AZAL-ın BİTMƏYƏN NAXÇIVAN DƏRDİ: sərənişinlər çarəsiz qalıb, rəhbərlik isə... - "Bütün medianı AZAL tərəfindən satın alınıb"

AZAL-ın BİTMƏYƏN NAXÇIVAN DƏRDİ: sərənişinlər çarəsiz qalıb, rəhbərlik isə... - \"Bütün medianı AZAL tərəfindən satın alınıb\"

CƏMİYYƏT

Bugün, 22:03

İsrail prezidenti İshaq Hersoqu Bakıya gətirmək üçün arxasınca bəh-bəhlə, böyük həvəs və sevinclə təyyarə göndərən “Azal”ı və Azərbaycan hökumətini öz azərbaycanlılarımızın - Naxçıvan aeroportunda günlərdir zillət çəkən yüzlərlə sadə insanın taleyi zərrə qədər də maraqlandırmır!

Gördüyünüz bu foto 2 gün əvvəl – noyabrın 16-da, Naxçıvan Muxtar Respublikasındakı hava limanının bilet satışı kassasının önündə çəkilib.

Bir həftədən çoxdur Naxçıvandan Bakıya gəlmək istəyənlər əvvəlcə yaşadıqları ünvandan taksi tutub hava limanına gəlməli, burada “Azal”ın elektron növbə aparatında şəxsən qeydiyyatdan keçməli, sonra da nəinki saatlarla, hətta günlərlə oturub gözləməlidirlər ki, görək, haçan “Azal” insafa gəlib bu adamların Bakıya dönüşü üçün təyyarə ayıracaq?!

Hətta həmin günə bilet tapa bilməyib növbəti günlər üçün bilet almağa məcbur qalan və kor-peşman yenidən xeyli xərc çəkib geri qayıdanlara da 5-6 saatdan bir təkrar mesaj göndərilir ki, gediş qrafiklərinə növbəti dəfə dəyişiklik edilib, uçuş alınmayacaq, reyslər başqa vaxtlara keçirilir...

Bir sutkada azı 3 dəfə reysin vaxtı və nömrəsini dəyşdirməklə, nəinki öncədən elektron əməliyyat aparma imkanlarının qarşısı alınır, üstəlik, sərnişinlərin bütün planları, hərəkət qrafiki də alt-üst edilir.

Beləliklə, Vətənin bu başından o başına təcili, qəfil iş üçün, 1-2 günlüyünə gedib-gəlmək, xeyirdə-şərdə iştirak etmək hər hansı yüksək vəzifəsi olmayan şəxslər üçün artıq mümkünsüz hala gətirilib!

Maraqlıdır ki, Naxçıvan aeroportunda yaşanan bu bərbad durum hansısa fövqəladə situasiyadan doğan ilk hal da deyil. İllərdir, bütün fəsillərdə, bütün bayram-tətil günlərində Naxçıvan camaatı bu kökdədir – Naxçıvandan Bakıya və ya əks istiqamətə gediş-gəliş zülmə-zillətə çevrilib!

Son illər isə açıq şəkildə, heç kimdən çəkinmədən bir regionun camaatını alçaltmaq, aşağılamaq və bir bölgənin əhalisini monopolist bir şirkətin sürətlə varlanmaq hərisliyinə alət, qurban etmək xətti seçilib! Sanki, bu əhalinin bunlara zərrə qədər də aidiyyəti yoxdur və hətta qisas alırmışlarmış kimi davranılır!

Müşahidələr və araşdırmalar göstərir ki, problemin kökündə nə çətin hava şəraiti durur, nə hansısa təhlükəsizlik riski – bütün bunlar hamısı süni böhran şəraiti yaradaraq, arxada daha çox pul qazanmaq, quldurcasına əhalini soymaq, sürətlə varlanmaq hərisliyini ört-basdır etmək üçün uydurulan bəhanələr, çoxşaxəli cinayət mexanizmlərini pərdələmək cəhdləridir!

Reallıqda isə Naxçıvana sərnişinlərin günün istənilən vaxtı İran üzərindən gedib-gələ biləcəyi quru yolunun açılmasını ləngidib, bir regionun əhalisini yalnız hava nəqliyyatının ümidinə buraxmaq monopolist bir şirkətin nəzarətedici dövlət qurumlarıyla əlbir olaraq, tamah məqsədiylə mütəşəkkil şəkildə həyata keçirdikləri irimiqyaslı cinayət əməlləridir və normal ölkələrdə bu maxinasiyaları törədənlər qalan ömürlərini həbsxana divarları arasında keçirməlidir!

Ancaq nə edək ki, biz o ölkəni – yalnız xalqa xidmət edən və yalnız xalqın maraqları üçün çalışan, qanunun hər şeydən üstün tutulduğu və ədalətlə idarə edilən şəffaf dövlət institutlarını, mexanizmlərini hələ qura bilməmişik!

Elə bütün problemlərimizin əsas qaynağı da məhz budur – bərbad, yarıtmaz, xalq üçün olmayan dövlət idarəçiliyi!

Tam əminliklə deyirəm ki, Naxçıvana gediş-gəlişdə yaşanan problemlərdən və onun səbəblərindən bütün yerli dövlət qurumlarının xəbərləri var, ancaq “Azal”ın və arxasındakılarının qorxusundan biri də cınqırını çıxara, etiraz edə, real vəziyyəti olduğu kimi öz rəhbərliyinə, onlar da ölkənin başçısına açıqca deyə və real həll yollarını göstərə bilmirlər! Məsələ də şişə-şişə gedir və bir gün mütləq çox pis şəkildə partlayacaq!

Problemi ən xırda incəliklərinə qədər araşdırıb ictimailəşdirə biləcək bütün media “Azal” tərəfindən satın alınıb, camaatın problemlərini hökumət, aidiyyəti dövlət qurumları qarşısında qaldırmağa və alternativ həll yollarını göstərməyə məsul qurum – 2024-cü ildə çox böyük “siyasi islahat” nümunəsi və “zəfər dövrünün qanunverici orqanı” kimi formalaşdırılan “müzəffər parlamentimiz” isə göz qabağındadır: indi Milli Məclis satılmış və bambılı mediamızdan daha susqun, daha bərbad, daha rəzil gündədir!

Elxan ŞÜKÜRLÜ

P.S. Yazı müəllifin feysbuk-dakı hesabında yayııb.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR