İlham Əliyev Xankəndi və Şuşada - FOTOLAR (Yenillənib)

İlham Əliyev Xankəndi və Şuşada - FOTOLAR (Yenillənib)

GÜNDƏM

Bugün, 09:55

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.

Mia.az xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitetin Klinikasının baş direktoru Samir Babayev burada yaradılmış şərait barədə dövlət başçısına məlumat verdilər.

Bildirildi ki, təsdiq edilmiş memarlıq-planlaşdırma həllinə uyğun həyata keçirilən işlər çərçivəsində mövcud mühəndis-kommunikasiya sistemləri yenidən qurulub, şöbənin müasir tələblərə uyğun təşkili təmin edilib.

Təcili tibbi yardım şöbəsində xəstələrin qəbulu, müayinəsi və müalicəsinin səmərəli təşkili məqsədilə müasir tələblərə cavab verən funksional zonalar yaradılıb. Burada reanimasiya, uşaq pediatriya sahələri, palata, tibbi xidmətlərin və gündəlik fəaliyyətin təşkili üçün dərmanların saxlanılması və xidmətçi otaqları var. Şöbənin müvafiq tibbi avadanlıq və müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilməsi onun funksional imkanlarının genişləndirilməsinə və tibbi xidmətlərin səmərəli təşkilinə imkan yaradır. İlkin qiymətləndirilməsi aparılmış pasiyentlərin tibbi göstərişlərə uyğun olaraq digər müəssisələrə köçürülməsi üçün reanimasiya və intensiv terapiya imkanları ilə təchiz edilmiş təcili tibbi yardım avtomobilləri mövcuddur.

Klinikada hazırda 70 stasionar, o cümlədən 5 reanimasiya çarpayısı var. Əlavə olaraq Təcili yardım şöbəsində 19 çarpayı və 5 əməliyyat zalı nəzərdə tutulub. Beləliklə, burada eyni vaxtda 70 stasionar və 19 təcili yardım pasiyentinə xidmət göstərmək mümkün olacaq.

Tibb müəssisəsində 2027-ci il üzrə inkişaf planı çərçivəsində ümumilikdə 230-250 əməkdaşın çalışması proqnozlaşdırılır.

Universitet Klinikasının əsas missiyası yalnız tibbi xidmət göstərmək deyil, eyni zamanda, müasir tibb təhsili, klinik təcrübə və gələcəkdə elmi-tədqiqat fəaliyyətini birləşdirən tibb mərkəzi kimi inkişaf etməkdən ibarətdir.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.

Mia.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsili Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.

İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.

Şuşa Peşə Təhsili Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən elektron kitabxana, tədris və yataq, istirahət və fitnes otaqları, ictimai iaşə obyekti yerləşir.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun formalaşdırılmasıdır. Ölkə miqyasında son illərdə yüzlərlə yeni məktəb binasının inşası, mövcud tədris ocaqlarının əsaslı təmiri və ən son texnoloji avadanlıqlarla təchiz olunması gənc nəslin yüksək standartlara cavab verən təhsillə təmin edilməsinə geniş imkanlar açıb. Bu baxımdan Şuşa Peşə Təhsili Mərkəzi böyük əhəmiyyətə malikdir. Mərkəz bölgədə geniş vüsət alan bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların, peşəkar mütəxəssislərin hazırlanmasında mühüm platformaya çevriləcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib.

Mia.az xəbər verir ki, dövlət başçısına binalarda yaradılacaq şərait barədə məlumat verildi.

Bildirildi ki, kitabxana tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsi, müasir informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və tələbəyönümlü akademik mühitin formalaşdırılması baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq, tələbə və əməkdaşların təhsil, elmi-tədqiqat və informasiya ehtiyaclarının qarşılanmasına, müstəqil öyrənmə və tədqiqat bacarıqlarının inkişafına, həmçinin professor-müəllim heyətinin elmi fəaliyyətinin dəstəklənməsinə xidmət edəcək.

Müasir standartlara cavab verəcək dördmərtəbəli binada eyni vaxtda təxminən 1100 tələbənin istifadəsinə imkan verən funksional oxu zallarının, fərdi və qrup şəklində öyrənmə, görüş və akademik əməkdaşlıq üçün nəzərdə tutulan məkanların yaradılması planlaşdırılır. Universitetin akademik ehtiyaclarını qarşılamaqla və potensialını gücləndirməklə yanaşı, region ictimaiyyəti üçün də informasiya mənbəyi rolunu oynayacaq kitabxana binası elmi müzakirələrin, bilik və təcrübə mübadiləsinin təşviqinə, universitetlə əhali arasında əlaqələrin genişləndirilməsinə və Qarabağda sosial-mədəni mühitin inkişafına töhfə verəcək.

Qeyd edilib ki, Qarabağ Universitetinin İnnovasiya Mərkəzi innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, elmi-tədqiqat nəticələrinin praktiki tətbiqinin təşviqi, müasir texnologiyaların və innovativ ideyaların dəstəklənməsi baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq. Mərkəz tələbələrin yaradıcılıq, tənqidi düşünmə və problem həlletmə bacarıqlarının inkişafına, innovativ təşəbbüslərinin dəstəklənməsinə, həmçinin universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək.

Mərkəz, eyni zamanda, Qarabağ regionunun sosial-iqtisadi inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsi, yerli ehtiyaclara uyğun innovativ həllərin hazırlanması və universitetlə dövlət qurumları, özəl sektor və digər tərəfdaşlar arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli rol oynayacaq. Mərkəz universitetdə innovasiya mədəniyyətinin formalaşmasına, elmi biliklərin iqtisadi və sosial dəyərə çevrilməsinə, həmçinin Qarabağ regionunda texnoloji inkişafın, sahibkarlığın və bilikəsaslı iqtisadiyyatın təşviqinə töhfə verəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR