Çörək, yoxsa şərəf?

img

19-04-2015 [23:09]


İki gündür, sosial şəbəkələr müzakirə etmək üçün yeni mövzu tapıb. Hərə bir tərəfdən "döşəyir". Allahdan gizli deyil, Sizdən nə gizlədim? Mən də bu hay-həşirə qoşulanlardanam.

Deməli, iki gün öncə Bakıda 20 yaşlı gənc çörək mağazasından oğurluğa cəhd edib. Çörək mağazasından çörək oğurlamaq istəyib. Bu zaman mağazanın sahibi tərəfindən saxlanılıb və polis bölməsinə təhvil verilib.

Artıq iki gündür, sosial şəbəkənin mövzusu çörək oğlurluğudur. Hər ağızdan bir avaz gəlir. Biri deyir, ac olmasaydı, çörək oğurlamazdı, digəri qeyd edir ki, qarnını doyurmaq üçün işləyə bilərdi, o biri də onu polisə verən mağaza müdirinin yeddi arxadönənini qəbirdən çıxardır ki, niyə belə iş tutub.
Hər üç tərəfin fikirlərini bölüşürəm. Amma burda bir məsələ var də. Əgər bu adamın ehtiyacı olmasaydı, oğlurluq eləməzdi. Oğurluğu peşə etmiş biri olsaydı, gedib qır-qızıl mağazası, bankomat yarardı, pul aparardı. Çörək oğurlayırsa, deməli, aclıq onu çörək oğurluğuna məcbur edib. Mən qətiyyən haqqı olmayanın nəyisə oğurlamasını təqdir etmirəm. Amma bir gəncin çörək oğurluğuna məcbur olması dəhşətlidir.

93-94-cü illərdə Azərbaycanda çörəklə bağlı problem yaşanırdı. Yaşım az olsa da, həmin illər yaddaşımda ağır izlər buraxıb. O vaxt üç çörək alana bir turşumuş qara çörək verirdilər.
Atam müharibəyə getmişdi, çörəyi almaq mənim öhdəmdə idi. Hər gün səhər tezdən çörək mağazasına gedirdim. Onda camaat gecədən növbəyə dururdu. Mağazanın müdiri Novruz əmi və çörək şöbəsinin satıcısı Sürəyya xala məni, daha doğrusu, atamı tanıyırdılar. Atam müharibədə olduğu üçün mənə xüsusi diqqət var idi. Amma mən bu mərhəmətin arxasında gizlənmək istəmirdim. Odur ki, hər gün çörək maşını gəlməmişdən əvvəl piştaxtanın arxasına keçib Sürəyya xalaya kömək edirdim. İşim elə də ağır deyildi, yeşiklərdəki çörəkləri sayıb "polka"ya yığmaq idi. Bu işimin müqabilində mənə qara çörək vermirdilər, hər gün üç ağ çörək alıb evə gəlirdim.

Söz vaxtına çəkər... Çörəklə bağlı ağır günlər davam edirdi. Düz, 21 il qabaq cəbhədən bizim evə də "qara xəbər" gəlmişdi. Atam şəhid olandan sonra bir müddət mağazaya çörək dalınca mən getmədim. Amma mərasimlər bitdi, hərə öz evinə çəkildi. Mən isə yenidən "iş başına" keçidim. Ənənəmə sadiq qalaraq, yenə də piştaxtanın arxasında keçdim, işimi qurtardım, Sürəyya xaladan üç ağ çörəyimi alıb gedəcəyimi fikirləşirdim. Amma o, bu dəfə nədənsə, müdirdən sorşumaq ehtiyacı duydu. "Şəhid Əhmədin oğluna üç ağ çörək verimmi?", - deyə Sürəyya xala soruşdu. Müdir də çox fikirləşmədən "hə" dedi.

İki saniyəlik bu sorğu-sual mənə xoş olmadı. O gündən bir də piştaxtanın arxasına keçmədim, hamı kimi iki ağ, bir qara çörək alıb evə gəldim. Nə yaxşı ki, heç kim məndən bunun səbəbini soruşmadı, çünki o hərəkətimin səbəbini indi-indi anlayıram.

İnsan əcayib məxluqdur. Hamısı eyni olmur. Kimisi nəfsinə hakim olur, kimisi də onun köləsi olduğundan nəyə desən, gedir. Əslində, o gəncin çörək oğurluğuna məcbur olması onun təqsiri deyil. Neft və milyonlar səltənəti sayılan bir məmləkətdə çörək oğurluğuna məcbur qalmaq faciədir. Buna görə o gənci qınamaq da olardı. "Canın çıxsın, get işlə!"- deyənləri isə haqlı saymıram. Çünki onların çoxu ya haqqa giririblər, ya da susqun qalıblar. Mən qətiyyən haqqı olmayanın nəyisə MƏNİMSƏMƏSİNİ təqdir etmirəm. Səbəbindən asılı olmayaraq, oğurluq - əsla sənin olmayanı mənimsəmək, kiminsə haqqına girməkdir. Bir şeyi də ututmayaq. İnsan düşdüyü mühitə uyğun formalaşır. Mühiti isə ümumilikdə cəmiyyət formalaşdırır. Cəmiyyətlər isə hakim iradənin xislətinə uyğun olur.

Nəticə... Bir vaxtlar mərhəmət qarşılığında ağ çörək yemək istəməyən 11 yaşlı uşağı formalaşdıran cəmiyyət var idi. İndi isə 20 yaşlı gənci çörək oğrusu edən bir mühit var.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq