Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Cinayət-Prosessual Məcəllənin 100.2.1-ci, 100.3-cü və 469.4-cü maddələrinin həmin Məcəllənin 65.7-ci, 142.2-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 33-cü fəslinin bəzi normaları ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F. Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F. Abbasovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L. Məmmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Cinayət-Prosessual Məcəllənin 92.4.8 və 100-cü maddələrinin tələbləri, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin Məcəllənin 100.2.1-ci maddəsində göstərilən “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs” müddəası Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş əsaslarla, mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyətinin olmaması təsdiq edilmiş şəxsi nəzərdə tutur və belə qətnamə (şəxsin məhkəmə qaydasında təkrar fəaliyyət qabiliyyətli hesab edildiyi hal istisna olmaqla) cinayət prosesini həyata keçirən orqan tərəfindən zərərçəkmiş şəxsə, mülki iddiaçıya, şübhəli və təqsirləndirilən şəxsə, habelə mülki cavabdehə qanuni nümayəndənin təyin edilməsi üçün əsasdır.