"Ziyalı cəmiyyətdə ancaq bozluq, alim həmkarlarında ancaq sxolastika görürsə, onda..." - Keçmiş komitə sədri

\"Ziyalı cəmiyyətdə ancaq bozluq, alim həmkarlarında ancaq sxolastika görürsə, onda...\" - Keçmiş komitə sədri

MƏDƏNİYYƏT

Bugün, 12:14

“Yazıçı Aqşin Yeniseyin Azərbaycan ziyalılarına, alimlərinə, yazıçılarna və siyasətçilərinə “sxolast”, “yaltaq” və “tutuquşu” damğası vurduğu məqaləsi “azad mütəfəkkir” manifesti iddiasındadır. Lakin Nitşe, Popper və Ramsey kimi böyük adların arxasında kifayət qədər bəsit bir təzahür görünür - qalmaqal və epataj üzərində qurulmuş nihilizm.  Hər tənqid irəliyə doğru addımdırmı? Dağıtmaq qurmaq demək deyil. Müəllif guya Azərbaycan mühiti tərəfindən batırılan “düşüncə Kolumbları”ndan yazır. Lakin gəlin sadə bir sual verək: Yeniseyin özü hər şeyi darmadağın etməkdən başqa ortaya nə qoyub? Hər kəsə — akademiklərdən və professorlardan tutmuş, həkimlərə, müəllimlərə və şairlərə qədər hamıya yuxarıdan aşağı baxaraq onları “sıfır səviyyəsi” elan etmək çox asandır. Bu gün bir qələm zərbəsi ilə üstündən xətt çəkməyə çalışdığı insanların illərlə apardığı arxiv və elm fəaliyyəti kimi zamanın sınağından çıxacaq bir əsər yaratmaq isə müqayisəolunmaz dərəcədə çətindir”.

 Bunu professor, fəlsəfə elmleri doktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.

 Alim bildirib ki, Nitşe haqqında yazılmış tədqiqat ədəbiyyatında, hətta onun kitablarının ön sözündə də dahi filosofu Avropanı bürüyən və onun bütün fəlsəfəsini qırxıb-keçən “qudurmuş qurd” kimi təsvir edirlər: “Lakin Nitşe nəhəng miqyaslı bir qiyamçı idi və zəngin Avropa düşüncə ənənəsi daxilində hərəkət edirdi. Bu gün gənc müəlliflər həmin “qurdun” dərisini əyninə geyinməyə çalışanda ortaya dəyərlərin böyük yenidən qiymətləndirilməsi deyil, öz aliminə, yazıçısına qarşı bəsit aqressiya çıxır. Dağıdıcı qüvvəni təqlid etmək yeni bir şey yaratmaqdan qat-qat asandır. Əməyə və yaşa hörmət etmək lazımdır. Cəmil Həsənliyə qarşı edilən hücum xüsusilə xoşagəlməz görünür. İnsanın siyasi baxışlarına müxtəlif cür yanaşmaq olar, lakin onun Azərbaycan tarix elminə verdiyi böyük töhfəni dana bilmərik. Cəmil müəllim ağsaqqal yaşda olan bir insandır, ömrünün onilliklərini arxivlərə, monoqrafiyalara və ölkənin tarix bazasının formalaşmasına həsr etmiş nəslin nümayəndəsidir. O, özünün əsas fundamental əsərlərini artıq yazıb, “historiqafiya” elmində layiq olduğu yeri tutub və öz işini bitirib.

Bu gün tənqid edənlər hələ qələm tutmağı bacarmayanda elmə qüvvə sərf etmiş ahıl bir insana hücum etmək nə “demokratiklikdir”, nə də “sxolastikaya qarşı mübarizə”. Bu, sadəcə elementar nəzakətin, özgənin həyat yoluna və haqq etdiyi dincəlməyə qarşı hörmətin olmamasıdır. Filosof maskası altında snobizm... Müəllifin öz xalqına qarşı kütlə və “proletariat” deyərək yuxarıdan aşağı münasibəti xüsusilə narahatlıq doğurur. Ziyalı cəmiyyətdə ancaq bozluq, alim həmkarlarında isə ancaq sxolastika görürsə, onda o, kim üçün və nə üçün yazır?

Həqiqi fəlsəfə hər zaman şəfqətlə və cəmiyyəti qaldırmaq istəyi ilə zəngindir, nəinki fəxri kürsüyə çıxıb ətrafa təkəbbür yağdırmaqla. Akademik yoldan və sistemli təhsildən imtina etmək mütəfəkkir şücaəti deyil, dərin, zəhmət tələb edən işin məsuliyyətindən qaçmaqdır. Başqalarının səhvləri haqqında ucadan qışqıran parıltılı publisistik kometa olmaq hər gün kərpic-kərpic milli mədəniyyəti qurmaqdan daha rahatdır. Zaman həmişə hər şeyi öz yerinə qoyur. Qalmaqallı esselər dərc olunduqdan bir həftə sonra unudulur, alimlərin və həqiqi söz ustalarının fundamental əsərləri isə kitabxanalarda onilliklərlə qalır və bunu heç bir “çəkiclə” dəyişmək mümkün deyil”/Pravda

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR