İcra başçıları həbs edilən həmkarlarından dərs alırmı? - "Prezidentin xəbərdarlığını qulaqlarından sırğa kimi asmalı və..."

İcra başçıları həbs edilən həmkarlarından dərs alırmı? - \"Prezidentin xəbərdarlığını qulaqlarından sırğa kimi asmalı və...\"

SİYASƏT

Bugün, 12:04

Azərbaycanda indiyədək onlarla icra başçısı fəaliyyətindəki nöqsanlara, korrupsiya əməllərinə görə ya həbs olunub, ya da vəzifədən azad edilib.

Daha bir belə qərar Yardımlının icra başçısı Ayaz Əsgərovla bağlı verildi və postundan uzaqlaşdırıldı. Həmçinin, Yardımlı rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazovun barəsində seçilmiş həbs qətimkan tədbirinin 30 noyabra qədər uzadılmasına məhkəmə tərəfindən qərar çıxarıldı.

Adıçəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) maddəsi ilə ittiham irəli sürülüb. Göründüyü kimi, ittiham rüşvətdir. Onların qanunsuz torpaq satışı ilə məşğul olduğu bildirilir.

Qeyd edək ki, Prezident icra başçılarına şəffaf işləməyi, xalqa xidməti tapşırıb, qanunsuz hərəkətlərə yol verənlərin isə cəzalandırılacağı barədə xəbərdarlıq edib. Amma hələ də nəticə çıxarmayanlar var.

Niyə İH-lər baş verənlərdən dərs götürmür? Yerli idarəetmə sistemində hansı model tətbiq olunmalıdır ki, məmurlar bir daha qanunsuzluğa yol verməsinlər?

Mia.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirdib ki, hamı qanun qarşısında bərabərdir.

Onun sözlərinə görə, hər kəs statusundan, vəzifəsindən asılı olmayaraq yol verdiyi qanunsuzluq qarşısında məsuliyyət daşıyır: "Yardımlı rayon İcra Hakimiyyətində aparılan həbslər növbəti dəfə qanun pozuntularından birinin aşkar olunmasıdır. İlk dəfə deyil ki, bölgələrdə qanunsuzluq, rüşvətxorluq halları üzə çıxarılır. Bundan sonra da belə həbslərin olacağını istisna etmirəm. Sadəcə, onu da deməliyəm ki, son illər yerli icra orqanlarının fəaliyyətində müəyyən pozitiv dəyişikliklər müşahidə olunur. Bir sıra icra hakimləri bəzi nəticələr çıxarıb, o cümlədən, nəzarət mexanizmi gücləndirilib. Amma vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər yenə də olacaq. Bundan qaçmaq mümkün deyil”.

Hüquq müdafiəçisi səbəbini insan amili ilə əlaqələndirib: “Harada insan varsa, orada qüsur olur. İkincisi, tamahkarlıq və arxayınçılıq rol oynayır. Həmin məmurlar hesab edirlər ki, etdiklərinə qarşılığında cəzasız qalacaqlar, amma nəticəsi Yardımlı rayon İcra Hakimiyyətində baş verənlər kimi olur. Ona görə də məmurlar cənab prezidentin xəbərdarlığını qulaqlarından sırğa kimi asmalı, cinayət varsa, cəzasının mütləq olacağını bilməlidirlər".

Hüquqşünas hesab edir ki, yerli idarəetmə orqanlarında islahatların davam etdirilməsinə hələ də ehtiyac qalır. Çingiz Qənizadənin fikrincə, İH-lərin ləğvi barədə vaxtaşırı çağırışlar səslənsə də, bu məsələ yalnız qanunvericiliyə dəyişikliklə mümkündür, yəni indi real deyil: “Bu strukturların fəaliyyəti barədə müxtəlif təkliflər eşidilir. Onlardan birinin ASAN xidmət modelinə keçid, digəri isə azad olunan ərazilərə prezidentin nümayəndələrinin təyin olunması kimi, digər bölgələrə də oxşar təyinat olmasıdır. Təbii ki, bütün bu fikirlər təklif olaraq dilə gətirilir, son sözü isə cənab prezident verir. Lakin istənilən halda, vətəndaşların yerli icra hakimiyyətlərindən şikayətləri deməyə əsas verir ki, reformalara zərurət var”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR