Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri - TƏHLİL

Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri - TƏHLİL

SİYASƏT

09.08.2026, 23:38

Ermənistanın Baş naziri Nikol Paşinyanın Cəbrayıla yol çəkməyini, Şuşada məst olub “Yallı” getməyini hələ bir qırağa qoyaq.

İkinci Qarabağ Savaşının ilk iki həftəsində Ermənistanın məğlubiyyətinin qaçılmaz olduğu tam şəkildə ortaya çıxmışdı.
Nikol Paşinyan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qoşunların çıxma təqvimini Bakıya təqdim etmək əvəzinə, müxtəlif xarici dövlətlərin başçılarına zəng dalınca zəng edir, Azərbaycan ordusunun yürüşünün dayandırılması üçün prezident İlham Əliyevə təzyiq göstərilməsi üçün yalvarır, savaşı uzadırdı. Ermənistan ordusunun Azərbaycan torpaqlarında savaş aparması, əlbəttə, bir cinayətdir və bu cinayətə görə cavab verməli olanlardan biri də məhz Nikol Paşinyandır.
Odur ki, Nikol Paşinyanın 44 günlük müharibədən sonra özünü “sülh göyərçini” kimi təqdim etməsinin heç bir əsası yoxdur.
Ermənistanı sülh gündəliyi ilə hərəkət etməyə Azərbaycan, Azərbaycan ordusu və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev vadar edib.
Bəli, Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinin də, prinsiplərinin də, şərtlərinin də müəllifi məhz İlham Əliyevdir.
Müharibələrin başa çatması dərhal sülh müqavilələrinin imzalanması ilə yekunlaşmır. Yaponiya 1945-ci ildə təslim olmuş, amma San-Fransisko Sülh Müqaviləsi yalnız 8 sentyabr 1951-ci ildə imzalanmış, 28 aprel 1952-ci ildə isə, qüvvəyə minmişdi. Yəni sülh sazişi müharibənin başa çatmasından təxminən 6 il sonra imzalanmışdı. ABŞ, Böyük Britaniya, Çin kimi nəhəng dövlətlər sülh müqaviləsi üçün illərlə səy göstərmişdilər. Xankəndində Azərbaycan bayrağı 2023-cü ildə dalğalandı və bundan cəmi 2 il sonra Azərbaycan Ermənistanın Sülh Sazişinin mətnini paraflamasını təmin etdi. Hərb meydanında olduğu kimi, diplomatik masada da İlham Əliyevin liderliyi ilə Azərbaycan sürətli qələbə qazandı.
Azərbaycan və Ermənistan arasındakı Sülh Sazişinin mətninin dünyanın bir nömrəli iqtisadi, hərbi və geopolitik gücü olan ABŞ-də- Ağ Evdə paraflanması bölgəmizdə sülhün davamlılığı üçün xüsusi önəm daşıyır.
Xüsusilə onu nəzərə almalıyıq ki, Donald Tramp yenidən ABŞ prezidenti seçilməzdən öncə Ağ Evlə rəsmi Bakının münasibətləri bir xeyli gərgin idi. Co Baydenin Azərbaycana münasibəti nə prezident seçilməzdən öncə, nə də prezidentliyi dövründə heç də xoş olmamışdı. Senator kimi Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi üçün erməni diasporunun maraqlarından çıxış edən Bayden prezident seçildikdən sonra Qarabağ münaqişəsinin həllinə nəinki dəstək vermədi, hətta Ermənistanın Azərbaycana qarşı düşmənçiyininə təkan verdi.
Bayden administrasiyasından fərqli olaraq, Donald Tramp Cənubi Qafqazdakı münaqişə ocağının dünyanın təhlükəsizlik arxitekturası üçün ciddi risklər yaratdığını fərq etdi, rasional və praqmatik bir siyasət yürüdərək ABŞ-nin Azərbaycanla əlaqələrinin inkişafı üçün çalışdı. Bu, Azərbaycanın regionun lider dövlətindən yeni dünyanın orta gücünə çevrilməsi üçün rəsmi Bakı üçün fərqli imkanlar yaradır. TRİPP layihəsi haqqında razılaşma və Zəngəzur dəhlizinin reallaşması bu müstəvidə çox böyük fürsətdir.
Söz vaxtına çəkər, ötən il avqustun 8-9-da Azərbaycan prezidenti İlham Əliyev ABŞ-də səfərdə idi. Bu səfər həm Azərbaycan-ABŞ münasibətlərinin yeni dövrə transformasiya, həm də Bakı və İrəvan arasında sülh gündəliyinin konkretləşməsi baxımdan olduqca böyük tarixi əhəmiyyətə malikdir.
Səfər zamanı Azərbaycan və Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə razılaşma əldə olundu. Bu razılaşma çərçivəsində enerji, ticarət və tranzit, ABŞ investisiyaları, süni intellekt və rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulurdu. Xartiyanın hazırlanması üçün yaradılan İşçi Qrupu 2026-cı ilin yanvarında danışıqları davam etdirdi və sənədin əsas istiqamətləri razılaşdırıldı. 10 fevral 2026-cı ildə Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası Bakıda imzalandı.
Xartiyanın mühüm istiqamətlərindən biri Trans-Xəzər Nəqliyyat Dəhlizinin, yəni Orta Dəhlizin inkişafı və Azərbaycanın regionlararası nəqliyyat-logistika qovşağı kimi rolunun gücləndirilməsidir. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantını təmin edəcək TRIPP layihəsinin əhəmiyyəti də xüsusi vurğulanır. Bu, Cənubi Qafqazın yeni tranzit arxitekturası baxımından strateji əhəmiyyət daşıyır.
Tərəfdaşlıq Xartiyası münasibətləri ənənəvi enerji və təhlükəsizlik əməkdaşlığından çıxararaq nəqliyyat, investisiya, texnologiya, enerji və regional təhlükəsizliyi birləşdirən daha geniş geosiyasi və geoiqtisadi tərəfdaşlıq modelinə keçirir.
Bundan sonra əsas yük Ermənistanın çiynindədir. Nikol Paşinyan konstitusiya islahatları aparmaqla Ermənistanın ali hüquqi sənədlərindən Azərbaycana qarşı ərazi iddialarını yığışdırmalıdır.
Proqnozlaşdırmaq heç də çətin deyil ki, Ermənistanda konstitusiya islahatlarının aparılmasına Azərbaycan və ABŞ arasında münasibətlərin yüksək səviyyədə olması da xüsusi töhfələr verir.
Taleh ŞAHSUVARLI

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR