Çingiz Əlioğlu vəfat etdi - Nazirlik açıqlama yaydı (Yenilənib)

Çingiz Əlioğlu vəfat etdi - Nazirlik açıqlama yaydı (Yenilənib)

MƏDƏNİYYƏT

09.08.2026, 14:35

Tanınmış şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu dünyasını dəyişib.

Mia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Ç. Əlioğlu 1944-cü ildə Füzulidə anadan olub. O, uzun illər Azərbaycan ədəbiyyatına, poeziyasına və nəşriyyat işinə xidmət edib. O, 1977-ci il Azərbaycan Yazıçılar Birliyinə üzv olub, 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Ç. Əlioğlunun Azərbaycan ədəbiyyatında böyük xidməti olub. Onun yaradıcılığı və ədəbi fəaliyyəti Azərbaycan ədəbiyyatının müxtəlif nəşrlərində dərc olunub.

Allah rəhmət eləsin!

***

Mədəniyyət Nazirliyi görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat etməsi ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumatda aşağıdakılar qeyd olunub:

Görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu 9 avqust 2026-cı il tarixində, 82 yaşında vəfat edib.

Çingiz Əli oğlu Əliyev (Çingiz Əlioğlu) 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. 1961-1965-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

Bədii yaradıcılığa 1967-ci "Gənc qələmlər" toplusunda çıxan "Xatirələr" şeiri ilə başlayan Çingiz Əlioğlu həmin vaxtdan dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib.

Şair "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində Nəşriyyatlar idarəsinin rəisi vəzifələrində işləyib. O, həmçinin Azərbaycan Yazıçılar Birliyində Poeziya bölməsinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyində Nəşriyyat sektorunun müdiri vəzifələrində çalışıb.

Şairin "Nikbinlik”, “Ömür ağacı”, “Günəşli dayanacaqlar”, “Atlantlar”, “Görüşdən ayrılığa”, “Gün keçdi”, “Aynabənd”, “Fraqmentlər”, “Ruhumun həndəsəsi”, “Dünən və əbədi”, “Gecə və bahar”, “Tanrını tanı”, “Çərçivə” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Müəllifin şeirlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin ifasında könülləri oxşayır.

Əsərləri bir çox xarici dillərə tərcümə olunub, eyni zamanda bir sıra xarici müəlliflərin yaradıcılıq nümunələri onun tərcüməsində Azərbaycan oxucusuna çatdırılıb.

Çingiz Əlioğlunun yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1991-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb. Şair həmçinin 2014-cü ildə Mədəbiyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi görkəmli şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR