Arxiv videoları ilə vəzifəli şəxsləri “vurdurmaq”...

img

13-02-2016 [14:55]


Xalid KAZIMLI, Musavat.com-un redaktoru

Son günlər bir sıra saytlarda yeni bir trend müşahidə olunur: mərhum eks-prezident Heydər Əliyevin vaxtilə keçirdiyi müşavirələrdə ayrı-ayrı məmurları danlamasını, onlara irad bildirməsini əks etdirən videolar yayılır. 

İş bununla bitmir, sonradan bu videokadrlar  sosial şəbəkə iştirakçıları tərəfindən kütləvi şəkildə tirajlanır, daha sonra həmin "danlama”, "irad bildirmə” aksionunun stenoqramı yayılır, saytlarda dərc olunur. 

Bu nədir? Ötən günlərə duyulan xiffətmi? Hazırda da iş başında olan yüksək mənsəbli məmurların hədəfə çıxarılmasımı? Hazırkı hakimiyyətin korrupsionerlərlə mübarizədə bacarıqsızlığını göstərməkmi? Mərhum prezidenti xalqın gözündə sevimli etməkmi? 

Hələlik əsl məqsədin nə olduğu dəqiq bilinmir. Ancaq hiss olunur ki, bu keçmişə ekskursiya vaxtilə H.Əliyev tərəfindən hansısa müşavirədə danlanmış nazirlərin (və ya komitə sədrlərinin) personasına yönəlib. 

Bu layihənin təşəbbüskarları onu hədəfləyiblər ki, ictimaiyyətə həmin şəxslərin hələ 15 il öncədən öz rəhbərlik etdikləri sahələrdə yarıtmaz fəaliyyət göstərdiklərini, buna görə hətta eks-prezident tərəfindən danlandıqlarını nümayiş etdirsinlər . Yəni onlar keçmişdə də yarıtmaz işləyiblər, indi də o cür işləyirlər və nəhayət, onlarla qurtarmaq lazımdır. 

Əlbəttə, köhnə videoları yayaraq ictimai şüura bu sayaq fikirləri ötürmək, siyasi dairələrə uyğun mesajları vermək saytların, jurnalistlərin iradəsi ilə baş verən iş deyil. Mühəqqəq bunun sifarişçiləri var.

Bu, daha çox revanşist addıma oxşayır. Görünür, bir müddət əvvəl mediada ciddi basqılara məruz qalmış, barələrində yüz cür dedi-qodu, şayiələr çıx(arıl)mış şəxslər indi əks-hücuma keçiblər və öz qisaslarını bu cür, adamları keçmişdə məruz qaldıqları "danlaq videoları”yla vurmağa çalışırlar.

Orası da var ki, bu keçmişə ekskursiya o dövrdə uşaq olmuş, hazırda isə yetkin şəxslərə çevrilmiş oxuculara maraqlı (və xoş) gəlir, onlar da öz növbələrində bu sayaq videoları sosial şəbəkədə tirajlayırlar.

Biz, o dövrü yaşamış adamlar həmin videokadrlara indiki gözlə baxanda yeni və maraqlı bir şey görmürük, olsa-olsa yaddaşımız təzələnir. Çünki o dövrün konyukturasını da bilirik, o danlaqlardan əvvəlki situasiyadan  da, ondan sonrakı durumdan da xəbərimiz var. 

Gənc nəslin gözünün önündə isə başqa mənzərədir. İndikilər hər şeyi olduğu kimi qəbul edirlər, bəlkə də düşünürlər ki, bu cür prinsipial atmosferdə keçən müşavirələrdən sonra tənqid olunan sahələrdə vəziyyət düzəlib, həmin danlaq-dansağın nəsə bir nəticəsi olub. 

Bəli, keçmişdə  bu cür müşavirələr vaxtaşırı olurdu. Bu müşavirələrdən hazırlanan geniş reportajlar AzTV vasitəsilə geniş ictimaiyyətə təqdim olunurdu və ertəsi gün hər yerdə söhbət bu barədə gedirdi. Çoxları düşünürdü ki, bəzən yerindən ayağa qaldırılan, bəzən də xitabət kürsüsünə çıxarılan və məzəmmət olunan yüksək mənsəbli məmurlar ya tezliklə postlarından götürüləcəklər, ya da onlar bundan sonra yaxşı işləməli olacaqlar. 

Ancaq heç biri baş vermirdi. Bu müşavirələr uzağı, bir həftə ictimai müzakirələrin predmeti olurdu, sonra unudulub gedirdi. Elə məmurlar da ən çoxu bir ay ərzində fəaliyyətlərində nəsə bir dəyişiklik edirdilər, sonra bildikləri, vərdiş etdikləri kimi işləməkdə davam edirdilər.

Həmin şəxslərin hələ də vəzifə başında qalması göstərir ki, onlar indiyədək çox müşavirələr görüblər.

Bəs bu cür arxiv  videoları ilə, köhnə palan içi tökməklə nəyəsə nail olmaq, hədəfə götürülmüş yüksək vəzifəli şəxsləri "vurdurmaq” mümkündürmü? 

Mümkün deyil. Sarayda qəzet yazılarına, hamının neçə dəfə gördüyü köhnə lentlərə görə adam cəzalandırmırlar, amma yeni və məxfi lent yazılarına görə saraydışı edilənlər olur. 

Məsələn, ləğv olunmuş MTN-in sabiq şefi Eldar Mahmudov heç vaxt müşavirələrdə danlanmamışdı, amma aqibətini hamı gördü. Yaxud da adı qəzetlərdə yüz dəfə manşetlərdə gedən nazirlər var ki, hələ də iş başındadırlar.

Başqa şey fikirləşmək lazımdır, məsələn, mediaya daha yaxşı, daha tutarlı kompromatlar ötürmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq