Prosesləri qabaqlamayaq

img

05-11-2015 [17:33]


Bəzi vətəndaşlarımız görürsən tələsirlər, müəyyən prosesləri qabaqlamaq istəyirlər. Nəticədə həm özlərinə, həm ölkəmizdə aparılan kommunizm quruculuğu proseslərinə ziyan vururlar. Ata sözündə deyilən qaydaya əməl etmək lazımdır: "Bağban tələsər, armud vaxtında yetişər”. Düzdür, sonra həmin yetişmiş armudun yaxşılarının hansısa ayıya qismət olmaq ehtimalı çox böyükdür, ancaq nə qəm, əsas prosesdə iştirak etməkdir. Cecəyini yeyərik, şükür edərik. Bu dünyada armud cecəyi yeyən hər kəsin o biri dünyada cənnət armudu yeməsi mütləqdir. Müqəddəs kitablarda yazılıbdır.

Bax, tələsən yoldaşlardan bəziləri hazırda arzu edirlər ölkəmizdə gerçək parlament yaransın. Qanunverici orqan icra edici orqandan ayrı olsun. Müstəqil məhkəmə sistemi qayıraq. Ancaq soruşan lazımdır: "Nə ilə, Alış?”. (Bu məşhur bir anekdotdan çıxarışdır. Həmin anekdotda Alış adlı qoca kişi şuluqluq salan qonşu uşaqlarını pis söyür, bu zaman qarısı kədərlə baxıb yazdığımız cümləni səsləndirir). Əgər sənin bütün bu sistemləri normal axını ilə təchiz edəcək kadrların yoxdursa, insan azadlıqlarına, fundamental liberal dəyərlərə münasibətdə bir çox müxalifətçilər iqtidardakılardan fərqlənmirsə, nəyi dəyişdirmək arzusundasan? Necə deyərlər, "gedib İsveçrədən xalq gətirməyəcəyik”.

Dünən xəbər oxudum, dini komitənin müdiri Mübariz Qurbanlı falçılığın qadağan ediləcəyi haqda anons vermişdir. Mübariz müəllim də məncə çox tələsir, ehsan bozbaşını qadağan eləmək üzrə köklü islahatları tam bitirməmiş falçılara girişməsi düzgün deyildir. Bir də gördün falçılar cadu eləyib Mübariz müəllimin bəxtini bağladılar, onu Eldar Mahmudovun yanına göndərdilər. Hər yuvaya çöp uzatmaq olmaz. Üstəlik, falçılığı adiministrativ yolla necə qadağan eləmək olar? İnsan haqlarına ziddir. Mənim kefim istəyər, qoroskopa inanaram. Pulum çox olar, məzə üçün qonşu Güllübəyim xalaya 5 manat verərəm, deyərəm fala baxsın, görsün Dağlıq Qarabağ münaqişəsinin Paris prinsiplərinin Praqa danışıqlarının Ki Vest mərhələsinə uyğun həlli yolunda hansı işıq ucu görünür, kəhər atlarımız Novruzda Cıdır düzündə şıllaqlayacaqdırmı.

Minlərlə qadınlar, qızlar var, ümidlərini falçıya bağlayırlar, bu yolla ərə getmək istəyirlər. Yüzlərlə erkəklər müdir keçmək üçün dua yazdırırlar. Camaat universitetə qəbul yolunda iki istiqamətdə maya qoyur: repetitora və falçıya pul verirlər. İndi bunları zorla necə aradan götürəcəksən? Həm də bir şeyi qadağan eləmək çıxış yolu deyil. Alternativini, düzgün yolunu insanlara təqdim etməlisən. Bu varmı? Yoxdur. Falçılığın, ekstrasensliyin fırıldaq, dələduzluq olmasını təhsil yolu ilə, elmlə insanlara aşılamaq lazımdır. Təhsil sistemi, məktəblər cinayət yuvasıdır. Yapistlərin telekanalizasiyalarında hansısa elmi veriliş varmı? Elm nə kökə salınıb? Mələyin uçma sürətini hesablayan şarlatan-fiziklərin oylağına çeviriblər akademiyanı. Polis çavuşu elmlər doktorundan çox qazanan ölkədə falçılıq insanların yeganə işıq gələn nöqtəsidir. Bunu necə tıxaya bilərsən? Mümkün deyil.

Eyni zamanda, mən yapistlərin məntiqini də anlayıram. Azərbaycanda hər sahə inhisara alınıbsa, falçılıq niyə qıraqda qalsın? Onlar bizə xoşbəxt gələcək vəd edib cibimizə girirlər, evimizi yıxırlar, bəxtimizi bağlayırlar. Bu özü elə falçılığın, cadugərliyin, qara magiyanın bir növüdür. İradəsi zəifləri (oxu: uca millətimizi) tora salıb 22 ildir fırladırlar. Sən güclü olsan, ağıllı olsan hipnoz sənə nə edər?

"Speys” kanalında bir falçı aparıcı vardı, onu həbsə atdılar. İndi də ümumən peşəni qadağan etmək istəyirlər. Bir ara poçtalyonlar intihar edirdi. Dünən "Azərpoçt”un müdirini zindana salıblar. Demək, proseslər aşağıdan yuxarıya, fərdidən kütləviyə doğru gedir. Mane olmadan izləmək lazımdır. Şəxsən mən maraqla izləyirəm, qarışmaq fikrim yoxdur. Tamaşa zamanı başımı qatmaq üçün xeyli qarğıdalı da almışam. Hərdən qovururam, keçirəm ekran başına...


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq