Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı II Beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı II Beynəlxalq elmi-praktik konfrans keçiriləcək

MƏDƏNİYYƏT

Bugün, 14:02

29-30 oktyabr tarixlərində Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Mia.az xəbər verir ki, Vətən müharibəsində Qələbənin 6-cı ildönümünə həsr olunan tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə baş tutacaq.

Konfransın məqsədi Azərbaycanın qədim dövrlərdən bugünədək formalaşmış silahşünaslıq tarixinin elmi əsaslarla araşdırılmasını genişləndirmək, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda qorunan Azərbaycana aid silah nümunələri haqqında məlumat mübadiləsini təmin etmək, bu sahədə mövcud bilikləri dərinləşdirmək və yeni tədqiqat istiqamətlərini müəyyənləşdirməkdir.

Konfrans çərçivəsində “Azərbaycanın silahşünaslığına dair yeni tədqiqatlar”, “Tarixi silahların mühafizəsi, bərpası və nümayişi problemləri”, “Tarixi silahların incəsənətdə yeri və rolu”, “Tarixi silahlar Azərbaycan bədii sənətkarlığının tərkib hissəsi kimi: ənənənin bərpası” mövzularında akademik sessiyalar keçiriləcək.

Tədbirdə Azərbaycan və Türkiyənin müxtəlif elm və təhsil müəssisələrində, muzeylərində çalışan mütəxəssislərinin, eləcə də müstəqil tədqiqatçıların silahşünaslıq elminin aktual məsələlərinə həsr olunmuş 47 məruzəsi dinləniləcək. Həmçinin onlar arasında fikir və təcrübə mübadiləsi aparılacaq, elmi əlaqələrin gücləndirilməsi, gələcəkdə ortaq tədqiqat layihələrinin reallaşdırılması və silahşünaslığın beynəlxalq miqyasda təbliği istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Konfrans zamanı “İRS - Heritage” jurnalının Azərbaycan silahşünaslığına həsr edilmiş növbəti nömrəsi təqdim olunacaq.

Qeyd edək ki, konfrans materialları elektron toplu formatında hazırlanıb və ADMİU-nun müvafiq platformasında yerləşdiriləcək.

Azərbaycan Milli Xalça Muzeyində keçiriləcək bu elmi-praktik konfrans silahşünaslıq sahəsində aparılan araşdırmaların daha sistemli inkişafına təkan verəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR