Kirayəçi evdən çıxmırsa, ev sahibi nə etməlidir? - Şərh 

Kirayəçi evdən çıxmırsa, ev sahibi nə etməlidir? - Şərh 

CƏMİYYƏT

Bugün, 16:55

"Kirayəçinin kirayə müddəti başa çatdıqdan sonra və ya müqavilə şərtlərini pozmasına baxmayaraq mənzili boşaltmaqdan imtina etməsi ev sahibi üçün ciddi hüquqi problem yarada bilər. Lakin belə hallarda ev sahibinin emosional davranması, özbaşına mənzilin qıfılını dəyişməsi, kirayəçinin əşyalarını çıxarması və ya kommunal xidmətləri dayandırması hüquqi baxımdan əlavə məsuliyyətə səbəb ola bilər".

Bu sözləri Mia.az-a müsahibəsində Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli deyib.

Onun sözlərinə görə,  ilk növbədə, ev sahibi kirayə müqaviləsinin şərtlərini, müddətini və müqaviləyə xitam verilməsi əsaslarını diqqətlə nəzərdən keçirməlidir:

"Kirayəçiyə mənzilin boşaldılması ilə bağlı yazılı bildiriş təqdim edilməli, mövcud borclar və müqavilə pozuntuları sənədləşdirilməlidir.

Əgər kirayəçi qanuni tələbə baxmayaraq mənzili boşaltmırsa, ev sahibi məhkəməyə müraciət edərək kirayəçinin mənzildən çıxarılmasını və hüquqi əsaslar mövcud olduqda dəymiş zərərin və kirayə borcunun ödənilməsini tələb edə bilər. Məhkəmə qərarının icrası isə qanunvericiliklə müəyyən edilmiş icra prosedurları əsasında həyata keçirilməlidir.

Burada əsas prinsip ondan ibarətdir ki, mülkiyyət hüququ toxunulmazdır, lakin bu hüququn həyata keçirilməsi də qanunun tələbləri çərçivəsində olmalıdır. Ev sahibi öz mülkiyyət hüququnu özbaşına deyil, hüquqi mexanizmlər vasitəsilə müdafiə etməlidir.

Nəticə etibarilə, kirayəçinin mənzili boşaltmaqdan imtinası ev sahibini hüquqsuz vəziyyətə salmır. Sadəcə, problemin həlli şəxsi müdaxilə ilə deyil, müqavilə, qanun və məhkəmə mexanizmləri əsasında təmin edilməlidir".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR