Cənubi Koreyada rəzalət: 19 əlil qadını illərlə zorlayıblar

Cənubi Koreyada rəzalət: 19 əlil qadını illərlə zorlayıblar

DÜNYA

Bugün, 14:54

Cənubi Koreyada əlilliyi olan qadınların yaşadığı müəssisədə illərlə davam edən cinsi istismar iddiası ölkədə böyük qalmaqala səbəb olub. 

MİA.az xarici mediaya istinadən xəbər verir ki, İnçon şəhərinin Kanqva bölgəsində yerləşən Saekdongvon adlı müəssisədə yaşayan qadınların rəhbər tərəfindən cinsi zorakılığa məruz qaldığı müəyyənləşib. Araşdırma zamanı 19 qadının hadisələrdən zərər çəkdiyinə dair sübutlar əldə olunub.

İstintaq 40 yaşlarında olan Seo Mi-hyon adlı qadının anasının müraciətindən sonra başlayıb. 2016-cı ildə müəssisəyə yerləşdirilən qadın burada rəhbər Kim tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib. Hadisə 2025-ci ilin fevralında yenidən hücum cəhdi zamanı üzə çıxıb. Qadının müqavimət göstərdiyi, rəhbərin isə ona şüşə stəkan ataraq başından yaraladığı bildirilib.

Qızının xəsarət almasının səbəbini araşdıran ana müəssisənin təhlükəsizlik kameralarının görüntülərini tələb edib. Görüntülər təqdim edilmədikdən sonra qızını müəssisədən çıxaran qadın polisə müraciət edib.

Araşdırmanın genişləndirilməsi nəticəsində müəssisədə yaşayan 17, əvvəllər orada qalmış iki qadının da cinsi istismara məruz qaldığı barədə məlumatlar ortaya çıxıb. Ağır əqli əlilliyi olan qadınların yaşadıqlarını ifadə etməkdə çətinlik çəkməsi səbəbindən mütəxəssislər onların vəziyyətini müəyyənləşdirmək üçün müşahidə, oyun və şəkillərdən istifadə ediblər. 

Seul Mərkəzi Dairə Məhkəməsi müəssisənin keçmiş rəhbəri Kimi üç əlilliyi olan qadına qarşı cinsi zorakılıqda və daha bir qadına fiziki hücumda təqsirli bilib. O, 15 il müddətinə azadlıqdan məhrum edilib və 10 il ərzində uşaqlar, gənclər və əlilliyi olan şəxslərlə bağlı müəssisələrdə işləməsinə qadağa qoyulub. Kim ittihamları rədd edib və sentyabrın 4-də qərardan apellyasiya şikayəti verib. 

Bundan başqa, müəssisədə yaşayan 87 əlilliyi olan şəxs və 152 əməkdaşla bağlı geniş araşdırma aparılıb. Cinsi zorakılıqla yanaşı, fiziki şiddət və qanunsuz məhdudlaşdırma iddiaları da araşdırılıb. Altı əməkdaşın müəssisə sakinlərinə qarşı zorakılıq və pis rəftar etdiyi bildirilib.

Hadisə Cənubi Koreyada əlilliyi olan şəxslərin qapalı müəssisələrdə təhlükəsizliyi və hüquqlarının qorunması ilə bağlı ciddi müzakirələrə səbəb olub.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR