"Biz hara, Ramil Usubov hara?"

img

11-05-2015 [00:49]



Ötən həftə Türkiyədə səfərdə olanda bu ölkənin sabiq daxili işlər naziri Əfqan Ala bəylə görüşüb, xeyli fikir mübadiləsi apardıq. Söhbət əsnasında Əfqan bəy bizdən Azərbaycanın Daxili işlər naziri Ramil Usubovu soruşdu. Hamımız bir ağızdan cavab verdik: "Yaxşıdır”.

Keçmiş nazir xahiş etdi ki, onun salamlarını Ramil müəllimə çatdıraq. Bu sözləri eşidəndə, qeyri-ixtiyari olaraq, hamı bir-birinin üzünə baxdı. Axı, hörmətli generalla bizim heç bir əlaqəmiz yoxdur. Biz hara, Ramil Usubov hara? Amma jurnalistikanın verdiyi sərbəstlikdən istifadə edib, özümüzü itirmədik. Buna görə də Əfqan bəy elə bildi ki, Bakıya çatan kimi Ramil müəllimin qapısını döyüb, onun salamlarını cənab nazirə çatdıracağıq...

Əslində, necə olmalıdır? İnkişaf etmiş ölkələrdə jurnalistlər nazirlərin görən gözü, eşidən qulağı sayılır. Avropada elə nazir tapa bilməzsən ki, onun daimi kontaktda olduğu ən azı üç-dörd jurnalist olmasın. Hazırda informasiya dünyanın idarə olunmasında əsas faktorlardan birinə çevrilib. Bu isə o deməkdir ki, əvvəlki dövrlə müqayisədə indi jurnalistlər cəmiyyətin idarə olunmasında daha yaxından iştirak edirlər. Şəxsən mən hansısa nazirlə çay süfrəsi arxasında müzakirə aparmaqda heç bir problem görmürəm. Əgər hörmətli Oqtay müəllim kabinetinin qapısını üzümə açsa, ona səhiyyədəki problemlər barədə ətraflı məlumat verə bilərəm. Heydər Əsədovla kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan yarmarkalardakı bahalığın səbəbini müzakirə etmək olar. Ziya Məmmədovdan isə xahiş edərəm ki, sürücülərə qan udduran nəqliyyat müfəttişlərinin əlini-ayağını bir yerə yığsın. Əgər nazirlərimiz rəhbərlik etdikləri sahələrdə real vəziyyəti öyrənmək istəyirlərsə, müstəqil jurnalistlərlə ünsiyyətdən qaçmamalıdırlar.

Beş-altı il əvvəl ABŞ prezidenti Barak Obama polis zorakılığına məruz qalmış sadə amerikalını "Ağ ev”ə pivə içməyə dəvət edəndə, tanınmış jurnalistlərdən biri belə bir məqalə yazmışdı: "Kəmaləddin Heydərov mənimlə pivə içərmi?” Həmin vaxt bu yazı birmənalı qarşılanmamışdı. Çox adam ağzını büzüb, belə demişdi: "Kəmaləddin Heydərovun işi-gücü qurtarıb ki, hansısa jurnalistlə pivə içsin?”

Bu hadisəni təsadüfən xatırlamadım. Dörd-beş gün əvvəl Ərzurumda bir iş adamı ilə tanış oldum. Söhbət əsnasında dedi ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxşı münasibəti var. Sonra isə əlavə etdi ki, hətta bir dəfə Kəmaləddin müəllim Qəbələdə ona kabab qonaqlığı verib.

Bilirəm, qeyri-təvazökarlıq yaxşı əlamət deyil. Amma bu sözləri demədən yazıya nöqtə qoya bilməyəcəyəm: Kəmaləddin Heydərovun oturub-durduğu, yoldaşlıq etdiyi həmin iş adamı heç bir kriteriyaya görə məndən üstün adam deyil...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq