NAXÇIVAN MEMARLIQ MƏKTƏBİNİN BANİSİNƏ HƏSR OLUNMUŞ SANBALLI TƏDQİQAT ƏSƏRİ...

NAXÇIVAN MEMARLIQ MƏKTƏBİNİN BANİSİNƏ HƏSR OLUNMUŞ SANBALLI TƏDQİQAT ƏSƏRİ...

MƏDƏNİYYƏT

Bugün, 22:18

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda formalaşmış memarlıq  məktəbi orta əsr Azərbaycan memarlıq tarixinin mühüm inkişaf mərhələlərindən birini təşkil etməklə özünəməxsus memarlıq üslubu, konstruktiv həllərin dəqiqliyi, kompozisiya bütövlüyü və dekorativ elementlərin zənginliyi ilə seçilmişdir.

Naxçıvanda yaranan memarlıq ənənələri yalnız yerli tikinti mədəniyyətinin inkişafına deyil, həm də Yaxın və Orta Şərq memarlıq sənətinin formalaşmasına təsir göstərmişdir. Bu məktəbin ən görkəmli nümayəndəsi bu il anadan olmağının 900 illik yubileyini qeyd edəcəyimiz Əcəmi Əbubəkir oğlu Naxçıvanidir. Onun yaradıcılığı orta əsr Azərbaycan memarlığının yüksək inkişaf səviyyəsini əks etdirən mühüm sənət nümunələri ilə səciyyələnir.

Əcəmi Naxçıvaninin memarlıq fəaliyyətində Yusif Küseyir oğlu və Möminə xatın türbələri xüsusi yer tutur. Bu abidələr memarın dərin bədii təfəkkürünü, həndəsi qanunauyğunluqlara əsaslanan kompozisiya quruluşunu və mühəndislik sahəsindəki yüksək bacarığını nümayiş etdirir. Tikililərin memarlıq quruluşunda forma, ölçü və dekorativ tərtibat arasında ahəngdar əlaqə yaradılmış, daş üzərində işlənmiş naxışlar ümumi kompozisiyanın ayrılmaz hissəsinə çevrilmişdir. Əcəminin yaradıcılığı memarlıqda estetik gözəlliklə texniki mükəmməlliyin vəhdətini təmin etməsi baxımından əhəmiyyətlidir. Onun irsi sonrakı dövrlərdə Azərbaycan memarlığının inkişafına təsir göstərmiş və Naxçıvan memarlıq məktəbinin Yaxın və Orta Şərq sənət tarixində tanınmasında mühüm rol oynamışdır. Beləliklə, Əcəmi Naxçıvaninin yaradıcılığı Azərbaycan memarlığının inkişafında mühüm iz qoymuş və XII əsrdə bu sənətin yüksəlişini şərtləndirmişdir.

Əcəmi Naxçıvaninin Azərbaycan memarlıq tarixindəki mövqeyi onun yaratdığı və bu günədək öz əhəmiyyətini qoruyub saxlayan monumental abidələrdə, eləcə də irsinə göstərilən beynəlxalq və dövlət səviyyəli diqqətdə aydın ifadə olunur. Memarın ucaltdığı Yusif Küseyir oğlu (1162) və Möminə xatın (1186) türbələri bu gün də Naxçıvan şəhərinin memarlıq simasını müəyyənləşdirir. Dünya memarlıq tarixinə böyük irs bəxş edən Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilmişdir. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-2026-cı illlərdə imzalanmış dövlət sərəncamlar və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması bu məsələlərlə aktuallığını daha da artırmışdır. Dövlət başçısının imzaladığı bu sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra işlər görülmüş və görülməkdədir. Bu işlər sırasında görkəmli memar haqqında yazılan və nəşr etdirilən əsərlər özünəməxsus yer tutur. Belə əsərlərdən  biri də AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin bu yaxınlarda elmi dövriyyəyə daxil etdiyi “Əcəmi Əbubəkr oğlu Naxçıvani: şəxsiyyəti və irsi” monoqrafiyasıdır.

Elmi redaktoru Naxçıvan Dövlət Universitetinin rektoru Elburus İsayevin elmi redaktorluğu, AMEA-nın müxbür üzvü, professor Vəli Baxşəliyevin, professor Xəzər Hüseynovun və memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərovanın rəyçiliyi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən monoqrafiya “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuşdur.

Əsərin əvvəllərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2025-2026-cı illərdə Əcəmi Naxçıvani şəxsiyyəti və irsi ilə əlaqədar imzalanmış sərəncamları Möminə xatın türbəsinin bərpası və konservasiyası, bunun üçün ayrılmış vəsait memarın abidəsinin ucaldılması və 900 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamlar verilmişdir.

“Əcəmi Naxçıvani şəxsiyyətinə və irsinə dövlət qayğısı” adlanan fəsildə isə 1976-cı ildən başlayaraq görkəmli memarın şəxsiyyəti və irsinə dövlət qayğısı, onun  850 illik yubileyinin keçirilməsi, bu münasibətlə nəşr olunan monoqrafiyalar, yaradılan heykəltəraşlıq əsərləri, Bakı metrosunun stansiyasına “Memar Əcəmi” adının verilməsi, Möminə xatın türbəsinin 1998-ci ildə “Naxçıvan məqbərələri” tərkibində UNESCO-nun İlkin siyahısına daxil edilməsi xronoloji ardıcıllıqla şərh olunur.

Kitabın əsas hissəsini “Əcəmi Əbubəkr oğlu Naxçıvaninin həyatı və yaradıcılığı haqqında” fəsli təşkil edir. Müəllif burada memarın abidələr üzərindəki imzalarını – “Bənna Əcəmi Əbubəkr oğlu Nəşəvinin əməlidir” və “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” – Yaqut əl-Həməvinin “Mücəm əl-Buldən” əsərinin məlumatları ilə qarşılaşdırır və hər iki nisbənin Naxçıvan şəhərinin adı ilə bağlı olduğunu göstərir. Fəsildə memarın doğum və vəfat tarixləri, “bənna” titulunun XII əsrdəki məna tutumu, Əcəmi yaradıcılığının Marağa, Bərdə, Səmərqənd, İsfahan və İstanbul memarlığına təsiri məsələləri də araşdırılır.

Fəslin bir bölməsi memarın elmə məlum olan dörd abidəsinə həsr olunmuşdur. Yusif Küseyir oğlu türbəsindən bəhs edən bölmədə abidənin quruluşu, ikiqatlı günbəz örtüyü, kərpicdən yığılmış “girih” naxışları və Quran ayələrindən ibarət kitabələri təsvir edilir, sifarişçinin “xacə”, “rəis”, “şeyxlər şeyxi” (şeyxlərin başçısı) epitetləri əsasında onun cəmiyyətdəki mövqeyi müəyyənləşdirilir. Möminə xatın türbəsinə aid bölmədə türbənin kitabələri, interyerdəki medalyonlar (qönçələr), Möminə xatının şəxsiyyəti və Atabəylər dövlətinin siyasi həyatındakı rolu geniş işıqlandırılır. Qoşa minarəli baştağ və Came məscidi haqqındakı bölmələrdə isə dövrümüzədək gəlib çatmamış abidələrin görkəmi səyyah qeydləri, XIX əsr fotoşəkilləri və rəsmlər əsasında tədqiq olunduğu haqqında məlumat verilir.

Möminə xatın türbəsinə həsr olunmuş bölmə həcminə və məlumat zənginliyinə görə xüsusilə seçilir. Burada türbənin əsas kitabəsinin, portal üzərindəki tarix və imza kitabələrinin, tağlar boyunca iki dəfə yazılmış “Yasin” surəsinin mətni ardıcıl verilir. Daxili günbəzdəki dörd medalyonun öyrənilməsi tarixi İ.Əzimbəyovdan, Ə.Ələsgərzadədən başlayaraq Ə.Salamzadə, S.Kərimzadə və M.Nemətin tədqiqatlarına qədər izlənilir və medalyonlarda Məhəmməd peyğəmbərin və Raşidi xəlifələrin adlarının yazıldığı göstərilir. Möminə xatının kimliyi ilə bağlı fikir ayrılığı akademik Z.Bünyadovun nəticəsi əsasında aydınlaşdırılır, onun Şəmsəddin Eldənizin həyat yoldaşı və Atabəylər dövlətinin daxili siyasətində fəal iştirak edən şəxsiyyət olduğu mənbələrlə əsaslandırılır.

“Naxçıvan memarlıq məktəbinin yetirmələri (XII-XIV əsrlər)” adlanan VII fəslində isə Əcəmi məktəbinin davamçıları olan Qarabağlar və Bərdə türbəsinin (1322) memarı Əhməd Əyyub oğlu əl-Hafız Naxçıvani, Xacə Cəmaləddin, Şeyx ibn Cühənnah, Əmirəddin Məsud Naxçıvani və Məhəmməd bəy Hacı oğlu haqqında məlumat verilir. Həmçinin, Əcəmi Naxçıvani yaradıcılığının nəinki Azərbaycan, hətta Yaxın Şərq memarlığına, xüsusən Memar Sinan yaradıcılığna təsir etdiyi qeyd edilir.

“Nəticə” hissəsində Naxçıvan məktəbinin Azərbaycan və dünya memarlığındakı yeri ümumiləşdirilir.

Kitabın elmi dəyəri ilk növbədə mənbə bazasının genişliyi ilə müəyyən olunur. Müəllif abidələrin kitabələrini əsas qaynaq kimi götürür və onları orta əsr müəlliflərininYaqut əl-Həməvinin, Həmdullah Qəzvininin, anonim “Əcaib əd-Dünya” əsərinin, Övliya Çələbinin və Jan Batist Tavernyenin məlumatları ilə tutuşdurur. Tədqiqata U.Quseley, N.V.Xanıkov, J.Dyelafua, E.Yakobstal, V.M.Sısoyev, İ.Əzimbəyov və M.Mirheydərzadənin əsərləri, Osmanlı dövrünə aid “müfəssəl” və “icmal” dəftərlər, dövri mətbuat materialları və rəsmi sənədlər də cəlb olunmuşdur. Azərbaycan, rus, türk, fransız və alman dillərindəki ədəbiyyatın birgə istifadəsi tədqiqatın əhatə dairəsini aydın göstərir.

Tədqiqatın elmi yeniliyi müəllifin mənbələrə tənqidi yanaşmasında özünü göstərir. İki türbənin inşa tarixləri arasındakı 24 illik fərqə əsaslanaraq Müəllif memarın Yusif Küseyir oğlu türbəsini təxminən 30-35, Möminə xatın türbəsini isə 55-60 yaşlarında inşa etdiyi qənaətinə gəlir və doğum tarixini XII əsrin 20-ci illərinə aid edir. Qoşa minarəli baştağın dağıdılma tarixinə dair M.Mirheydərzadə ilə Ə.Ələsgərzadənin fərqli fikirlərini müqayisə edən müəllif şəhərin yaşlı sakinlərindən topladığı şifahi məlumatlara və E.Yakobstalın 1899-cu il nəşrinə istinad edərək abidənin XIX əsrin sonunda söküldüyünü əsaslandırır. Mənbələrdə adı çəkilən “Qızıl Arslan camesi”nin Əcəmi Naxçıvaninin inşa etdiyi Came məscidi ola biləcəyi və Nuh peyğəmbərin türbəsinin də Naxçıvan məktəbinə aid edilməsi barədə mülahizələr gələcək araşdırmalar üçün yeni istiqamətlər açır.

Kitabın diqqətəlayiq cəhətlərindən biri abidələrin onları sifariş edən şəxslərin taleyi ilə birlikdə öyrənilməsidir. Yusif Küseyir oğlunun, Möminə xatının, Atabəy Məhəmməd Cahan Pəhləvanın və Əmir Nurəddinin titulları ayrıca təhlil edildiyindən memarlıq abidəsi XII əsr Naxçıvanının ictimai-siyasi həyatına dair tarixi mənbə kimi oxunur. Möminə xatın türbəsinin kitabəsindəki “Biz gedirik, ancaq, qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar” beytini müəllif memarın öz sənətinin əbədiliyinə inamının ifadəsi kimi şərh edir.

Əcəmi yaradıcılığının təsir coğrafiyası türk alimlərinin fikirləri ilə əsaslandırılır. O.Aslanapanın Sivasdakı abidədə “Naxçıvan günbəzlərindəki motivlərin yenidən dəyərləndirildiyi”, Dalokay Vedatın isə memar Sinanın Xosrov paşa türbəsi haqqında “burada Atabəylərdən qalma günbəzlərdən bir nəfəs gəlir” fikirləri Naxçıvan məktəbinin Anadolu memarlığına təsirini əyani şəkildə təsdiq edir. Memarın mühəndislik məharəti də konkret faktla göstərilir. Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində yeganə abidədir ki, üst piramida örtüyü yaradılmasından 864 il keçməsinə baxmayaraq salamat vəziyyətdə qalmışdır.

Kitabda abidələrin öyrənilməsi tarixi də ayrıca diqqət mərkəzindədir. Müəllif gənc tədqiqatçı Y.Xəlilovun araşdırmasına istinad edərək Möminə xatın türbəsi haqqında ilk məlumatın 1812-ci ildə Naxçıvanda olmuş britaniyalı şərqşünas Uilyam Quseleyə məxsus olduğunu qeyd edir. N.V.Xanıkovun 1850-ci ildə “Qafqaz” qəzetində dərc etdirdiyi məqalədən, V.M.Sısoyevin 1926-cı il səfərinin hesabatından gətirilən geniş iqtibaslar sayəsində oxucu abidələrin müxtəlif dövrlərdəki vəziyyətini izləyə bilir. Xüsusilə Möminə xatın türbəsinin şimala əyilməsinin XX əsrin əvvəllərində artıq müşahidə edildiyini göstərən faktlar abidənin taleyinə dair yerli rəvayətlərə elmi aydınlıq gətirir.

Naxçıvan memarlıq məktəbinin yetirmələrinə həsr olunmuş fəsil də kitabın elmi dəyərini artırır. Burada müəllif adları yalnız kitabələr vasitəsilə məlum olan memarları bir sırada təqdim edir. Bərdə türbəsinin gövdəsində firuzəyi kaşı ilə qırmızı kərpicin növbələşməsindən yaradılmış və dəfələrlə təkrarlanan “Allah” kəlməsi, Qarabağlar türbəsinin kitabələri və Ordubaddakı başdaşı üzərində qalmış Məhəmməd bəy Hacı oğlunun imzası kimi faktlar Əcəmi ənənəsinin XIV əsrə qədər davam etdiyini əyani şəkildə göstərir. Müəllifin XII-XIII əsrlərdə Əcəmi Naxçıvaniyə Nizami Gəncəvi ilə yanaşı yer verməsi də bu ümumi mənzərədən irəli gəlir. Nizami Gəncəvi ədəbiyyatda hansı zirvəyə yüksəlmişsə, Əcəmi Naxçıvani memarlıqda həmin zirvəni fəth etmişdir.

Professor Hacıfəxrəddin Səfərlinin “Əcəmi Əbubəkr oğlu Naxçıvani: şəxsiyyəti və irsi” kitabı geniş mənbə bazasına, epiqrafik materialların dərin təhlilinə və müəllifin uzunmüddətli tədqiqat təcrübəsinə əsaslanan sanballı elmi əsərdir. Kitab memarın şəxsiyyəti, yaratdığı və indiyədək gəlib çatmamış abidələri, onların sifarişçiləri və Naxçıvan məktəbinin davamçıları haqqında dağınıq məlumatları vahid sistemdə birləşdirir. Əsərin praktik əhəmiyyəti də böyükdür: Möminə xatın türbəsinin əyilməsi, əvvəlki bərpa işləri və kitabələrin vəziyyəti haqqında toplanmış məlumatlar abidənin hazırda davam edən bərpası üçün dəyərli tarixi material verir.

Kitab tarixçilər, memarlıq və epiqrafika tədqiqatçıları, bərpaçı mütəxəssislər, ali məktəblərin tarix, memarlıq və sənətşünaslıq ixtisaslarında təhsil alan tələbələr, həmçinin Azərbaycanın memarlıq irsi və Naxçıvan memarlıq məktəbi ilə maraqlanan geniş oxucu kütləsi üçün faydalı mənbə kimi tövsiyə olunur. Əcəmi Naxçıvaninin 900 illik yubileyi ərəfəsində işıq üzü görən bu əsər görkəmli memarın  yubiley tədbirlərinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında elan etdiyi “Şəhərsalma və Memarlıq İli”nə layiqli elmi töhfədir.

Sara Hacıyeva,

Tarix üzrə fəlsəfə doktoru, dosent

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR