Nadir şah Əfşar: diplomatik sənədlər aynasında!

img

15-06-2015 [13:35]


Gövhər Baxşəliyeva,

Millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru

****

Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə

Abad olub, azad olub mülki-İran, Azərbaycan!

M.H.Şəhriyar

Bu günlərdə Vətən tariximizin ən şərəfli səhifələrindən biri ilə bağlı tarix elmimizə yeniliklər gətirən çox maraqlı əsərin təqdimatında iştirak və çıxış etdim. Şərq-Qərb nəşriyyat Evi tərəfindən cari ildə nəşr olunan "Nadir şah Əfşar: Diplomatik yazışmalar” kitabı Azərbaycan xalqının böyük dövlət xadimi, görkəmli sərkərdə, dövlət quruculuğu, türk birliyi sahəsində strateji ideyaların daşıyıcısı, Əfşar sülaləsinin əsasını qoymuş Nadir şahın Azərbaycan və İran dövlətçiliyi tarixində oynadığı rola həsr edilib. AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında hazırlanmış bu kitaba böyük Əfşar dövlətinin banisi Nadir şah Əfşarın diplomatik irsi-məktublarının tərcüməsi və faksimilesi toplanmışdır. Fars dilindən tərcümə, nəşrə hazırlayan və qeydlərin müəllifi Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlıdır.

Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik Ramiz Mehdiyevdir. Görkəmli alim və dövlət xadimi kitaba yazdığı "Elmi redaktordan” adlı, əslində isə müstəqil elmi araşdırma olan girişdə Nadir şah Əfşarın fəaliyyətini dövlətçilik baxımından dəyərləndirmək sahəsində yenidən mühüm addım atmış və azərbaycançılıq məfkurəsi nöqteyi-nəzərindən Nadir şah Əfşarın şəxsiyyətinə yenidən baxmışdır.

Öncə qeyd edim ki, akademik Ramiz Mehdiyevin son illər milli tariximizlə bağlı nəşr etdirdiyi çoxsaylı əsərlər – "Gorus 2010: absurd teatrı mövsümü”, "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, "Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində”, "Şah İsmayıl Səfəvi ali məramlı şəxsiyyət kimi”, "Tarixi idrakın elmiliyinə dair”, "Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçü portreti”, "Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” - milli tariximizin ətraflı və obyektiv araşdırılmasına mühüm töhfələr verir və bu sahədə mövcud bir çox boşluqları doldurur. Ən vacibi isə hörmətli akademik tərəfindən Vətən tariximizin yeni, azəbaycançılıq işığında araşdırılmasıdır. Nəzərə alınsa ki, bu gün xalqımız hələ ərazi bütövlüyünü bərpa etmək üçün bədnam qonşularımızla bütün cəbhə boyu gərgin mübarizə aparır, 70 il sovetlər dönəmində tarix elmimiz dar ideoloji təzyiq altında olub və tariximizin bir çox şanlı səhifələri qonşu xalqlara mənsub alimlər tərəfindən özününküləşdirilib, bu araşdırmaların əhəmiyyəti daha aydın dərk edilər və onların əslində milli təəssübkeşlikdən irəli gəldiyi aydın olar.

Kitabı oxuyarkən ilk təəssüratım o taylı, bu taylı Azərbaycanımızın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın yazının əvvəlinə çıxardığım iki misrası oldu. Əsrlərlə indi İran adlanan ərazidə soydaşlarımız böyük dövlətlər yaradıb, onları parçalanmaqdan qoruyub, yadellilərə sinə gərərək yaşadıb, ərazisini xeyli genişləndirib, dövlətçiliyini xilas edib. Şah İsmayıl Xətaidən başlayaraq, ta Rza şah Pəhləvi 1925-ci ildə şahlıq taxtına çıxanacan burada böyük dövlətlər yaradan Səfəvilər, Əfşarlar, daha sonra Qacarlar kimi Azərbaycan türkləri tərəfindən idarə edilib.

Nadir şah dövləti rus, əfqan və Osmanlı işğalından təmizlədi, Səfəvi dövlətinin ərazisini bərpa elədi və genişləndirdi, dövlətin şərəf və ləyaqətini qoruyub saxladı.

Qısa müddət ərzində son dərəcə məhsuldar hərbi, siyasi, dövlət quruculuğu ilə məşğul olmuş böyük dövlət xadimi və sərkərdə Nadir şah Əfşar, girişdə də qeyd
edildiyi kimi, indiki Azərbaycan və İranın ən görkəmli şəxsiyyətlərindən biri və bəzilərinin fikrincə, islamdan sonra ən görkəmli şəxsiyyəti hesab olunur.

Nadir şah Azərbaycan, İran və dünya tarixşünaslığında ən çox diqqət mərkəzində olan şəxsiyyətlərdən biridir. Nadir şahın şəxsiyyəti, siyasi, hərbi və digər sahələrdə fəaliyyətinin tarixşünaslığı 1730-cu ildən saray tarixçisi olan Mirzə Məhəmməd Mehdi Astrabadinin «Tarixe cəhanqosaye Naderi» (Tarix-e Naderi) salnaməsi və «Dorrəye Naderi» icmal xülasəsi, Məhəmməd Kazım Vəzire Mərvinin «Aləmaraye Naderi» müfəssəl tarixi, rəvayət, xatirə xarakterli əsəri ilə başlanır.

Bu sahədə yeni mərhələ XX əsrin 40-cı illərində başlayır, mənbə xarakterli əsərlər çap edilir və onların əsasında yeni kitablar yazılır.

İslam inqilabına qədərki yazıların əsas xüsusiyyəti təsviri, informativ yükdaşıması, hadisələrə ixtiyari və qeyri-elmi yanaşmanın aparıcı rol oynaması idi. Həmin yazılar daha çox Nadir şah, onun dövrü, fəaliyyətinin müxtəlif aspektləri haqqında ictimaiyyətin formalaşmasına xidmət edirdi.

İran İslam inqilabından sonra ictimai elmlər, o cümlədən tarixşünaslıq və onun konkret bir obyekti olan Nadir şah Əfşar və Əfşar sülaləsinin hakimiyyəti dövrü tarixşünaslığı özünün yeni və əslində həqiqi elmi mərhələsinə qədəm qoydu. Təbiidir ki, həmin dövr, onun müxtəlif sahələri, Nadir şahın şəxsiyyəti, fəaliyyəti və s. haqqında müxtəlif səpgili, xarakterli, yönümlü, səviyyəli, həcmli yazılar, əsərlər, tədqiqatların sayı və miqyası genişlənməyə başladı. Qeyd etmək lazımdır ki, həmin iri həcmli kitablarda inqilabdan əvvəlki yanaşma tərzi üstünlük təşkil edirdi, bununla belə artıq elmi yanaşma ilə yazılmış kitablar meydana gəlirdi.

İnqilabdan sonra Nadir şah haqqında tarixşünaslıqda əsas yenilik onun fəaliyyətinin, dövrünün və s. əsas xüsusiyyətlərinin elmi araşdırmaların obyektinə çevrilməsi olmuşdur. Elmi tədqiqatların miqyasının genişlənməsi Nadir şahın şəxsiyyəti, fəaliyyəti, dövrü haqqında yeni, elmi, obyektiv baxışların formalaşmasına zəmin yaradır. Hazırda isə Nadir şah və onun hərbi, siyasi, ictimai və sair sahələrdə fəaliyyətinə İranda iki bir-birinə zidd baxış və yanaşma mövcuddur: «İran» dövlətinin müstəqilliyinin bərpa etdiyinə, xarici işğalçıları ölkədən çıxardığına, dövlətin ərazisini genişləndirdiyinə görə milli xilaskar kimi əfsanələşdirilir, hakimiyyətinin sonlarına doğru davranışında meydana gələn mənfi cəhətlər – səbəbi göstərilmədən, onun göstərişi ilə həyata keçirilən sərt cəzalar və s. görə qaniçən, zalım kimi təqdim edilir. Hərçənd çoxları bu iki yanaşmada İranın milli maraqlarını nəzərə alaraq, onun dövlət qarşısında xidmətlərindən çıxış edərək ikinciyə xüsusi diqqət yetirməməyi zəruri hesab edirlər. Ona görə də Nadir şahı əfsanəvi qəhrəman yox, islamdan sonra İran tarixinin ən böyük şəxsiyyətlərindən biri, bəzən də ən böyük şəxsiyyəti hesab edirlər.

İranda Nadir şahla bağlı tarixşünaslığın yeni xüsusiyyətlərindən biri son zamanlarda onun yaratdığı dövlətin etnik-milli xüsusiyyətlərinin araşdırılmağa başlaması ilə bağlıdır. İran tarixşünaslığında Nadir şahın etnik mənsubiyyəti şübhə altına alınmasa da, İran dövlətçiliyinə əvəzsiz xidmət göstərdiyi əsas xətt kimi keçir. Lakin son zamanlar İranda, elmi şəkildə, çox güman ki, azərbaycanlılar tərəfindən, Nadir şahın yaratdığı dövlətin etno-milli cəhətdən türk və Azərbaycan dövləti olduğu araşdırılır, İranda bundan əvvəl də Əfşar sülaləsinin türk tayfalarından biri olduğu, ondan əvvəl və sonra hakimiyyətin türk sülalələri əlində cəmləşdiyini farslar və azərbaycanlılar yaxşı bilsə də, açıq şəkildə bu elmi araşdırma və mübahisə mövzusuna çevrilməmişdi.

İslam inqilabından sonra azərbaycanlılar həmin məsələyə daha geniş diqqət yetirmiş, öz yazılarında məsələnin həmin cəhətini vurğulamışlar. Son zamanlarda həmin məsələ elmi araşdırmaların obyektinə çevrilmiş və araşdırmaların nəticələri elmi jurnallarda və elmi yazılar yerləşdirilən saytlarda özünə yer almışdır.

Bütün bunlar Nadir şah Əfşarın şəxsiyyəti, siyasi, hərbi, mədəni və s. sahələrdə fəaliyyətinin elmi əsaslarla araşdırılmağa başlandığını və Nadir şah haqqında elmi tarixşünaslığın yaranmağa başladığını deməyə əsas verir.

Bu mənada akademik Ramiz Mehdiyevin tədqiqatında Nadir şah Əfşar şəxsiyyətinə və onun yaratdığı dövlətə yeni konseptual baxış milli tariximizin obyektiv araşdırılmasında əvəzsiz rol oynayır və Azərbaycan xalqının strateji maraqlarından irəli gəlir.

Nadir şah Əfşar türklərin/azərbaycanlıların Əfşar tayfa ittifaqının nümayəndəsidir. Əfşarların türk/Azərbaycan tayfalarından biri olması bəzi istisnalar nəzərə alınmasa, dünya tarixşünaslıq elmində mübahisə obyekti olmasa da, elmi redaktor bir daha elmi və obyektiv yazılar və mənbələrə istinad edərək onların türk/Azərbaycan mənsubiyyətinə şübhə yaranmasına heç bir əsas olmadığını vurğulamağı özünə borc bilir. Akademik Nadir şahın siyasi səhnəyə çıxaraq qüdrətli bir sərkərdə, siyasi xadim, dövlət qurucusu missiyasını öz üzərinə götürməsinin təsadüfi bir hadisə olmadığını, bunun Əfşar tayfasının siyasi, hərbi və mədəni həyatda oynadığı rol ənənəsindən irəli gəldiyini tayfanın nümayəndələrinin qeyd edilən sahələrdə fəaliyyətinə ötəri nəzər salmaqla ciddi şəkildə əsaslandırır.

Müəllif Əfşar tayfası və onun ən görkəmli nümayəndəsinin etno-milli ənənələrə, ana dilinə bağlılığına, etnik mənsubiyyətlərinin qürur mənbəyi olduğuna xüsusi diqqət yetirir. Akademik Nadir şahın sosial mənsubiyyəti haqqında fikirləri nəzərdən keçirərək onun xalq arasından çıxmış, öz bilik, bacarığı sayəsində ən yüksək səviyyəyə çatmasını xüsusi qeyd edərək, onu gənclərimiz üçün ən dəyərli örnək hesab edir.

Nadir şah öz bacarıq və biliyini nümayiş etdirmək üçün həmin dövrdə meydana gəlmiş şəraitdən maksimum istifadə edərək hərbi dəstənin qeyri-formal başçısından, kiçik bir əyalət başçısına, daha sonra böyük ərazinin başçısı, öz müstəqilliyini bərpa etmək uğrunda müxtəlif siyasi, hərbi qüvvələrdən dəstək almağa çalışan sərgərdan səfəvi şahı II Təhmasibin baş komandan vəzifəsinə qədər yüksəlir. Müəllif Nadir şahın keçdiyi yola qısa nəzər salaraq həmin yüksəlişin qəhrəmanın şəxsi keyfiyyətləri sayəsində mümkün olduğunu xüsusi vurğulayır.

Elmi redaktorun ön sözündə Nadir şahın səfəvi dövlətinin – Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, itirilmiş torpaqların qaytarılmasında göstərdiyi hərbi, siyasi, diplomatik səyləri yüksək qiymətləndirilir.

Müəllif Nadir şahın yeni hakim sülalənin əsasını qoyması, artıq dövlət başçısı qismində gördüyü və planlaşdırdığı hərbi, dövlət quruculuğu, siyasi-dini sahədə fəaliyyətinə nəzər salaraq onun zamanın tələbləri səviyyəsində durmağa səy

göstərməsi, regional ziddiyyətlərin aradan qaldırılmasına çalışmasına xüsusi diqqət yetirir.

Strateji düşüncə tərzinə malik olan Nadir şah Səfəvi dövlətinin Qərbdə (Osmanlı) və Şərqdə (Özbək, Moğol imperiyası) münasibətlərinə gərginlik əlavə edən dini-ideoloji faktorun aradan qaldırılmasına xüsusi önəm vermiş və həmin sahədə geniş fəaliyyət göstərmişdir. Elmi redaktor Nadir şahın bu sahədə fəaliyyətinin dövrümüz üçün də öz aktuallığını itirmədiyini xüsusi vurğulayır. Belə ki, bu gün də regional birlik və inteqrasiya, islam dünyasının ən ümumi maraqlar əsasında birliyinə böyük ehtiyac vardır. Nadir şah uzaqgörən dövlət xadimi olaraq dövrünün yeni çağırışlarını çox yaxşı bilir və onlara cavab vermək üçün lazımi tədbirlər görməyə çalışırdı. Böyük dövlət yaratmış Nadir şah belə dövlətin qurudakı uğurlarla kifayətlənməli olduğunun gələcək üçün təhlükə mənbəyinə çevrilməsini yaxşı anlayırdı. Məsələnin həmin cəhətinə xüsusi diqqət yetirən akademik R.Mehdiyev haqlı olaraq qeyd edir ki, avropalıların artıq nəinki uzaq dənizlərdə, eləcə də İranın cənubunda – İran körfəzində möhkəmlənməsinin gələcək təhlükələrini yaxşı görən Nadir şah Azərbaycan və İranın tarixində ilk dəfə olaraq hərbi dəniz donanması yaratmağa başlamışdı. Nadir şah, müəllifin də qeyd etdiyi kimi, yaxşı bilirdi ki, onun dövründə dənizlərə çıxmadan dünya dövlətinə çevrilmək qeyri mümkündür. Nadir şahın həmin sahədə fəaliyyəti Azərbaycan dövlətçiliyi sahəsində tamamilə yeni bir hadisə idi.

Müəllif qeyd edir ki, Nadir şahın bütün fəaliyyəti dövlətçiliyin və dövlətin güclənməsinə xidmət edirdi, ona görə də sonralar onun ziddiyyətli hesab edilən, geniş qınaq obyektinə çevrilən bir sıra tədbir və həmfikirlərini də həmin prizmadan dəyərləndirmək lazımdır. 

Nadir şaha həmin mövqedən yanaşan akademik R.Mehdiyev Nadir şaha "irad" hesab edilə biləcək hərəkətlərini tarixi şərait, zamanın tələbi və ənənə ilə aydın şəkildə izah edərək onun böyüklüyünə kölgə salınmasına qarşı tutarlı dəlillərlə kəskin şəkildə etiraz edir. Belə məsələlərdən biri Nadir şahın indiki terminlə deyilərsə, ruhanilərin islam dinindən siyasi məqsədlərlə istifadə olunmasına sərt münasibəti idi.

Elmi redaktor tutarlı istinadlarla Nadir şahın mömin bir şəxsiyyət olduğunu, İslam dininə, onun tələblərinə, böyük şəxsiyyətlərinə dərin ehtiram göstərdiyini, eyni zamanda dindən öz şəxsi, korporativ maraqları üçün istifadə etməyə çalışan ruhanilərə qarşı sərt mövqe tutduğunu vurğulayaraq, dövlət başçısının din ilə ondan öz məqsədləri üçün istifadə edənlər arasında ciddi fərq qoyması, dövlət maraqlarını hər şeydən üstün tutması ilə izah edir. Bugünkü islam dünyasında ruhanilər, islamdan siyasi məqsədlər üçün istifadə etmək halları, belə qüvvələrin dünyanın aparıcı dövlətlərinin əlində oyuncağa çevrilməsi Nadir şahın həmin sahədə həyata keçirdiyi siyasəti araşdırmağın nə qədər aktual olduğunu bir daha göstərir.

İslam aləmində çoxəsrlik sünnü-şiə qarşıdurmasına son qoymaq istəyi Nadir şahı şiəliyi islamın 5-ci məzhəbi (hənəfilik, hənbəlilik, şafeilik, malikilikdən sonra) elan edilməsi təklifi ilə çıxış etməyə sövq edir. Şahın fikrincə, bu qəbul edilsə islam aləmində dini əsasda düşmənçiliyə və hər hansı ziddiyyətə son qoyulacaqdı.

Nadir şahın Səfəvi sülaləsinə son qoyması, müxtəlif səbəblərdən ən yaxınlarına, ətrafında olan bəzi şəxsiyyətlərə qarşı sərt, bəzən amansız davranışını müəllif haqlı olaraq dövlətçilik mövqeyindən dəyərləndirir və mövcud ənənələrlə izah edir. Nadir şah dövrünü xanlıqlar dövrü ilə müqayisə edən müəllif obyektiv həqiqəti ortaya qoyur: "Nadir şah xanlardan fərqli olaraq milli vəhdətə nail olmağı bacardı, döyüş meydanında və diplomatiya sahəsində atdığı qətiyyətli addımlar hesabına doğma xalqını parçalanmadan, əsarət və təhdidlərdən xilas etməyə müvəffəq oldu”.

Azərbaycan dövlətçiliyinin nadir simalarından olan Nadir şahın hakimiyyəti illəri Əfşar dövlətinin qüdrətinin zirvəsi hesab olunur. Bununla belə, tarixi şərait, ona qarşı güclənən həsəd, rəqabət hissi böyük şəxsiyyətin nəzərdə tutduğu bir çox gələcəyə hesablanmış planlarının icra olunmasına imkan vermədi.

Dövlətçilik prizmasından Nadir şah Əfşarın fəaliyyətinə qiymət verən akademik Ramiz Mehdiyev ilk dəfə olaraq böyük şəxsiyyətin qətlindən sonra başlanan siyasi proseslərə tamamilə yeni qiymət verərək belə hesab edir ki, Nadir şahdan sonra Azərbaycan torpaqlarının parçalanması mərhələsi başlanır: "Tarixi Azərbaycan torpaqlarının bölünməsinin başlanğıcını Nadir şahın ölümü ilə əlaqələndirməyim heç də təsadüf, yaxud mübaliğə deyil. Bu, tariximizin müqayisəli şəkildə tədqiqindən qaynaqlanan bir qiymət, həqiqəti tam şəkildə əks etdirən rəydir”.

"Nadir şah irsinin düzgün anlaşılmasında tarixi-diplomatik sənədlərin əhəmiyyəti” adlanan ikinci hissədə müəllif, diplomatik sənədlərin tarixşünaslıqda əhəmiyyətini yüksək qiymətləndirərək, onların yalnız oxşar deyil, eyni zamanda ilk baxışda nəzərə çarpmayan informasiya daşıdığını xüsusi vurğulayır. Diplomatik sənədlər onun müəllifinin fəaliyyətinin müxtəlif sahələrini hərtərəfli araşdırmaq üçün tədqiqatçıların ixtiyarında olan ən mühüm ilkin mənbədir. 

Akademik R.Mehdiyev diplomatik sənədlərə belə yanaşma nümunəsi nümayiş etdirir və həmin sənədlər arasında Nadir şahın türk kimliyi, türk birliyi, türk ənənələrinə, o cümlədən dövlətçilik ənənələrinə münasibətini müəyyən edərək sənədlərin əhəmiyyətini vurğulayır.

Beləliklə, akademik R.Mehdiyev geniş mənbə və elmi ədəbiyyat əsasında Nadir şahın çoxcəhətli fəaliyyətinə qısa və dərin nəzər salaraq onu dövlətçilik baxımından yüksək dəyərləndirir və vaxtilə Şah İsmayılla bağlı yazısında olduğu kimi, deyə bilərik ki, tarixi şəxsiyyətlərin tarixşünaslığında tamamilə yeni bir yanaşma və yeni bir mərhələnin əsasını qoyur. Bununla da Nadir şahşünaslığın formalaşması istiqamətində ən mühüm addım atılmış olur. Elmi və obyektiv Nadir şahşünaslığın, eləcə də Azərbaycan tarixinin müxtəlif və xüsusən ən parlaq dövrlərinin araşdırılması, düşünülmüş, planlı, əsaslı fəaliyyət hesab edilməlidir. 

Akademik R.Mehdiyev bu sahədə gələcək elmi fəaliyyətin nəzəri-metodoloji bazasını müəyyən etmiş və ayrı-ayrı istiqamətlərini göstərmişdir. Haqqında rəy söylənilən kitab Nadir şah Əfşarın fəaliyyətini müqayisəli-tarixi kontekstdə, ilkin mənbələrə əsaslanaraq təhlil edən çox ciddi və dərin elmi araşdırmadır. Alimin milli dövlətçilik ənənələrinə dair ifadə etdiyi mülahizələr, gəldiyi nəticələr elmi-nəzəri ümumiləşdirmə gücünə, mühüm ideoloji-siyasi əhəmiyyətə malikdir.

Sonda diplomatik yazışmaları tərcümə edən AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlının zəhmətini qeyd edərək onun yüksək peşəkarlığını və etdiyi tərcümələrin orijinala tam adekvatlığını vurğulamaq istərdim. Mütəxəssislər bilir ki, qədim şərq əlyazmalarını oxumaq böyük zəhmət bahasına başa gəlir və bunu bacaran alimlərin yetişdirilməsi uzun zaman tələb edir. Belə peşəkarların sayı bugün azalmaqdadır, çünki gənc nəsil bu işə obyektiv və subyektiv səbəblərdən o qədər də həvəs göstərmir.

Əlavə olaraq qeyd edim ki, kitabda yer almış diplomatik yazışmalar şərq epistolyar janrının klassik nümunələridir və onun bütün tələblərinə cavab verir. Orta əsrlərdə bu janrda qələmə alınan istənilən nümunələr ərəb ənənəsi əsasında yaranaraq digər dillərdə yeni vüsət almışdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq