"Mən bəyəm Namiq Qaraçuxurluyam ki,...” - Seymur Baycandan gündəmlə bağlı müsahibə

img

16-10-2014 [18:09]


Seymur Baycanın yenidən müzakirə hədəfinə çevrilməsi, gündəmə gəlməsi yaxın dostu, Almaniyada yaşayan Günel Mövludun statusundan sonra baş verdi. Şairə üzərində Seymur və Leyla sözləri yazılmış bir tort şəkli paylaşıb, onun nişanlandığını elan etdi. Üstəlik, "Seymur yanımdadır, məni danlayır...” tipli statusları da postmodernist yazarın Almaniyada olması, ora mühacirət etməsi barədə rəyləri möhkəmləndirdi. 

Yəni, ümumi nəticəyə görə, Seymur mühacirətdədir və evlənməyə hazırlaşır... Üstəgəl, "keçmiş partiyası” Müsavatda baş verənlər, medianın durumu, yaradıcılığı ilə bağlı sualları da əlavə etsək, söhbətləşməyə bəhanə çoxdan yaranmışdı. 

Virtual da olsa, S.Baycanla sadaladığım mövzularda danışa bildik. Bir az tikanlı, bir az kəskin, amma yenə seymurvari... 

-Birinci ondan başlayaq ki, Seymur Baycan Almaniyaya təməlli köçüb, ya turistik səfərə çıxıb? Son vaxtlar ictimai sektor nümayəndələri arasında ölkəni tərk edənlərin sayı artdığı üçün ayağını sərhəddən qoyan hər kəsə bu sual verilir.

- Mən Almaniyada deyiləm, Tiflisdəyəm. Həmişə gəlib getdiyim yerdir. Sadəcə son vaxtlar ölkədən gedənlərin sayı artdığı üçün adamlar elə düşünürlər ki, mən də ölkədən getmişəm. Burda olmağımın bir neçə səbəbləri var. Yaxın günlərdə qayıdacam ölkəyə. Almaniya söhbəti hardan çıxıb bilmirəm. 

- Yəqin Almaniyada yaşayan Günel Mövludun səninlə bağlı tez-tez xəbər, status paylaşmasının nəticəsidir... 

- Bilmirəm, ola bilər. Hər halda, mən Almaniyada deyiləm. 

- Tiflis sənin vazkeçilməzindir... Nə zaman səni itirsək, Tifliisdə tapırıq. 


"Hökumət saytlarında adamları 500-700 manata girov götürüblər” 


- Tiflisdə qiymətlər münasibdir, oksigen boldur, yaşıllıq çoxdur. Bakı səs-küylüdür, tozludur və ən əsası Bakıda  mənasız  bahaçılıq hökm sürür. Bizdə pulu verirlər əlimizə, sonra da tutub pulu asanlıqla əlimizdən alırlar. Biz elə bilirik ki, beş yüz, səkkiz yüz manat maaş alırıq. Üstündən bir az keçəndən sonra baxırıq ki, o pul artıq cibimizdə deyil. Demək pulu əlimizdən çox asanlıqla tutub alırlar. Hərdən Bakıda olanda mənə elə gəlir ki, deyəsən tez-tez pul itirirəm. Bakıda pul xərcləyəndə heç bir zövq almıram. Bir tanışım buna yaxşı bir şərh vermişdi. Biz Azərbaycanda nə ediriksə, birinci olaraq bunu başqaları üçün edirik, sonra da özümüz üçün edirik. Məsələn, əgər  biz bir şalvar alırıqsa şalvarın birini başqası üçün alırıq,  sonra da birini də özümüz üçün alırıq. Bir stəkan çay içiriksə,  bir stəkan çayın pulunu başqası üçün veririk, sonra özümüz üçün veririk. 

- Problem təkcə bahaçılıqdadır? 

- Təkcə onda yox. Bakıda doğurdan da mənasız bahaçılıq hökm sürür. Bəlkə də bu bahaçılığa mənasız deməklə, fikrimizi yüngül ifadə edirik. Əslində bu soyğunçuluqdu. Bakıda oturursan bir çayxanada, mütləq gətirib adama çay dəsgahı - ləpə, paxlava  təklif edirlər  və ayağa duranda da adamdan iyirmi manat pul alırlar. Bu nə deməkdir? Bu nə tərbiyəsizlikdir? İyirmi manat qırx laridən artıq edir. Qırx lariyə Tiflisin ortasında dörd  adam ürəyi istəyən səhər yeməyi yeyə bilər. Nəyə görə mən  çay içəndə çayın  ətrafındakıları da  almalıyam?  

Başqa bir problem də var. Bir adam sevgilisi, ailəsi ilə oturub hardasa istirahət etmək, bir stəkan çay istəyirsə, mütləq şəhərin mərkəzinə gəlməlidir. Çünki infrastruktur yoxdur. Hər şey kişilər üçün düşünülüb. Adamlar açıqlıqda, təmiz havada, zalda  deyil, mütləq kabinetdə oturmağa üstünlük verirlər. Çünki insanlar bir-birlərinə əmin deyillər. Adamlar bilirlər ki, bir az keçdikdən sonra yan masada kim isə söyüş söyəcək, dava salacaq. Ya gərək onlara baş qoşasan, ya da qanın qaralacaq, yediyin-içdiyin burnundan gələcək.  Bakıda Qara Qarayev metrosu tərəfdə yaşayıram. Aşağı düşüb normal bir çay, kofe içəcək yer yoxdur. Mütləq gərək qarın açmalısan, nələrisə sifariş verməlisən. 

"Mən bəyəm Namiq Qaraçuxurluyam ki, evlənmək xəbərim saytların xəbərinə çevrilsin?”


Amma burda vəziyyət  fərqlidir. İstəyirsən səhər-səhər gəl bir stəkan kofe, çay iç. Heç kim sənə onun yanında ləpə, paxlava soxuşdurmayacaq. Bizdə isə  oturan kimi bir də görürsən, iki adam əlində podnos başının üstünü kəsdirdi. A kişi, get menyunu gətir, özüm bilərəm nə  sifariş edəcəm. Belə soyğunçuluq olmaz axı? O boyda Qara Qarayevdə məni evdən bayıra çıxardacaq bir normal kafe yoxdur ki, gedim orda oturum kofemi, çayımı içim, bir az düşünüm, kitabımı oxuyum. Bu baxımdan Tiflis mənim üçün çox sərfəlidir. Min manatı qoyuram cibimə, qatara iyirmi beş manat pul verirəm. Sabah oluram Tiflisdə. Cibimdəki min manat bir gecədə olur üç min manat. Bir yandan baxanda da mənim mühitim Bakıdadır. Düzdü, dostlarımın çoxu ölkəni tərk edibdir. Amma yenə də mövzulardan uzaqlaşmamaq üçün mənim üçün Bakı önəmli şəhərdi. 

-Evlənmə söhbətinə də toxunaq. Bütün sosial şəbəkə sənin evlənəcəyinlə bağlı danışır. Bu, doğru xəbərdir, ya...?

- Camaatın deyəsən işi-gücü yoxdur, darıxırlar. Mən bəyəm Namiq Qaraçuxurluyam ki, evlənmək xəbərim saytların xəbərinə çevrilsin? Görünür, ağır siyasi vəziyyət bu kimi xəbərlərə daha çox önəm verməyi şərtləndirir. Ümumiyyətlə, son vaxtlar saytlar facebookdan xeyli dərəcədə xəbər düzəldirlər. Baxıram adamların statusundan nə qədər xəbər, yazı düzəldirlər. Nədir bu tənbəllik, kasıbçılıq? Əgər facebook xəbər mənbəyi olacaqsa, saytları, qəzetləri bağlasınlar. Adamlar da oturub evdə bir-birlərinin statuslarını oxusunlar. 

- Bu o deməkdir ki, sən bu suala cavab vermirsən... Nə inkar edirsən, nə təsdiq...

- Cavab vermək istəmirəm. Bu sual əsəbiləşdirir məni. 

- Yaxşı, siyasətdən danışaq?

- Olar. 

"Bakıda pul xərcləməkdən heç bir zövq almıram”


 - Məsələn, vaxtilə üzvü olduğun Müsavat Partiyasında son günlər yaşananlardan...
- Olmalı olanlar baş verir. İdeyanın, əqidənin yox, şəxsin üstündə qurulmuş şəxsin ətrafında yığışmış partiyada belə olmalı idi. Bu haqda bir neçə yazı yazmışam. Belə getsə, Ən Yeni Müsavat partiyasının yaranmasının şahidi olacağıq. İsa Qəmbər belə baxanda siyasətdən getdi. İndi müsavatçılar az qala istəyirlər, təzədən çağırıb desinlər ki, gəl, partiyanı idarə et. Kitabsız-dəftərsiz mübarizənin sonu belə olmalıdı. "Azadlıq” qəzeti də guya gündəmi tutub. Partiyada baş verənlər haqqında partapartla xəbərlər verirlər. Guya Əli Kərimli cəbhədən getsə, onlarda başqa cür olacaq? Əli Kərimlisiz də Xalq Cəbhəsi eyni aqibəti yaşayacaq. Bu adamlar köhnəliblər. Zamanla uyğunlaşa bilmirlər. Ümumiyyətlə, bu adamların siyasi səhnədən birdəfəlik getməsi çox yaxşı olar. Təfəkkür baxımdan Zahid Orucla müxalifət partiyaları funksionerlərinin arasında heç bir fərq yoxdur. Eyni adamlardı. Bu insanlar özlərində cəsarət tapıb, xalqdan, ümidlərini öldürdükləri adamlardan üzr istəməlilər. 

-Seymur, bəs mətbuatın durumu? Sən daim qəzetləri ciddi izləyən biri olmusan... Az öncə facebook "xəbərçiliyinə” toxundun. Bəs ümumən necədi bu sahədə vəziyyət? 

-Bəzən deyirlər ki, hakimiyyətə yaxın saytların ölkənin ictimai-siyasi həyatına təsir imkanları aşağıdır. Ola bilsin ki, bu, belədi. Amma məsələ ondadır ki, həmin saytlarda adamları 500-700 manata girov götürüblər. Yəni, deaktiv ediblər. Belə deyək ki, bir növ yazıb-poza bilən adamlar üçün iş yerləri açıblar ki, bekarçılıqdan lazım olmayan işlərlə məşğul olmasınlar. Onlar da səhər işə gedib axşama qədər nəsə yazırlar. Yaza-yaza yazmayanlar ordusu yaranıb. Əyləncə mahiyyətli xəbərlərin sayı artıb. Ümumi ab-hava adamlara böyük təsir göstərib. İnsanlar ehtiyatla hərəkət etməyə məcburdular. Müxalifətə yaxın qəzetlər isə hadisələrə yanaşma, təfəkkür baxımdan zamanla ayaqlaşa bilmirlər. Bu da onların cəmiyyətə təsir imkanlarını azaldır. Ümumilikdə götürəndə isə, son vaxtlar baş verən hadisələr vəziyyəti ciddiləşdirib. Ən böyük bəlalardan biri də mənasızlıqdı. Son vaxtlar baş verənlər bir çox insanları mənasızlıqdan xilas etməkdədir. Ümumiyyətlə, cəmiyyət təhqir olunmuş vəziyyətdədir. Ən pisi də odur ki, onlar təhqir olunduqlarının fərqindədirlər. Ona görə də adamlar bir-birlərinə qarşı çox qəddar münasibətdədirlər. Bütün günü bir-birlərini vurub öldürürlər. Hamı qılıncını sıyırıb hazır vəziyyətdə dayanıb ki, biri ayağını bir balaca düz atmasa başını üzsün. Təhqir olunmuş cəmiyyətdə yaşamaq çox çətindi. Belə cəmiyyətdən hər şey gözləmək olar. Ən ağlagəlməz hadisələr baş verə bilər. 

"Təhqir olunmuş cəmiyyətdə yaşamaq çox çətindi” 


-Bəs sənin yaradıcılığında nə yenilik var? Nə üzərində işləyirsən? 

-Hazırda uşaqlar üçün hekayələr yazıram. Üstəlik məqalələr də. Ovqatım tez-tez dəyişir. Ölkəmizdə yaradıcı mühit yoxdur. Tiflisdə sənət mühiti daha gurdu. Yaxınlarda teatr festivalı keçirdilər. Festival xətrinə festival yox, həqiqi festival. Düzdür, Azərbaycanda da belə tədbirlər, festivallar keçirilir. Amma həmin festivalların adamlara dəxli yoxdur. Bir dəstə adamın məşhur sənətçilərlə şəkil çəkdirməsi, yemək yeməsi mədəni həyat demək deyil. İnsan resursundan söhbət gedir. Azərbaycanda azadlıq yoxdu və azadlığın olmaması sənət adamlarının həvəslə fəaliyyət göstərməsinə mane olur. Təşəbbüslər boğulur. Acından ölən Gürcüstan ilin dörd fəsli ən müxtəlif festivallar keçirir. Bizdə isə hara gəldi mərmər döşəməklə elə bilirlər regionun lider dövləti düzədirlər. Bilirsən, adamlar elə bilirlər ki, mənim işim-gücüm yoxdur, avara adamam. Elə bəhanə axtarıram özümüzü pisləməyə. Əsla elə deyil. Əgər inkişaf ora-bura mərmər döşəməkdən, nə bilim, binalar tikməkdən ibarət olsaydı, onda gərək Dubay dünyanın ən inkişaf etmiş ölkəsi sayılsın. Söhbət mədəniyyətdən gedir. Gürcüstan 2018-ci ildə Frankfurt kitab festivalında iştirak edəcək. Bu faktın nə demək olduğunu bilənlər bilir. Bir faktı da deyim. Tiflis konservatoriyası rektorunun 45 yaşı var. Özü də axşamlar klublardan birində saksafon çalır. 

- Amma bütün bu pessimistliyinə baxmayaraq, yazırsan... 

- Azərbaycanda pul çox olsa da, həqiqi yaradıcı mühit yoxdu. Buna baxmayaraq yazmağa məcburam. Adamların yazdıqlarıma necə münasibət göstərməsindən, necə qarşılamasından asılı olmayaraq. İki-üç aya uşaqlar üçün yazdığım hekayələr nəşr olunmalıdır. 

Sevinc Telmanqızı,
Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR