Xalq artistinin qızı "Məhəbbət əfsanəsi"nin ardınca Moskvaya getdi - FOTO

img

30-10-2014 [16:10]


Dünyanın sayılıb-seçilən 5 teatrından biri olan Moskvanın Rusiya Akademik Böyük Teatrının səhnəsində azərbaycanlı bəstəkar Arif Məlikovun "Məhəbbət Əfsanəsi” baletinin nümayiş olub. 

ANS PRESS-in məlumatına görə, 50 ildən artıqdır ki, musiqi irsimizə daxil olmuş bu möhtəşəm əsər rusiyalı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Arif Məlikovun görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazılmış "Məhəbbət əfsanəsi” baletini xareoqraf Yuri Qriqoroviç səhnələşdirib. Baletin dirijoru Pavel Sorokin idi. Səhnə əsərini Moskvanın Rusiya Akademik Böyük Teatrının istedadlı balerinləri – Svetlana Zaxarova (Məhmənəbanu), Anna Nikulina (Şirin), Denis Rodkin (Fərhad), Evgeniy Qolobin ( naməlum sirli adam) nümayiş etdirirdi.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin rəhbərliyi ilə Bakıdan Moskvaya getmiş nümayəndə heyətində - Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov , tanınmış balet ifaçıları xalq artisti Rəfiqə Axundova və xalq artisti Maqsud Məmmədov, əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyev, Bakı Musiqi Akademiyasının müəllimi,bəstəkar, dosent Arzu Məmmədova və Gülnarə Məmmədova, Arif Məlikovun Bakı Musiqi Akademiyası tələbələri Əhədova Tamilla (II kurs), Namazlı Vüsal (III kurs), magistratura tələbələri İlahə Qismət (İsrafilova) və Rəhimova Sevda yer alıb. Balet bitdikdən sonra ilk olaraq baletin premyerasını dəyərləndirən mədəniyyət və turizim naziri Əbülfəz Qarayev çıxışıda qeyd edib. 

Premyerada iştirak edən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının I kurs magistr tələbəsi İlahə Qismət (İsrafilova) öz təəssüratlarını ANS PRESS-lə bölüşdü: "Balet ulduzlarının hər biri kifayət qədər ustalıqla öz rolunun öhdəsindən gəldi. Lakin baleti seyr edərkən bəzi insana xüsusi zövq verən nüanslar var ki, onları baleti canlı izləməyə nail olmamış musiqisevərlər üçün ilə qeyd etmək istəyirik ki, premyeranın necə möhtəşəm keçməsi barədə təəssüratları yaransın. I pərdədə səhnədə gördüyümüz Məhmənəbanu vizual şəkildə xəyalımızda var olan şahzadə obrazının sanki canlı nümunəsi idi. O, bacısının xəstəliyi ilə əlaqədar keçirdiyi gərgin hissləri auditoriyaya emosional formada tamlıqla çatdıra bilirdi. Səhnəyə hakim olan Svetlana Zaxarova sərbəstliyi ilə diqqəti cəlb edirdi. Sonradan Öz növbəsində səhnəyə daxil olan Fərhad obrazının çıxışının füsünkarlığını sözlə qeyd etməkdə çətinlik çəkirik. Xareoqrafiyaya uyğun olaraq dəfələrlə göyə qalxan Fərhad obrazı qeyri-adi göydə fırlanma və yerə enmə texnikası ilə hər kəsi heyran etdi. Şirin obrazının zərifliyinin nümayişi isə Anna Nikulinanın simasında nümayiş olunurdu. Onun bədən plastikasından peşəkarcasına istifadəsi, ümumi elastikliyi və incə hisslərin zənginliyi ilə tərənnümü insanı heyran qoymaqa bəs edirdi. Məhmənəbanunun bacısının sağlamlığına qarşılıq gözəlliyini itirdikdən sonra Şirinin ilk bacısını gördüyü səhnədə keçirdiyi qorxunc hisslər musiqidə tədricən gedən inkişafın fonunda faciənin gəlişindən xəbər verirdi. Məhşur "Yürüş” səhnəsinin yüksək həyəcanla nümayişi zamanı orkestrın dolğun, əzəmətli səslənməsi auditoriyanı orkestr imkanları ilə tanış edir. Gözəl melodist olan Arif Məlikov melodik imkanları Fərhad və Şirinin adagiosu ilə bir daha təsdiqlənir. Burada yaranmış sehirli abu-hava musiqi vasitəsi ilə əbədi sevginin varlığını insanlığa çatdıraraq, əsl məhəbbətin məğzini adagio vasitəsi ilə açıqlamağa nail olur. Daha sonra kontrastlığı artmağa başlayaraq inkişaf kulminasiyaya doğru gedir. Orkestrlərdə nadir hallarda rast gəlinən piccolo klarnet təlxəklərin rəqsini müşayiət edərkən sərtliyi ilə seçilirdi. III pərdədə dərin hisslərin təcəssümünü tam təsvir etmək baxımından düşünülmüş şəkildə səhnə arxasından səslənən septet çox effektiv təsir bağışladı. Mərkəzdə Fərhad, Şirin və Məhmənəbanunun faciəvi taleyi gözlər önünə sərildi. Həyatın dramatik konfliktlərinin açılmasına xidmət edən musiqi və onu gözlər önündə tam canlandıran xareoqrafiya birlikdə nəticə olaraq musiqi mədəniyyətində "Məhəbət əfsanəsi” baleti adı altında özünə möhkəm yer tutmuşdur. Tamaşanın sonunda 40 dəqiqədən çox səslənən alqışlar milli musiqi elementləri ilə zəngin olan baletin ecazcakrılığından, Arif Məlikov musiqisinin sehirli cazibəsinə qapılaraq ondan necə təsirləndiklərinin aydın sübutu idi."

Dünyanın 60-dan çox teatr səhnələrini gəzən "Məhəbbət əfsanəsi” baleti ilk dəfə 1961-ci ildə Böyük Teatr səhnəsində uğurla tamaşaya qoyulduqdan sonra uzun illər repertuardadan çıxmayıb. 

Qeyd edək ki, İlahə Qismət xalq artisti Zümrüd Məmmədovanın qızıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR