Millətin kəndli balaları

img

27-06-2015 [11:50]


Azərbaycanda təhsilin səviyyəsi barədə nəsə demək üçün xüsusi ekspert rəyinə, uzunmüddətli araşdırmaya ehtiyac yoxdur. Orta statistik Azərbaycan gəncini danışdırsan, qabında nə olduğunu bilmək olar.

Amma son illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi imtahanların nəticələri lap ağ edir. Birdən mənə elə gəlir ki, ya bu TQDK qəsdən çətin suallar qoyur, dərsliklərdən kənara çıxır, ya da bizim uşaqlar imtahan stressinə düşürlər. Normal ölkələrdə heç kimin ağlına gələ bilməz ki, 11 illik təhsildən sonra imtahan verən şagirdin yarısı "2" və "3" alsın. Özü də ana dilindən "2" almaq biabırçılıqdır. Yəni, Azərbaycanın 11 illik təhsil sistemi şagirdə öz ana dilini belə öyrədə bilməyib...
İndiyə kimi oxuduqlarım və eşitdiklərimə görə, əvvəllər kənd uşaqları daha çox savadlı olublar. Təmiz dağ havası, keyfiyyətli qidalar və nə bilim daha nələr, onların daha savadlı olmalarına dəlalət edib. Elə buna görə də ali təhsil alan gənclərin çoxu kəndlərdən çıxırmış. Amma deyəsən, indi vəziyyət dəyişib. Son illərin statistikasına nəzər yetirsək, görərik ki, ən pis nəticə kənd məktəblərinin məzunlarına aiddir. Uzağa getmək lazım deyil. Konkret faktı diqqətinizə çatdırım. Adının çəkilməsini istəməyən etibarlı mənbəyə, filana da istinad eləmirəm. Dövlətin rəsmi qurumunun elan etdiyi statistikaya əsaslanıram.

Deməli, TQDK 9 və 11-ci sinif şagirdlərinin ayrı-ayrı fənlər üzrə iyunun 16-da keçirdiyi imtahanın nəticələrini açıqlayıb. Qeyd edək ki, imtahanlar Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün keçirilib. IX siniflərdə buraxılış imtahanları test üsulu ilə "Ana dili" və "Riyaziyyat" fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub.

Nəticələr biabırçı səviyyədədir. Belə ki, 9-cu sinif şagirdlərinin 40.14%-i "Ana dili"ndən "2", 40.25%-i "Riyaziyyat"dan "2", 41.08%-i "Ana dili"ndən "3", 37.11%-i "Riyaziyyat"dan "3", 12.85%-i "Ana dili"ndən "4", 15.44%-i "Riyaziyyat"dan "4", 5.93%-i "Ana dili"ndən "5", 7.20%-i isə Riyaziyyatdan "5" alıb.

11-ci sinif şagirdlərinin 32.43%-i "Ana dili"ndən, 35.03%-i "Riyaziyyat"dan, 29.20%-i "Xarici dil"dən, 23.23%-i "Kimya"dan "2" alıb. Şagirdlərin 36.81%-nin biliyi "Ana dili"ndən "3", 32.50%-i "Riyaziyyat"dan "3", 50.62%-i "Xarici dil"dən "3", 60.24%-i "Kimya"dan "3"lə qiymətləndirilib.
Bu da kəndçi balasının gələcəyi. Düzdür, analoji vəziyyət şəhər məktəblərində oxuyub imtahan verən şagirdlərdə də var. Amma kənddə böyüyən gələcək nəsilin durumu daha ağırdır. Deməli, kənddə yaşa-yan kasıb ailələrin uşaqları bərbad təhsil sisteminin qurbanına çevrilməkdədirlər. Kənd təsərrüfatı da inkişaf eləməyib ki, gedib traktorçu, kombaynçı, çoban, suçu, pambıqyığan, yerbelləyən olsunlar.

Yəni, bu məmləkətdə kədli balalarına çörək yoxdur. Mustafa Kamal Atatürkün yaxşı bir sözü var: "Köylü milletin efendisdir". Görəsən, bizim ölkədə kəndli millətin nəyidir?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq