Kifli çörək, AQTA və №1-in təlaşı...

Kifli çörək, AQTA və №1-in təlaşı...

CƏMİYYƏT

Bugün, 19:41

Kifli çörək söhbəti davam edir…

Mövzunu izləyənlər yaxın gəlsin, çayınızı süzüb oturun, bir az uzun olacaq…Məni AQTA-ya çağırmışdılar…

Deməli, oktyabrın 28-də məlum statusu yazandan heç 10 dəqiqə keçməmişdi, AQTA-dan mənə zəng gəldi. Məsul şəxs dedi ki, müraciətiniz nəzarətə götürülüb, marketin dəqiq ünvanını deyin. Dedim ki, 9-cu mkr, MirCəlal küçəsindəki Bolmart.

Təxminən 2 saatdan sonra AQTA-nın başqa əməkdaşı mənə zəng edib bildirdi ki, Bolmartda piştaxtadakı Nömrə1-ə aid Qarabaşaq çörəklərinə baxış keçirib, heç bir nöqsan, kif və s aşkarlamayıb.

Dedim ki, ay müəlim, əgər rəsmi tədbirdə olmasaydım, çörəkləri zatən AQTA-ya gətirəcəkdim, vaxtım çatmadı deyə, şəklini çəkib post yazdım….Mən boyda adam yalan danışmıram və bu paylaşımdan heç bir “mənfəət” güdmürəm…Dedilər, sizə inanırıq….

Üstündən bir az da keçdi, həmin əməkdaş zəng vurdu ki, rəhbərliyimiz sabah 11-də sizi AQTA-ya dəvət edir, çörəyi də götürüb gəlin, sizinlə bərabər istehsalçının nümayəndəsi də dəvət olunub. Razılaşdım və vədələşdik…

Bir az keçdi, mənə Nomrə1-dən də zəng gəldi. Məni öncədən yaxşı araşdırmışlar, vəzifəmdən tutmuş layihəmə qədər xəbərdar idilər…Zəng edən əməkdaş mənə o qədər ali səviyyəli hörmət sərgilədi və öz zəngini elə bir ədəb-ərkan çərçivəsində izah etdi ki, az qaldım qayıdıb o kifli çörəkdən birini də alam))

Zarafat bir yana, söhbətimiz çox konstruktiv alındı, dedilər ki, biz öz işgüzar nüfuzumuzun qeydinə qalan şirkətik, problemin səbəbini araşdıracağıq, sizin kimi müştərini itirmək istəməzdik…Eyni zamanda məni zavoda-istehsal prosesi ilə tanışlığa dəvət etdilər. Dedilər ki, lap istəyirsiniz ailə üzvlərinizlə birgə gəlin öz gözünüzlə görün ki, bizim necə avadanlığımız var, çorəyin içinə hər hansı yad maddə dəyə bilməz…Dəvət üçün təşəkkür etdim, amma təəssüf ki, belə vaxtaparan ekskursiyaya boş zamanımımız olmadığını bildirdim.

Dedilər bütün qlütensiz çörək növlərimizdən sizə pay göndərək, dedim ta mən heç vaxt qorxumdan sizin çörəkləri yeməyəcəyəm)) Həqiqətən də o gündən bəri almıram.

Təyin olunan vaxtda AQTA-ya getdim. Nömrə1-in keyfiyyətə nəzarət şöbəsinin səlahiyyətli nümayəndəsi da gəlmişdi. O, məsuliyyətli və savadlı mütəxəsis təsiri bağışlayırdı, peşəsi haqda özgüvənlə danışırdı. Sonradan öyrəndim ki, elə bu cürdür, yaxşı mütəxəssidir.…

Bizi AQTA Bakı regional bölməsini rəis müavini qəbul etdi. Gənc bir oğlan idi, yanında sektor müdiri və xanım əməkdaş əyləşmişdi. Dövlət qurumlarının bir qismində rastlaşdığımız məmur etinasızlığı və təkəbbürdən uzaq bir ortam idi, vətəndaşı günakhar çıxarmaq, “sən səhv başa düşmüsən, elə deyil” tendensiyası qətiyyən yox idi.

Ümumiyyətlə, söhbət boyunca problemlə bağlı müraciət etdiyim və ictimailəşdirdiyim üçün təşəkkür etdilər. “Bu cür hallara qarşı bütün vətəndaşlar fəal olmalıdır, sizin şübhəniz olub o çörək dilimlərini yeməmisiniz, başqası, məsələn bir uşaq yeyib bəlkə zəhərlənə bilərdi” deyə mənə haqq verdilər.

Nə isə…Öncə məni dinlədilər, olayı detallı danışdım. Özümlə apardığım çörək dilimlərini sübut kimi ortaya qoydum və emulsiya iyi verən, boya sandığım ləkəni göstərdim. AQTA təmsilçiləri də, istehsalçının nümayəndəsi də bunun ÇƏHRAYI KİF olduğunu bildirdi.

Çörək zavodundan gələn şəxs bu kifin yaranmasının mümkün səbəblərini sadaladı. Buğdanın tərkibindən keçən xəstəliklərdən tutmuş, istehsal xətası, marketdə saxlanma şəraiti və temperaturu, istehsalçıya qarşı təxribat və s- çoxlu ehtimali səbəblər göstərdi. Dedi ki, status yazılandan zavodda bütün əlaqədar mütəxəsislər bu məsələni müzakirə edir və ən çox üzərində dayandığımız məsələ çörəyin istehsal tarixinin dəyişdirilməsidir. Çörəyin qablaşmasının başına vurulan bantdakı tarix dəyişdirilib, köhnə çörəyə yeni tarix vurulmuş ola bilər, bu bir dəfə də başımıza gəlib. Ən çox bu cür “təxribata” əl atanlar geri qaytarılan məhsulun sayını azaltmağa çalışan “ekspeditor” (məhsulu daşıyan şəxs) ola bilər. Çünki iadə çox olanda onların maaşından faiz tutulur. Bu, sadəcə şirlətin hələlik üzərində dayandığı ehtimaldır, amma kifin səbəbini laborator şəraitdə araşdırıcağıq.

İstehsalçının bu sözlərinə AQTA nümayəndələri haqlı iradla cavab verdilər-əgər belə bir ehtimal varsa və daha öncə də başınıza gəlibsə, o zaman məhsulun istehsal tarixini açıla bilən banta yox, torbanın üzərinə yapışdırın, heç kəs qopara və ya dəyişə bilməsin. Nömrə1-in nümayədəsi dedi ki, ideya olaraq yaxşıdır, biz də bunu düşünmüşük, amma bunun üçün əlavə vəsait ayrılıb yeni avadanlıq alınmalıdır. Hələ ki, əlimizdəki avadanlıq məhz bu şəkildə tarix yazmağa imkan verir.

Söhbətdə mənə çörəkdə rast gəlinə beləcək kif növləri haqda məlumat verildi. Yaşıl və mərcan rəngdə kif görmüşdüm, çəhrayı kifin olduğunu da öyrəndim. Yəni, ay camaat, siz də un məmulatı alanda üzərində müxtəlif rənglərdə ləkə görsəniz, ilk növbədə kif olduğunu düşünün, dəqiqləşdirin, sonra yeyin.

Söhbətdə Nömrə1 zavodunun əməkdaşı dedi ki, biz çox narahat olmuşuq, istəməzdik ki, belə bir insident baş versin, Səadət xanımın postunu müxtəlif sayt və instaqram səhifələri təhrif edərək paylaşıb, işgüzar nüfuzumuzu hədəfə alırlar. Bizdə çörək məmulatına müxtəlif kimyəvi maddələr qatılmır ki, istehsal xətası kimi bu maddələrdən hansısa artıq-əskik olsun və çörəyin içində qalsın. Çörəyə yalnız 1 maddə (kimyəvi adını dedi) qatılır ki,10 gün xarab olmasın, bütün məhsullarımızın 10 gün rəf ömrü var, 10 gündən sonra rəfdən yığışdırılır.

Bu söhbətdə onu da öyrənmiş oldum ki, iadə olunan çörəklər müqavilə əsasında fermerlərə satılır, bəzilərinin dediyi kimi təzədən xəmirə qatıb təkrar çörək istehsal etmirlər.

Şirkət əməkdaşının sözlərinə görə, zavodda istehsal olunan hər məhsulun bir nümunəsini ayrıca otaqda 10 gün saxlayırlar ki, 10 gün ərzində onun başına nə gələcəyini nəzarətdə saxlasınlar. Və 10 gün ərzində heç bir məhsulda nöqsan aşkarlanmır. “Səadət xanım, istəyrisiniz elə buradan çıxan kimi gedək o nəzarət otağı ilə, məhsullarımızıa, iş prosesi ilə tanış olun….”-deyə öncə gələn dəvəti təkrar etdi. İstəmədim, dedim nə olusa olsun, zavodu gəzsəm də, özünüzü nə qədər tərifləsəniz də, mən daha sizin qlütensiz çörəklərinizi alan döyüləm…….

Kifli çörək dilimlərini analiz üçün istehsalçının təmsilçisinə verib, hamı ilə sağollaşıb çıxdım. Vətəndaş kimi məmnun qaldım, xüsusilə ona görə ki, “bu kif deyil, undur, sən başa düşmürsən” demədilər, hər iki tərəf problem etiraf etdi, araşdırmanın davam edəcəyini bildirdilər.

İndi mən Nömrə1-ə laborator analiz üçün verdiyim çörək dilimlərinə görə cavab gözləyirəm.

Yaxşı ki, yeyib zəhərlənməmişəm….Amma arada onları reklam etmiş oldum deyəsən…Bilməyən də bildi ki, bu zavodun qlütensiz çörəkləri varmış…

Səadət Məmmədova,

Mətbuat Şurasının İdarə Heyətinin keçmiş üzvü

P.S. Yazı müəllifin feysbuk hesabında yayılıb.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR