Məmurlaşmış sənətkarlar

img

17-10-2015 [22:03]


Görəsən, hansı səbəbdən sənətkarlarımız elə ilk fürsətdəcə məmurlaşmağa üstünlük verir, məmur olmaq şansını əldən buraxmırlar? 

Bəlkə də onları qınamaq olmaz. Onlar məsələlərə çox praktik yanşırlar. Bizim camaatın sənət və sənətkar hərləmədiyini başa düşürlər və bilirlər ki, cibində deputat mandatı, əlində möhür, sinəndə ordendən, medaldan-zaddan olmasa, heç kim sənə sənətkar kimi hörmət etməyəcək. Dövlət deməlidir ki, filankəs yazıçıdır, filankəs bəstəkardır, filankəs rəssamdır. Camaatda da bundan sonra təsdiq etməlidir - düz buyurursunuz, filankəs doğurdan da sənətkardır! 

Yoxsa camaatın işi-gücü var, vacib işlərlə məşğuldur. Həvəsləri yoxdur ki, özləri oxusunlar, araşdırsınlar, müzakirə aparsınlar və özləri-özlərinə sənətkar seçsinlər. Bu, başdan-ayağa zülmdür, boş yerə vaxt itirməkdir. Həm də, heç bir mənfəət-filan da yoxdur. Ən yaxşısı odur ki, hökumət özü sənətkar müəyyən edir, sənətkarın həqiqiliyini, qorxulu adam olmadığını möhürlə, mandatla, ordenlə təsdiqləyir, camaat da həmin adama sənətkar kimi hörmət edir. 

Bu cür yanaşma hər iki tərəfə sərf edir. Hakimiyyət özünü təriflətdirmək üçün adam tapır, camaatın da canı özünə sənətkar seçməkdən qurtarır. Keçmişdə necə idi? 

Şair padşahın xoşuna gələndə, şairə ənam verirdi. Deyirdi ki, məni istəyirəm şairə ənam verilsin. Yan-yörəsindəkilər - vəzirlər, vəkillər, əyanlar da öz səxavətlərini nümayiş etdirirdilər. Onlar da öz növbələrində şairə ənam verirdilər. 

Şeir şahın xoşuna gəlməyəndə cəlladı çağırırdı və deyirdi ki, aparın bu axmağın boynun vurun, ağlı başına gəlsin. Ya da deyirdi ki, aparın atın quyuya, qoy orda it kimi ulasın. 

Doğurdan da bizim adamların sənətin nə demək olduğunu, sənətin vacibliyini, zəruriliyini anlamasına hələ çox var. Hər şeydən əvvəl sənət dünyasından və sənətkardan, yazıçıların, rəssamların, bəstəkarların həyatından bəhs edən beş yüz əsər tərcümə olunub, dövriyyəyə buraxılmalıdır. Bəlkə bundan sonra sənət və sənətkarın nə olduğunu az da olsa, dərk edələr. 

Deməli, hələ ki, sırf sənətkar kimi ölkədə hörmət qazanmaq çətin məsələdir. Ona görə də, sənətkarlarımız daha praktik vasitəyə üstünlük verirlər - məmurlaşırlar. Bəlkə də onlar elə əvvəldən məmur olmaq arzusunda imişlər, sadəcə, sənətlə məşğul olmaq məmurluğa, kresloya, möhürə, mandata doğru gedən bir yol, bir vasitə imiş. Üzr istəyirəm, elə bir mövzuya toxunmuşuq ki, burda "bəlkə" sözünü tez-tez işlətmək məcburiyyətindəyik. 

Dayanmayaq. Davam edək. Əlbəttə, sənətkarın məmurlaşması çox maraqlı prosesdir. Məmurlaşan sənətkarlar möhürlə, kreslo ilə, orden-medalla qane olmurlar. Onlar həm də dinləyici, tamaşaçı, oxucu, bir sözlə, auditoriya axtarırlar, diqqət istəyirlər. İstəyirlər ki, onlara baxsınlar, onları dinləsinlər, onları oxusunlar. Əgər sənət məmurluğa gedən bir yol idisə, indi də məmurluq onların yaradıcılığına adamlarda diqqət oyatmaq üçün vasitə olmalıdır. Beləliklə, maraqlı vəziyyət yaranır, "şou" başlayır. Onlar ölkədə baş verənlərə münasibət bildirə, ölkədə baş verənləri öz yaradıcılığında göstərə bilməzlər. Çünki bu onların tutduğu vəzifəyə, nəinki vəzifəyə ümumiyyətlə situasiyaya uyğun gəlmir. Əgər reallıq hissini itirib, çaşıb nəsə "quş" buraxsalar, əlindəki möhürü, altındakı kreslonu, sinəsindəki ordeni, medalı alarlar, dalına da bir təpik vurub deyərlər: "Get, nə qədər istəyirsən sənətlə məşğul ol". Onlar da bir günün içində bütün hörmətlərini itirərlər. 

Camaatımız da bu kimi proseslərdə çox həssasdır. Yuxarıdan ötürülən hər bir mesajı çox ustalıqla tutur. Qılıncların siyirib hazır dayanıblar. Baş kəsməyə adam axtarırlar. Həm də özlərin elə aparırlar ki, guya haqq sözü deyən ziyalıya ehtiyacları var. Çox qəliz situasiyadır. Baş açmaq olduqca çətindir. Məhşur bir qadının dediyi kimi: Hər dəqiqəsi "opasnıdır". 

Burda həm sənətkar kimi tanınıb, həm də məmur kimi hörmət qazanmaq adamdan yüksək səviyyədə peşəkarlıq, ustalıq, çeviklik, dərin həyat tərcübəsi tələb edir. Adi bir səhv faciələrlə nəticələnə bilər. 

Bəs nə etməli? Çıxış yolu nədədir? Necə etmək lazımdır ki, nə şiş yansın, nə kabab? Necə edəsən ki, yazdıqların həm xalqın ürəyincə olsun, xalqın ürəyinə toxunsun, həm də yuxarıdakıların xoşuna gəlsin? 

Olduqca maraqlı suallardı. Adətən məmurlaşan sənətkarlar özləri-özlərindən müsahibə alanda müsahibənin sonunda jurnalistə maraqlı suallara görə təşəkkürlərini də bildirib, belə cümlələr işlədirlər: "Maraqlı suallara görə sizə təşəkkür edirəm. Maraqlı suallara görə çox sağ olun". 

Sonra da özləri-özlərindən aldıqları müsahibələri təsir dairələrində olan qəzetlərə, jurnallara, saytlara göndərirlər. Görürsünüz, həm sənətkar kimi tanınmaq, həm də məmur kimi hörmət sahibi olmaq necə çətindir? 

Belə çətin və qəliz vəziyyətdə məmurlaşan sənətkarlar öz yaradıcılıqlarında, çıxışlarında, müsahibələrində mövzu kimi tarixi hadisələrə (Hadisə nə qədər uzaq olsa, bir o qədər yaxşıdır. Yaxın hadisələrdən danışanda gərəkdir öz mövqeyini ciddi əsaslandırsan), Təbriz, İrəvan, Qarabağ, Dərbənd, Yəmən, türkmənlərin həsrətinə, "Sarı gəlin" və dolma "müharibələrinə", aparıcıların dilimizi korlamasına, sevgiyə, Borxesə, Danteyəzada müraciət etmək məcburiyyəti qarşısında qalırlar. 

Konkret misallar gətirsək daha yaxşı olar. Məsələn, məmurlaşan sənətkarlardan biri Borçalı məktəblərinin ağır və dözülməz vəziyyətindən palaz boyda bir yazı yazıb, yazıda öz ürək yanğısını gen bol ifadə etmişdi. Sırtıq, həyat tərcübəsi olmayan cavan bir yazar axmaqlıq edərək həmin məmurlaşan sənətkara belə bir sual vermişdi: Borçalı məktəblərinin ağır vəziyyətindən yazmaq çox asandır, bəs doğulduğunuz rayonun ağır vəziyyətdə olan məktəbləri haqqında niyə yazmırsınız? 

Məmurlaşan sənətkar bu axmaq suala müdrikcəsinə susmaqla cavab vermişdi. Əslində isə onun cavabı çox aydın idi: Bala, sən hələ uşaqsan, vaxt gələr özün hər şeyi başa düşərsən... 

Başqa bir misal. Məmurlaşan sənətkarlardan biri axmaq bir hekayə yazmışdı. Hekayədə deyilirdi ki, guya qədim bir tütəyi hansısa xarici muzeyə satıblar və tütək o muzeydə həsrətdən gecələr öz-özünə "Sarı gəlin" mahnısı çalır. Sırtıq, həyat tərcübəsi olmayan bir uşaq isə hekayənin müəllifinə belə bir axmaq sual vermişdi: Əgər qədim tütək xarici muzeyə satılıbsa bu kimin günahıdır? Bu sual da cavabsız qalmışdı. 

Məmurlaşan sənətkarlar öz yaradıcılığına diqqət oyatmaq, yaradıcılıqlarının aktuallığını və fövqəlliyini camaata təqdim etmək üçün tutduqları mövqedən, inzibati resurslardan istifadə etməkdədirlər. Tabeliyində olan adamlara, daha dəqiqi, çörək verdikləri adamlara özlərini təriflədirlər. Təriflədirlər deyəndə, bir az pis çıxır. Zatən çörək verdikləri adamlar nəyi necə etməyi yaxşı bilirlər. Bu iş sizə asan gəlməsin. Lakeyin lakeyi olmaq çox çətin bir işdir. Özünü elə göstərməlisən ki, guya sən intellektual lakey, şəxsi mirzə, Şeyx Nəsrullahın Şeyx Əhmədi deyilsən. Guya sən onun vəzifəsinə görə onun yaradıcılığına hörmət etmirsən. Guya sən ona yaltaqlanmırsan. Sən doğrudan da onun yaradıcılığına böyük hörmət edirsən. Bu yaltaqlığı, intellektual lakeyliyi ört-basdır edib və bunu yaradıcılığa həqiqi hörmət kimi təq-dim etmək adamdan xeyli əziyyət tələb edir. Sən nə qədər terminlər işlətməli, nə qədər isimlərə müraciət etməlisən. 

Məmurlaşan sənətkarlar hər yoldan ötənə etimad göstərmirlər. Lakeyin lakeyi olmaq istəyənlər gərək özlərini yaxşı aparsınlar. Onlar göstərməlidirlər ki, onlara çörək verəndə, qabaqlarına sümük atanda özlərini daha da yaxşı aparacaqlar və yaltaqlıq sənətinin incəliklərini daha dərindən mənimsəyəcəklər. Sadəcə, onların praktikaları çatışmır, yaltaqlıq sənətinin incəliklərini mənimsəmək üçün peşəkar mütəxəs-sisə ehtiyacları var. Adam hər şeyi incəliyinə qədər özü öyrənə bilməz. Gərək daha tərcübəli bir şəxs yol göstərsin, başa salsın. 

Lakeyin lakeyi olmağın başqa bir çətinliyi də var. Lakeyin lakeyi olmaq istəyənlərin sayı həddindən artıq çox olduğuna görə, bu sahədə amansız rəqabət hökm sürür. Üstəlik, bir çox sahələrdə növbədə dayan-mağı bacarmayan adamların burda da növbəyə durmağa səbrləri çatmır. Basabas yaranır. Rəqabət qanlı vuruşmaya çevrilir. Bir də görürsən ki, cavan bir uşaq ağsaqqal-qarasaqqal deməyərək növbəni pozur, altdan-üstən girir, sürünür və özünü növbənin qabağına atır, qarışıqlıq yaradır. Təbii ki, onun bu canfəşanlığı lakeyin lakeyi olmaq istəyənlərin haqlı narazılığına səbəb olur. Onlar narazı səslə deyirlər: A bala, bir mərifətin, qanacağın olsun, görmürsən camaat burda neçə vaxtdır növbədə dayanıb?.. 
Kimə deyirsən, cavan uşaq bu qınaqları vecinə də almır. Heç kimi qınamalı deyil. Vaxt keçir, gərək "dvijeniya" eləyəsən. 

Məsələn, bu yaxınlarda hələ kitabı nəşr olunmamış və cəmisi iki-üç hekayə yazmış bir adamın müsahibəsini oxudum. Adam prosesə çox yaxşı başlayıb. Müsahibəsində az qala bütün məmurlaşmış sənətkarlara, iri çaplı lakeylərə öz hörmətini peşəkarcasına izhar etmişdi. Bir müsahibədə göstərmişdi ki, bu hörmət onların möhürlərinə, kreslolarına, vəzifələrinə görə deyil, yalnız və yalnız sənətlərinə görədir. 

Gəlin razılaşaq ki, bir müsahibədə belə ustalıq nümayiş etdirmək olduqca çətindir. Adamın peşəkarlığına mat qaldım. Görəsən, bu adam yaltaqlıq sənətinin incəliklərini harda belə dərindən öyrənib? Bu cür kadrlara mütləq etimad göstərmək lazımdır. Əgər bu adam yaltaqlıq sənətində mənimsədiyi peşəkarlığın onca faizini öz hekayələrində istifadə etməyi bacarsa, lap yaxın zamanlarda böyük bir yazıçının ortaya çıxmasının şahidi olacağıq və ədəbiyyatımız xeyli inkişaf edəcək. Təbii ki, belə peşəkar yaltağın qəfil ortaya çıxması köhnə qurdların, növbədə çoxdan dayananların dərin nifrətinə səbəb olacaqdır. Lakeyin lakeyi olmaq üçün çoxdan növbədə dayananlar təzə gələnin peşəkarlığını həzm edə bilməyəcəklər. Onu bir yolla zərərsizləşdirməsələr yaxşıdır. Çox həyacanlıyam və bu adama görə çox narahatam. 

Təbiətdə bir çox canlıların qənimi, düşməni olduğu kimi məmurlaşmış sənətkarların da düşməni var. Bu düşmənin adı sənətkarlaşmış məmurlardır. Bəli, bəli, bəli, çox düzgün anladınız. Tamamilə doğrudur. Afərin sizə! Sənət məmurlaşmaq üçün bir vasitə olduğu kimi, məmurluq da sənətkar olmaq üçün bir va-sitədir. Sənətkar məmur olmaq üçün sənəti necə istifadə edirsə, məmur da yazıçı, bəstəkar, rəssam, şair olmaq üçün öz möhründən, öz kreslosundan, vəzifəsindən eləcə yararlanır. 

Günlərin bir günü məmur istedadlı olmağına inanır və bəstəkar, şair, rəssam, yazıçı olmaq qərarına gəlir. Onun bu qərarı ətrafındakılər tərəfindən gurultulu alqışlarla qarşılanır. Axı, niyə gurultulu alqışlarla qarşılanmasın? Sümük varsa, qapan mütləq tapılacaq. Özü də o qədər qapan tapılacaq ki, göyə atılan sümük heç yerə düşməyəcək. Hamının balası var. Birtəhər yolun tapıb bu balaları yemləmək, geyindirmək, böyütmək, adam arasına çıxartmaq lazımdır. Gərək çox çevik olasan. Bir balaca ləng oldunsa evin yıxıldı. Göyə atılmış sümüyə doğru o qədər ağızlar tullanır ki, bəzən adamlar hisslərinə hakim ola bilmirlər. Qanlı vuruşmaya girirlər. Bir-birlərinin boğazlarını gəmirirlər

Məmurlaşmış sənətkarlar sənətkarlaşmış məmurlara nə qədər dərindən nifrət etsələr də, bu nifrətlərini gizli saxlamaq məcburiyyətindədirlər. İndi onların halını özünüz təsəvvür edin. Bir adama nifrət edirsən, amma sən özünü elə göstərməlisən ki, guya onu sevirsən. Nifrəti sevgi kimi göstərmək adamdan dəhşətli dərəcədə böyük enerji, səbir, peşəkarlıq, həyat tərcübəsi tələb edir. 
Sənətkarlaşmış məmurun yaradıcılığı bəlli səbəblərdən qısa zamanda böyük diqqət qazanır. Bu da məmurlaşmış sənətkarın dərin nifrətinə səbəb olur. Lakin yuxarıda qeyd etdiyimiz kimi, öz nifrətini zərrə qədər də büruzə verməməlidir, səsin çıxara bilməz. 

Bu hələ harasıdır? Daha ağır proses var. Bir çox hallarda sənətkarlaşmış məmurlar qısa zamanda nə qə-dər diqqət qazansalar da, bu, onları qane etmir. Sənətkarlaşmış məmurlar məmurlaşmış sənətkarlardan öz yaradıcıqları barədə xoş sözlər deməyi, yazılar yazmağı incə jestlərlə tələb edirlər. 
Məmurlaşmış sənətkarın nifrət edə-edə sənətkarlaşmış məmurun yaradıcılığı haqqında müsahibələrin-də, çıxışlarında, məclislərdə xoş sözlər söyləməsinin necə ağrılı bir proses olduğunu da zəhmət çəkib özünüz təsəvvür edin. Hər şeyi sizin əvəzinizdən mən təsəvvür etməli deyiləm ki... Zəhmət çəkin, bəzi şeyləri özünüz təsəvvür edin. İnsaf dinin yarısıdır... 

Nə bilim, bəlkə də məmurlaşmış sənətkarlar haqqında yenə də yüksək fikirdəyəm. Bəlkə də məmurlaşmış sənətkarlar sənətkarlaşmış məmurların yaradıcılığı haqqında xoş sözlər deyərkən heç bir ağrı-filan hiss etmirlər. Bəlkə də məmurlaşmış sənətkarlar sənətkarlaşmış məmurlar haqqında xoş sözlər deyər-kən özləri də xoş hisslər keçirirlər. Hər şey ola bilər. Hər şeyi dəqiqliklə bilmək mümkün deyildir. Axı yuxarıda da qeyd etdik, elə bir mövzuya toxunmuşuq ki, "bəlkə" sözündən tez-tez istifadə etmək məcburiyyətindəyik.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq