anasına heç nə demədən benzini tapıb verdilər. Faiqin ölüsünü təhvil aldılar. Ölü tanınmaz vəziyyətə salındığından Məhərrəmə məsləhət gördülər ki, anası Faiqi bu vəziyyətdə görməsə yaxşıdır. O da razılaşdı. Tez məscidə aparıb, yuduzdurdular, kəfənlədilər. Sonra tabutu həyətə gətirdilər. Bax onda anası, bacıları xəbər tutdular ki, bəs Faiqi ermənilər öldürüb. Bacıları tabutun ətrafında çöküb saçlarını yolmağa, üz-gözlərini cırmağa başladılar. Səsə bütün kənd tökülüb gəldi. Fəxriyyə xala isə tabutun baş tərəfində ayaq üstə dayanıb donmuşdu. Nəinki qışqırır, şivən qoparır, heç ağlamırdı da. Gözünü tabuta dikib, eləcə durmuşdu. Məhərrəm də ağlamırdı.

Birdən Fəxriyyə xala "Susun!!!” deyə qışqırdı. Bacılar o an səslərini kəsdilər. "Rədd olun tabutun ətrafından!” deyə ana ikinci dəfə qışqırdı. Bacılar, qohum-qonşu ayağa durub kənara çəkildilər. Fəxriyyə xala tabuta yaxınlaşıb Məhərrəmi yanına çağırdı.

-Aç kəfəni! Mən oğlumla sağollaşmaq istəyirəm. – dedi.

Bunu eşidən kəndin ağsaqqalı mollaya başıyla işarə verdi. O da tez irəli keçib:

-Olmaz, Fəxriyə arvad, kəfənləmişik. Pakdır oğlun. Günahdır kəfəni açmaq, – deyə ananı bu inadından döndərməyə çalışdı. Fəxriyyə xala isə:

-Məhərrəm, sənə deyirəm ki, aç kəfənin düyününü! Eşitdin? – deyə yenə qışqırdı.

Məhərrəm çaşıb qalmışdı. Çönüb kəndin ağsaqqalına, mollasına baxdı. Bilmirdi ki, nə etsin. Anasına qulaq assın, yoxsa ki, kəndin ağsaqqallarına. Fəxriyyə xala bu dəfə heç nə demədi. Tabutun baş tərfində diz çöküb, kəfənin düyününü açdı. Və dondu. Ermənilər Faiqin qulaqlarını, burnunu kəsmişdilər, gözlərini çıxarmışdılar. Dişlərini tökmüşdülər. Alnının dərisini soymuşdular. Fəxriyyə xala iki dəqiqə oğlunun cəsədinə beləcə tamaşa etdi. Sonra üzündən öpüb, baş tərəfdən kəfəni yenidən düyünlədi. Üzünü mollaya tərəf tutub:

-Aparın, basdırın! – dedi.

Faiqi aparıb kənd qəbiristanlığında dəfn elədik. Məhərrəm də özünə gələ bilmirdi. Bir-iki dəfə səngərdə növbə çəkəndə dəstənin komandirindən icazəsiz, sürünə-sürünə düşmən səngərinə tərəf irəliləyib, çoxdan tanıdığı iki erməni silahlısını öldürmüşdü də... Sonra da sevinə-sevinə Fəxriyyə xalanın yanına qaçıb "Ana, gözün aydın. Öldürdüm Aşotla Karapeti. Aldım qardaşımın qisasını” deyib gözaydınlığı da vermişdi. Fəxriyyə xalanın isə heç tükü də tərpənməmişdi.
"Aşotu? Karapeti? O sısqa gədələri? Mənim pəhləvan cüssəli, dağ boyda oğlumu öldürüblər e... Aşot, Karapet mənim oğlumun heç dırnağı boyda da deyillər” demişdi.

Məhərrəm isə bilmirdi nə etsin. Qardaşı ölən gündən anası sanki havalanmışdı. Qışın soyuğunda, gecə yarısı ayaqyalın, başaçıq eşiyə çıxar, pay-piyada qəbiristanlığa gedərdi. Məhərrəm də əlində anasının ayaqqabısı, paltosu onun arxasınca qaçardı. Fəxriyyə xala yatmırdı. Məhərrəmin də yuxusu ərşə çəkilmişdi.

Kənd ağsaqqalının yanına gedib dərdini danışanda, o da "mən bilirdim ki, belə olacaq. Ona görə əvvəlcədən dedim ki, qoymayın uşağın üzünü görsün” cavabı vermişdi. Fəxriyyə xala ağlamırdı, məzarı da qucaqlamırdı, fəryad da qoparmırdı. Sadəcə hər gün gecə qəbiristanlığa gedər, məzara baxıb geri qayıdardı. Məhərrəm də onunla bir yerdə.

Həkim yanına da getmişdilər. Məsləhət bilmişdi ki, çalışın ana ağlasın. Ağlasa boşalacaq. Məhərrəm də bu məsləhətdən sonra arvadının, bacılarının gününü göy əskiyə döndərmişdi. Evdə hər gün vay-şivən idi. Bu işə qonşu arvadları da qoşmuşdu. Fəxriyyə xalanı qucaqlayar, ağı deyər, saçlarını yolar, üz-gözlərini cırardılar. Ki, təki bir gilə yaş gəlsin gözündən. Amma ana ağlamırdı.

Kimsə məsləhət görmüşdü ki, "qonşu kənddə yaxşı ağı deyən var. Onun qarşısında heç kim dayana bilmir, o saat gözlərindən yaş sel kimi gedir”. Məhərrəm də 40 mərasimindən qabaq gedib arvadı tapmışdı. Pulunu da artıqlamasıyla vermişdi. Demişdi ki, anamı ağlada bilsən, şirinliyin məndə.

***

40 mərasimi isə artıq başa çatırdı. Hava qaralırdı. Fəxriyyə xala isə ağlamırdı ki, ağlamırdı. Ağı deyən arvad çadırdan çıxıb bizə tərəf gəldi. Başını buladı. O da ümidləri doğrulda bilməmişdi. Məhərrəm onu maşına mindirib yola saldı. Özünə yer tapmırdı. Atasını uşaqkən itirmişdi. İndi isə qardaşını. Anasını belə tez itirmək istəmirdi.

Fəxriyyə xalanın heç 50 yaşı yox idi. Bizim kənddə qızları tez ərə verirlər. Məhərrəm onun ilkiydi. 28 yaşı vardı. Faiq rəhmətlik isə sonbeşiyi. Arada isə beş qızı dünyaya gəlmişdi. Onlardan ikisi ərdəydi.

40 mərasimini də belə yola verdik. Kənd camaatı çıxıb getdi. Bu gün Məhərrəmlə mənim növbəm idi. Səngərə getməliydik. Məhərrəm arvadını səslədi. "Afət, mən gedirəm. Anamda gözün olsun. Bir şey lazım olsa qardaşını hayla” tapşırığını verdi.

Təmas xəttinə gəlib naryadı təhvil aldıq. Qaranlıq düşmüşdü. Məhərrəmin isə narahatlığı getmirdi. Erməni kəndinə tərəf baxır. Hərdənbir o tərəfə atəş də açırdı. Bilə-bilə ki, güllə gedib ora çıxmayacaq. Aşotla Karapeti öldürəndən sonra ermənilər də bir az fəallaşmışdılar. Bir-iki dəfə hücum eləməyə cəhd eləsələr də, yerlərində oturtmuşduq. Elə hey deyirdilər ki, "niyə axı Aşotla Karapeti öldürdünüz. Axı, onların da, bizim də təqsirimiz yoxdur. Faiqi biz öldürməmişik. Onu qonşu kəndi qorumağa gələn suriyalı erməni-boeviklər öldürüb”.

Amma ki, olan olmuş, keçən keçmişdi. Bu bir qisas idi. Məhərrəmin qardaş qisası. Amma bu da Fəxriyyə xalanı soyutmurdu. Bir gilə yaş nədir ki, gözündən düşmürdü ki, Məhərrəm də sakitləşə. Fəxriyyə xala "get bütün kəndi yandır-tök, bax bu qisasdır” desəydi, Məhərrəm onu da edərdi. Lap həlak olsaydı da edərdi. Əsgərlikdə bunu da öyrətmişdilər ona.

Gecə yarını keçirdi. Məhərrəm isə səngərdə o baş-bu başa var-gəl edir, hərdən də avtomat sandığının yarısını qarşı tərəfə boşaldırdı. Amma güllələrin heç biri nəinki kəndə, heç səngərə də çatmırdı. Komandir də onu sakitləşdirə bilmirdi.

-Həsən, ay Həsən.

-Nədi, Məhərrəm.

-Ağlıma belə bir fikir gəldi. Mən gedirəm o biri erməni kəndinə. Elə et ki, komandir bilməsin. Yaxşı?

-Mən də səninlə gedirəm.

-Yox, olmaz. Tək gedəcəyəm.

-Başın xarabdır? Onlar səninçün Aşot, Karapet deyillər e... Xaricdə xüsusi təlim keçmiş ermənilərdi. Bir də ki, getdin, öldürdün, gəldin. Nə xeyri var ki? Anan ağlasaydı, Aşotu, Karapeti öldürəndə ağlayardı da...

-Yox, ağlıma başqa fikir gəlib.

Məhərrəm getdi. Səhər oldu, qayıtmadı. Komandir də məsələdən xəbər tutdu. Komandir deyəndə ki, başçımız kolxoz sədrimiz idi. Məni tənbeh də elədi. "Böyük-zad saymırsız. Lap cızığınızdan çıxmısınız. Böyük olmusunuz mənimçün. Necə icazə vermisən Məhərrəmə, get indi Fəxriyyə arvada da elə cavab ver” dedi.

Dərd məni götürmüşdü. Fəxriyyə xalaya desəm ki, Məhərrəm erməni kəndinə getdi... Tüpürəcək sifətimə ki, "bəs sən niyə onunla getmədin? Dostunu tək buraxdın”.
Səngərdən kəndəcən yol boyu nə edəcəyimi bilmirdim. Evimizə getmədim. Məhərrəmgilin həyətinə girdim. Qapılarını döymədim. Bu an Fəxriyyə xala həyətə çıxdı. Mənə yaxınlaşdı.

-Bəs Məhərrəm hanı? – deyə soruşdu.

Dinmədim. Başımı aşağı saldım. Daha doğrusu nə cavab verəcəyimi bilmirdim. Bilirdim e... Verdiyim cavabdan sonra eşidəcəklərimi eşitmək istəmirdim.

-Səndən soruşuram ki, Məhərrəm hanı? – Fəxriyyə xala qışqırdı. Əlini başına aparıb, qara yaylığını çıxarıb yerə atdı. Bu dəm Məhərrəmin səsi gəldi.

-Ana, ay ana - deyərək darvazanın qapısını açıb, çiyninə atdığı hərbi paltarlı biri ilə həyətə girdi. Anasına tərəf yeriyib çiynindəki yekəpər, əli-qolu bağlı hərbiçini onun ayaqları altına atdı. Özünün və qənimət silahı çiynindən çıxarıb mənə verdi. Və sevincək, - Ana, ermənidir e... özü də ki, "boyevikindən”. Boynuna aldı. Faiqə bu işgəncə verib öldürüb. Özü də Suriya ermənisidir.

Fəxriyyə xala dinmədi. Gözünü ayağı altında sərələnən və ona yalvarış dolu baxışlarla baxan erməni "boyevik”inin gözünə dikdi. Məhərrəm isə balaca uşaq kimi sevinirdi.

-Həsən, ordan metrəni gətir.

-Metrəni neyləyirsən? – deyə soruşdum.

-Gətir. Lazımdır.

Tez saraya girib metrəni tapdım. Gətirib Məhərrəmə verdim. O da ermənicə "ə, boyevik, düz uzan” deyib, onun boyunu ölçdü. Və sevincək:

-Ana, Faiqin boyu bir metr səksən beş santi idi, bu isə bir səksən yeddidir. Faiqdən də iki santimetr çox. Ana, bax, nə desən edəcəyəm buna. Desən ki, öldür öldürəcəyəm, "burax getsin” desən, buraxacağam. Amma qurban olum, ağla.

Fəxriyyə xala isə dinmirdi. Eləcə gözünü "boyevik”in gözünə dikib dayanmışdı. Məhərrəm isə əmr gözləyirdi. Artıq bıçağı da cibindən çıxarmışdı. Fəxriyyə xala isə heç nə demirdi. Məhərrəm birdən çönbəlib, "boyevik”in saçından yapışıb, başını sinəsinə sıxdı.

-Nə etmişdi qardaşım sənə? Hə? Nə etmişdi denən də... Qulağın kəsdin qardaşımın? Necə? Belə? - deyib onun sağ qulağını kəsdi. "Boyevik”in qışqırığı aləmi götürdü. Qanı fışqırmağa başladı. Fəxriyyə xala isə dinmirdi. Bu mənzərəni sakitcə seyr edirdi. Məhərrəm anasının dinmədiyini görüb, hönkürməyə başladı. Bəlkə də hirsindən ağlayırdı.

Mən isə bilmirdim nə edim. Məhərrəmin qabağını alımmı, yoxsa kömək edim? Amma yerimdən tərpənə bilmirdim. Sanki kimsə mıxlamışdı məni yerə. "Boyevik” isə ermənicə nəsə deyirdi. Məhərrəm:

- Burnunu niyə kəsdin qardaşımın. Sən kəsmədin? Səngərdə gəbərtdiyim o biri dostların kəsdi? Yalan danışma! – deyib, onun burnunu da kəsdi. Qanı Fəxriyyə xalanın üstünə sıçradı. "Boyevik”in huşu getdi.

Məhərrəm bir az sakitləşdi. Anasının gözlərinə baxdı. Orda bircə gilə yaş axtarırdı. Amma tapa bilmirdi.

- Ana, qurban olum, ağla. Bu ermənidir. Sənin oğlunu öldürən erməni. Vallah budur. Üç nəfər idilər. İkisini gəbərtdim. Bax pasportları da xaricidir, - deyə cibindən üç dənə pasport çıxarıb anasına tərəf uzatdı, - Siriya vətəndaşlarıdır. Adları da, familiyaları da ermənidir. Muzdludurlar. Yalnız buna gücüm çatdı gətirməyə. Ana, qurban olum, ağla. Nə olar, ağla. Yoxsa mən dəli olacağam, ana. Məni bu əzabdan qurtar, ay ana. Ağla!

Fəxriyyə xala isə dinmirdi. Eləcə gözünü huşsuz yerə sərələnən, qanı axan "boyevik”ə zilləyib durmuşdu. Birdən Məhərrəm hönkürməyini saxladı, sifəti ciddiləşdi. Həyətin o başında duran traktora tərəf qaçmağa başladı. Mühərriki işə saldı. Yerə sərələnmiş "boyevik”ə və anasına tərəf sürməyə başladı. Anası isə sanki onu görmürdü. Məhərrəm isə sürürdü. Fəxriyyə xalaya az qalmış tez irəli qaçdım. Arvadı arxadan qucaqlayıb geriyə çəkdim. Traktorun tırtılları "boyevik”in üstündən keçdi. Əli biləyindən, ayağı bədənindən ayrıldı. Qanı, bağırsaqları qırağa pırtladı. Məhərrəm özündə deyildi. Sakitləşmirdi. Erməni muzdlu artıq torpağa gömülmüşdü. Görükmürdü. Məhərrəm traktoru yerindəcə fırladıb dairə cızmağa başladı. Cəsəd yerlə yeksan oldu. Mühərrik nər-nər nərildəyirdi. Məhərrəm isə qışqırırdı. Bütün kənd həyətə yığışıb bu müdhiş mənzərəni seyr edirdilər. Beləcə bir-iki dəqiqə çəkdi. Məhərrəm sakitləşdi. Traktoru kənara çəkib saxladı. Ortada bir dairə yaranmışdı. Erməni "boyevik”in cəsədi torpaqda şəkil kimi görünürdü.

Məhərrəm bir müddət sükanın arxasından tərpənmədi. Sonra üzünü anasına tərəf döndərdi. Gözünü gözlərinə dikdi. Fəxriyyə xalaya baxdım. Gözlərində yaş gilələnmişdi. Məni kənara itələyib traktorun cızdığı dairəyə yaxınlaşdı. Əvvəl erməni boyevikinin qırağa düşmüş əlini götürdü, sonra ayağını. Dairənin ortasına qoydu. Sonra diz çöküb, torpağı dırnaqları ilə eşməyə başladı. Qanlı əzaları bir-bir torpaqdan çıxarıb dairənin ortasına toplamağa başladı. Paltarının yaxasını cırdı. Saçlarını yonub, üz-gözünü cıra-cıra və bərkdən hönkürərək:

-Allah, ay Allah. Allah, ay Allah. Bu nə gündür bizi saldın, ay Allah. Allah, bu nə gündür, bizə göstərdin, ay Allah – deyib cəsədin bir yerə qalaqlanmış parçaları ətrafında dövrə vurmağa başladı. Sonra isə həyətdən çıxıb qəbiristanlığa tərəf qaçdı. Məhərrəm isə yerindən tərpənmirdi. Eləcə traktorunda oturub, anasının bir yerə qalaqladığı cəsədin qalıqlarına baxırdı. Həyətə yığışan kənd camaatı isə bir-bir onun yanıdan keçib, - Məhərrəm, ay Məhərrəm, gözün aydın! Anan ağladı, - deyərək evlərinə dağılışırdılar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq