Qarakənd faciəsindən Ağdamın azadlığına: 20 noyabrın tarixi mesajı

Qarakənd faciəsindən Ağdamın azadlığına: 20 noyabrın tarixi mesajı

CƏMİYYƏT

Bugün, 12:41

20 noyabr Azərbaycan tarixində həm faciəvi, həm də qürurverici hadisələrlə yadda qalan günlərdəndir. 1991-ci il noyabrın 20-də Ağdamın Qarakənd kəndi yaxınlığında “Mi-8” hərbi vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində Azərbaycanın bir sıra dövlət və ictimai xadimləri, millət vəkilləri və jurnalistləri həlak olublar. Bu tarix həm də 2020-ci il noyabrın 20-də Ağdamın 27 illik işğaldan azad edilməsi ilə əlamətdardır.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü elan edilib. Beləliklə, bu tarix Azərbaycan xalqının yaddaşında həm ağır itkilərin, həm də tarixi ədalətin bərpasının rəmzinə çevrilib.

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Hafta.az-a açıqlamasında 20 noyabrın milli yaddaşımızda daşıdığı tarixi və mənəvi əhəmiyyətdən danışıb. O bildirib ki, 1988-ci ildən etibarən beynəlxalq və regional güclərdən hərtərəfli dəstək alan Ermənistanın siyasi rəhbərliyi və silahlı dəstələri Azərbaycana qarşı müxtəlif təxribatlar, terror hadisələri, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirib, ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürüblər.

Belə qanlı terror hadisələrindən biri də 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən vertolyot qəzasıdır. Hadisə nəticəsində Azərbaycanın bir sıra dövlət xadimləri, millət vəkilləri və jurnalistləri həlak olublar. Bu hadisənin bir səbəbi terror idisə, digər mühüm səbəbi Azərbaycanın təcrübəli dövlət və ictimai xadimlərinin qətlə yetirilməsi idi. Bu, düşünülmüş terror siyasətinin tərkib hissəsi idi.

Tarixçi qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə Ermənistan və onun silahlı qüvvələri tərəfindən törədilən qanlı faciələrin, terror aktlarının, soyqırımı və etnik təmizləmə siyasətinin şahidi olmuşuq. Təəssüf ki, həmin dövrdə nə dünya dövlətləri, nə də beynəlxalq və regional təşkilatlar Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasətinə münasibətdə ciddi addımlar atıblar.

S.Talıblının sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, müasir hərbi texnologiyalardan istifadə imkanları və xalqımızın sarsılmaz birliyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub:

“Bu gün Azərbaycan xalqına qarşı törədilmiş faciə və terror hadisələrinin qurbanlarının xatirəsi qarşısında təsəlli tapırıq. Çünki torpaqlarımız azad olunub. Şəhidlərimizin ruhu şaddır. Bu gün biz Qarabağa qayıtmışıq, orada genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Bütün bunlar cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.

Əvvəllər işğal edilmiş ərazilərimizin faciəli tarixlərini qeyd edirdiksə, bu gün həmin şəhərlərin azad olunma günlərini bayram edirik. Birinci Qarabağ müharibəsində Ağdam Azərbaycanın ən çox şəhid verən bölgələrindən biri olub. Həmin müharibənin ən qanlı döyüş məntəqələrindən bəziləri də məhz Ağdam ərazisində yerləşirdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə xalqımızın milli ruhunun, birliyinin, ordumuza inamının və sevgisinin, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli mübarizə əzminin təcəssümünə çevrildi.

Bu gün hər bir azərbaycanlı 20 noyabrı özünün milli tarixinin şərəfli günü, milli təhlükəsizliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinin göstəricisi hesab edir. Bu tarixi həm də tarixi Azərbaycan torpaqlarına qayıdışın əsasının qoyulmasının rəmzi kimi dəyərləndirir. Çünki milli mübarizə ruhu, dövlətçilik şüuru, sərkərdəlik ənənələri və döyüş qabiliyyəti xalqımızın tarixinin bütün mərhələlərində mövcud olub. Bu baxımdan Ağdam Şəhəri Gününün qeyd edilməsi tarixi ədalətin bərpasının və haqqımızın özümüzə qaytarılmasının təntənəsidir”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR