General-mayor Zadir Rzayev vəfat edib

img

30-01-2010 [05:20]


Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsinin komandiri, istefada olan general-mayor Zadir Rzayev dünən axşam saatlarında uzun sürən ağır xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib. Bu barədə "MilAz" İA-ya generalın yaxınları məlumat verib. Qeyd edək ki, Z.Rzayev 1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. 1955-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandan hərbi məktəbini qırmızı diplomla bitirdikdən sonra leytenant rütbəsi alaraq Almaniyada yerləşən Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib. Yüksək hərbi göstəricilərinə görə o, Zaqafqaziya Hərbi Dairəsində - Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. 1971-ci ildə Moskvada M.F.Furunze adına Hərbi Akademiyaya daxil olub, 1975-ci ildə Ümumi Qoşun Akademiyasını bitirib, Zaqafqaziya Hərbi Dairəsinə alay komandir müavini, sonralar isə Bakı şəhərinə azərbaycanlı zabit kadrlarını yetişdirmək üçün BDU-nun hərbi kafedranın müdir müavini vəzifəsinə göndərilib. Burada polkovnik rütbəsinə ucalan Z.Rzayev kafedra rəisi vəzifəsinə təyin edilib. 1991-ci ildə vətənini erməni işğalçılarından azad etmək məqsədilə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sırasına yazılır. Təşəbbüsü ilə yaradılan N saylı hərbi briqadanın komandiri vəziyəsini yerinə yetirib. Yüksək sərkərdəlik məharətinə və döyüş bacarığına görə 1992-ci ilin oktyabrın 19-da prezidentin fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb. Həmin ilin noyabrında Bakıya çağırılaraq II korpusun komandir müavini vəzifəsinə, 1993-cü ilin iyun ayının 16-da isə Cəbhə Komandanı - Müdafiə Nazirinin Birinci Müavini vəzifəsinə təyin olunub. İstefaya göndərilənə kimi bu vəzifələrdə çalışıb. İstefaya göndərildikdən sonra ictimai fəaliyyətlə məşğul olub, "701 saylı hərbi hissənin veteranları" ictimai birliyinə rəhbərlik edib. Bu günlərdə Z.Rzayevin ağır xəstə olması barədə mətbuatda silsilə yazılar dərc olunurdu. Bu gün saat 14.00-a qədər yaşadığı mənzildə mərhumla vida mərasimi keçiriləcək. 14.30-da Z.Rzayevin cənazəsi son mənzilə yola salınacaq. Mərhum İkinci Şəhidlər Xiyabanında dəfn ediləcək. Dəfn mərasiminin 15.30-da başlaması planlaşdırılır. QHT-lərin "Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət" Koalisiyasına daxil olan ictimai qurumlar mərhumun yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR