Kremlin əsas ideoloqun paylaşdığı xəritə: “üçqütblü dünya modeli" və ya Rusiya, Çin və Amerikaya ayrılan xəyali dünya (TƏHLİL)

Kremlin əsas ideoloqun paylaşdığı xəritə: “üçqütblü dünya modeli\" və ya Rusiya, Çin və Amerikaya ayrılan xəyali dünya (TƏHLİL)

SİYASƏT

Bugün, 16:23

Rusiyalı ictimai xadim, Kremlin əsas ideoloqlarından biri Aleksandr Duqinin sosial şəbəkə hesabında paylaşdığı xəritə müzakirələrə səbəb olub.

Xəritədə ABŞ, Rusiya və Çin qlobal nizamın əsas aktorları kimi təqdim edilir və hər birinə müəyyən coğrafi məkan ayrılıb. Duqin bu xəritə ilə açıqca beynəlxalq münasibətlərdə çoxqütblülük ideyasının, daha konkret özünün “üçqütblü dünya modeli"ni əks etdirir.

Misal üçün, ABŞ-a Amerika qitələri, Qrenlandiya və Yaponiya, Rusiyaya Avropa və Afrika, Çinə isə Asiyanın böyük hissəsi və Okeaniya aid edilir.

Duqinin təqdim etdiyi modeldə kiçik və orta dövlətlərin müstəqil geosiyasi subyekt kimi mövqeyi arxa plana keçir, onların yerləşdiyi coğrafiya isə böyük güclərin strateji hesablamalarının tərkib hissəsinə çevrilib.

Duqinin paylaşımının vaxtı da təsadüfi deyil. O, xəritəni noyabrın 16-da, ABŞ, Rusiya və Çin liderlərinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşü ərəfəsində yayımlayıb. Duqinin bu görüşü “üçqütblü dünya sammiti” adlandırması onun hadisəyə hansı ideoloji çərçivədən yanaşdığını göstərir.

Mən, əslində A.Duqini elə də ciddi bir şəxs kimi qəbul etmirəm. Yaşlandıqca isə ümumiyyətlə ağlını itirir. Onun son paylaşımı da bunu təsdiqləyir. Əslində, Duqinin paylaşımı yeni bir şey deyil. Çünki o, uzun müddətdir dünyanı üç əsas sivilizasiya və güc mərkəzi üzərindən izah etməyə çalışır.

Duqinin yanaşmasında Qərb, Rusiya və Çin fərqli siyasi və sivilizasion modelləri təmsil edir. Lakin bu təsnifatda mühüm ziddiyyətlər var. Moskva və Pekin uzun illərdir Qərbin qlobal hegemonluğuna qarşı çıxaraq çoxqütblü dünya tələb edirlər. Duqinin modelində isə digər dövlətlərə bərabərhüquqlu iştirakçı olmaqdan daha çox, bu üç mərkəzin ətrafında mövqe seçmək rolu verilib. Bu isə çoxqütblülük anlayışı ilə ziddiyyət təşkil edir. Ən sadə formada, əgər birqütblü dünya ABŞ-ın üstünlüyü və digər dövlətlərin onun siyasi-iqtisadi təsirindən asılılığı kimi tənqid edilirsə, onda həmin sistemin üç böyük dövlətin təsir dairələrinə bölünməsi nə dərəcədə fərqli modeldir? Başqa sözlə, bir hegemonun yerini üç hegemonun tutması avtomatik olaraq ədalətli beynəlxalq sistem yaratmır.

Duqinin xəritəsində Rusiyaya ayrılan coğrafiya da başlı-başına ziddiyyətlərlə doludur. Misal üçün, Avropanın və Afrikanın Rusiyanın təsir məkanında göstərilməsi Moskvanın sadəcə postsovet məkanında deyil, daha geniş coğrafiyada aparıcı güc olmaq iddiasını əks etdirir. Halbuki Avropanın Rusiyanın təsir dairəsinə daxil edilməsi Moskvanın Qərblə münasibətlərindəki fundamental ziddiyyətlər fonunda gülməli görünür. Rusiya Avropa təhlükəsizlik arxitekturasında ABŞ-ın və NATO-nun dominant mövqeyinə qarşı çıxacaq, ya da yerini dolduracaq güc deyil. Ən önəmlisi, Avropa ölkələrinin hamısı Rusiyanın təsir dairəsinə daxil olmağa razı deyil.

Çin üçün də durum fərqli deyil. Duqin Pekinə Asiyanın böyük hissəsi, Okeaniya və ətraf əraziləri ayırıb. Aydındır ki, bu, Çinin iqtisadi, texnoloji və hərbi gücünün yüksəlişini nəzərə alan geosiyasi təsəvvürdür. Lakin Asiya dövlətləri avtomatik olaraq Pekinin regional üstünlüyünü qəbul etmirlər. Xüsusilə Hindistan faktoru buraxılan ən böyük boşluqdur. Dünyanın ən çox əhalisi olan ölkəsi, nüvə silahına malik böyük dövlət və BRICS-in aparıcı üzvlərindən biri olan Hindistanın ayrıca güc mərkəzi kimi göstərilməməsi bir kənara qalsın, Çinin təsirində göstərilib. Halbuki Hindistan nə Vaşinqtonun, nə Moskvanın, nə də Pekinin siyasi orbitində tam şəkildə yer almaq istəyir. Yeni Dehlinin xarici siyasəti strateji muxtariyyət prinsipinə əsaslanır. Hindistan həm ABŞ-la müdafiə və texnologiya sahəsində əməkdaşlıq edir, həm Rusiya ilə münasibətlərini qoruyur, həm də Çinlə rəqabət aparır. Onu Çinin təsir dairəsinə daxil etmək Hindistanın öz geosiyasi ambisiyalarını nəzərə almamaq deməkdir.

Bundan başqa, Çinlə Rusiyanın maraqları sanki birmənalı şəkildə üst-üstə düşürmüş kimi bir sadəlövh yanaşma sərgilənib. Halbuki Mərkəzi Asiyada hər iki ölkənin iqtisadi və strateji maraqları mövcuddur. Moskva bu regionu tarixi təhlükəsizlik və təsir məkanı kimi görürsə, Pekin üçün Mərkəzi Asiya enerji təhlükəsizliyi, ticarət, nəqliyyat və “Bir kəmər, bir yol” təşəbbüsünün mühüm istiqamətidir. Bu səbəbdən Duqinin xəritəsi ilə real siyasət sərhədləri xeyli fərqlidir.

Xəritənin Azərbaycan baxımından düşündürücü tərəfləri var. Belə ki, Cənubi Qafqaz ənənəvi olaraq Rusiyanın təsir dairəsində göstərilib. Halbuki Kreml ildən-ilə regiondakı təsirini və mövqeyini zəiflədir. Hətta deyərdim, bu prosesdə balans Bakının xeyrinə dəyişib. Ən sadə şəkildə deyim ki, Duqinin xəritəsindəki üç güclə Azərbaycan strateji tərəfdaşlıq sazişi imzalayıb. Bundan başqa, Azərbaycan ABŞ ilə TRIPP layihəsi, Rusiya ilə Şimal-Cənub nəqliyyat yolu, Çin ilə isə Transxəzər layihəsi üzrə əməkdaşlıq edir. Yəni Cənubi Qafqaz artıq əvvəlki geosiyasi reallıqlarla idarə olunan region deyil. Bakı açıqca hansısa güc mərkəzinin təsir dairəsinə düşmək istəmədiyini də bəyan edib.

Mənə görə, bu xəritə mövcud reallığı deyil, müəyyən geosiyasi məktəbin arzuladığı dünya nizamını nümayiş etdirir. Belə bir nizam isə arzudan o tərəfə keçə bilməz.

Turan Rzayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR