Zahid Oruc Milli Məclisdə: ”Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz”

Zahid Oruc Milli Məclisdə: ”Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz”

SİYASƏT

Bugün, 11:51

"Müzakirəmizə təqdim olunan qanun layihəsi mahiyyət etibarilə uyğunlaşdırma xarakteri daşıyır. “Dövlət xidmətləri haqqında” Qanunun icrası ilə əlaqədar mövcud qanunvericiliyin təkmilləşdirilməsi, elektron xidmət anlayışının dəqiqləşdirilməsi və Elektron Hökumət İnformasiya Sisteminin – EHİS-in tətbiq imkanlarının genişləndirilməsi nəzərdə tutulur".

Mia.az  xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında deyib.

Komitə sədri bildirib ki, dəyişikliklərin arxasında dövlətlə vətəndaş münasibətlərinin böyük tarixi inkişaf yolu dayanır: "Bir vaxtlar “dövlət xidməti” dedikdə vətəndaşın idarəyə gəlməsi, hakimiyyət təmsilçisi və məmurla əyani görüşməsi, sənədlərini şəxsən təqdim etməsi və cavab gözləməsi başa düşülürdü. Əlbəttə, birbaşa insan ünsiyyəti, fiziki qəbul və fərdi müraciət imkanları heç vaxt inkar olunmur və olunmamalıdır. Lakin müasir dövlətin gücü həm də vətəndaşın vaxtına qənaət etməsində, onu idarələr arasında zaman itirmək məcburiyyətindən azad etməsində və xidmətləri daha əlçatan etməsindədir.

Azərbaycan ASAN xidmət modeli ilə mühüm yeniliklərə imza atıb. İndi elektron xidmətlər və EHİS üzərindən elektron kabinet imkanlarının genişləndirilməsi dövlət idarəçiliyində növbəti mərhələdir. Hesab edirəm ki, gələcək mərhələ süni intellekt əsaslı dövlət xidmətləri olacaq. Vətəndaşın müraciətini anlayan, qanunvericiliyi izah edən, tələb olunan sənədləri müəyyənləşdirən və müxtəlif qurumların xidmətlərini əlaqələndirən intellektual platformalar dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilə bilər.

Lakin süni intellekt dövlət qulluqçusunun işini asanlaşdırmalı, dövlətin vətəndaş qarşısındakı hüquqi məsuliyyətini isə əvəz etməməlidir. Dövlət xidmətləri daha çox idarə yaratmağı tələb etmir, vətəndaşın idarəyə müraciət ehtiyacını azaltmaqdadır.

Yeni rəqəmsal platformların Azərbaycanda dövlət xidmətinin effektivliyni artıracağına inanırıq".

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR