Kırşəhərdə 4 gün və ya “Aşıq Paşa 5-ci Beynəlxalq Şiir Şöləni... (FOTO)

img

06-11-2014 [20:40]


On gün bundan öncə "Facebook”da türk dostlarımdan biri, canım qədər sevdiyim Zübeydə Gökbulutdan bir ismarıc aldım. Məni hər il Türkiyənin Kırşəhərində keçirilən beynəlxalq şeir festivalına dəvət edirdi. Əvvəl tərəddüd etsəm də, sonradan böyük məmnuniyyətlə festivala qatılacağıma qərar verdim. Hazırlığı görüb yola düşdüm. Bakıdan birbaşa Kırşəhərə təyyarə reysi olmadığından Bakı- Ankara reysi ilə uçmalı oldum. Ankaradan isə Kırşəhərə təxminən iki saatlıq yoldu. Avtobusnan rahat getmək olur. Təyyarədən söz düşmüşkən deyim ki, Ankaraya "Türk hava yolları” və  "Azal”ın reysləri ilə də uşmaq olar. Türk Hava Yolları  "Azal”dan 100 manat ucuz başa gəlir, amma "Azal”dan bir az komfortu azdı. Nə isə. "Azal”ın reyləri ilə uçmalı oldum . Və 2 saat 10 dəqiqəlik uçuş başa çatdı.
 
Esenboğa hava limanına çatar çatmaz bizi yağış qarşıladı. Yağmurlu hava olsa da, Ankaranın havası o qədər təmiz idi ki, adam acgözlüklə onu ciyərlərinə çəkmək istəyirdi....

Hava Limanından sıra ilə səliqəli şəkildə bir-birinin ardınca avtobuslar işləyir. 5 dəqiqə vaxt intervalı ilə yola düşürlər. Adambaşı təxminən 2 manata yaxın pul edir. 2 manata paytaxtın bu başından o biri başına rahat gedirsən. Daha bizdəki kimi taksi sürücüləri sənin üstünə qaçıb abırdan həyadan salmır. Otoqardan bir avtobusa oturub bir başa Kırşəhərə yola düşdüm.

Məlumat üçün deyim komfortlu avtobusda yolboyu servis xidməti (çay kofe, şirə, keks, biskivit) WiFi xidməti, qarşındakımonitorda TV kanalaların izləyə, radio dinləyə, oyunlar oynaya bilərsən. Xülasə yol sənə yorucu gəlmir. Yol boyu "Anons” edirlər. Ki, lütfən telefonunuzu səssiz rejimə qoyun, arkadaşınız rahatsız olmasın”, amma bizdə adam avtobusa minəndən çığıra-çığıra danışacaq, bütün diqqəti cəlb edəcək. Vatçapı açıq saxlayacaq. Hər gələn sms milləti narahat edəcək. Hamı ürəyində, ya da dilində həmin adamın 7 arxa dönənini xatırladıb, bir daha da avtobusa minməməyə özünə söz verəcək. 

Nəhayət, hava qaralan kimi çatdım Kırşəhərə. Deyilən yerdə məni Turqut adında bir nəfər qarşılayıb, Zübeydə xanımgilə gətirdi. Zübeydə xanımgilə getməyi, düzü, istəmirdim. Otelə yerləşmək istəyirdim. Necə olsa, tanımadığın yer idi, onunla yalnız virtula tanış idik. Səsini belə eşitməmişəm...

Zübeydə xanımgilin evi Kırşəhərin mərkəzində yerləşir. Ikimərtəbəli binanın ikinci mərtəbəsində qalırlar. Zübeydə Gökbulut Kırşəhər Şair və Yazarlar Dərnəyinin sədridir. Əsl türk xanımıdı. Müəllimlikdən təqaüdə çıxıb. Indi də yaradıcı insanları ətrafına yığıb öz adət-ənənələrini, mədəniiyətlərini, ədəbiyyatlarını yaşatmaq, yaratmaqla məşğuldur. 

SEYFE GÖLÜNDƏ ŞEİR GECƏSİ 

Evlərində o qədər mehribanlıq, səmimiyyət, diqqət göstərdi ki, elə bildim neçə ildi yaxın qohumumdu. Adamın başına dolanırdı. Bütün türk mətbəx nümunələrindən bişirib, yolumu gözləyirdi. Yeməkdən sonra dedi ki, yerli televiziyadan arkadaşlar gəlirlər, səndən reportaj etməyə. Ahitv –dən gəlib müsahibə aldılar. Axşam isə ikinci bir surpriz oldu. Zübeydə xanımin evinə Kırşəhərin tanınmış şair və yazarları, o cümlədən sonradan dostlaşdığım gözəl və məlahətli səsi ilə hamımızı ovsunlayan Idris Altuner təşrif buyurdu. Gecə yarısına kimi saz çalıb mahnı oxuyub, şeir dedik...

...5-ci Beynəlxalq Aşık Paşa Şiir Şöləni oktyabrin 31-də başladı. Festivala Türkiyənin müxtəlif bölgələri ilə yanaşı, Azərbaycan, Almaniya və bir neçə ölkədən yazarlar dəvət olunmuşdu. Proqram ilk olaraq Kırşəhərin Seyfe Gölü adlanan ərazisində başladı. Seyfe gölü fauna və florası ilə zəngin bir qoruqdu. Burada minlərlə güllər yetişdirilir. Heyvanat aləmi isə başqa bir aləmdir. Əsasən də Flaminqolar artım üçün bura gəlirlər. 

Beləliklə, Seyfe gölü ərazisində keçirilən proqramda Türkiyənin bütün bölgələrindən gələn şairlərlə həm yaxından tanış olduq, həm də gözəl şeirlər dinlədik. Oxudugum iki sevgi şeiri sevgi və rəğbətlə qarşılandı. Məclis sazın, sözün sehrində keçirilirdi. Idris Altuner və digər sənətçilərin ifasında səslənən el havaları, aşıq mahnıları gecəyə damğasını vurdu. Türkiyənin doğu bölgəsindən festivala qatılan Gokmen Sakinin "Otomatik Gəlinlər” şeiri isə əhfalımızı birə-beş artırdı. Gökmən, həm də şeiri xüsusi ləhcə ilə dediyindən daha şirin anılırdı. 

Şeir festivalının əsas hissəsi isə noyabrin 1-də Kırşəhərin mərkəzində, 2 ci kültür müdirliyi konfrans salonunda baş tutdu.250 nəfərlik salon türklər demişkən tıklım tıklım doluydu. Burada sözün əsl mənasında həyəcan yaşanırdı. Əsasən də kənardan qatılanlara daha çox diqqət ayrılırdı deyə, həyəcanlı anlar yaşadım. Tədbir axşam saatlarında başladı. Aparıcı "indi də söz Azərbaycandan aramıza qatılan Könül Nazımqızıya verilir”, - deyəndə həyəcanımı gizlədə bilmirdim. Amma səhnədə sənə insanların sevgisini görəndən sonra adam heç nə düşünmür. "Ürəksiz sevilmək sevilməməkdir” şeirim alqışlarla qarşılandı. Türkiyə - Azərbaycan münasibətlərindən danışdım. Iki dövlət bir millət yox, bir millət 10 dövlət olmağımızı arzuladım. Tədbirin sonunda Kırşəhər Yazarlar və Şairlər Dərnəyi tərəfindən müxtəlif mükafatlarla təltif edildim.

Ümumiyyətlə, dünyanın 10-larla ölkəsini. 2 qitəsini gəzmişəm. Amma Türkiyədə tapdığım rahatlığlı, gördüyüm mehribanlığı heç bir yerdə görməmişəm. Hər addımda sözlə ifadə olunmayan qonaqpərvərliklə qarşılaşırsan. Sənə qardaş sevgisini göstərirlər və beləcə xoş təəssüratlarla Türkiyədən ayrıldım...

Könül Nazimqızı,
Şairə


Digər xəbərlər
SON XƏBƏRLƏR