İcra başçısı zəngi açsa da susub, müavini isə... - "Maşın qalmaqalı"na aydınlıq gətirilməyib + FOTOLAR

İcra başçısı zəngi açsa da susub, müavini isə... - \"Maşın qalmaqalı\"na aydınlıq gətirilməyib + FOTOLAR

CƏMİYYƏT

Bugün, 11:11

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “Range Rover” markalı avtomobillə çəkildiyi foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Müzakirələrin yaranmasına səbəb R.Babaşovun ARB televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərdir.

Belə ki, həmin müsahibəsində yerli sakinlərin icra hakimiyyətinin inzibati binasına gəlməsinə ehtiyac olmadığını bildirib.

O, “10 ilə yaxındır avtomobildən istifadə etmirəm. Məqsəd odur ki, vətəndaş icra başçısına yaxınlaşıb fikrini söyləyə bilsin” deməsi müzakirə yaradıb.

Fikri müsbət qarşılayanlar olsa da, icra başçısının səmimiyyətinə şübhə edənlər də az olmayıb.

 Mia.az xəbər verir ki, Pravda.az-ın əməkdaşı R.Babaşovla əlaqə saxlamağa çalışıb.

Telefona cavab verilsə də, qarşı tərəf susub və heç bir açıqlama verməyib.

İcra başçısının birinci müavini Məmməd Alıyev isə zəngin media tərəfindən edildiyini öyrəndikdən sonra telefon danışığını sonlandırıb.

***

Mia.az Yeniavaz.com-a istinadən xəbər verir ki, icra başçısının bu sözlərindən sonra əvvəllər mətbuatda dərc edilən məlumatlar və yayılan fotolar yenidən gündəmə gəlib. Qeyd edək ki, mediada dərc olunan xəbərlərdə onun və ailə üzvlərinin bahalı avtomobillərə sahib olması barədə çoxsaylı məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb. 2019-cu ildə yayılan xəbərlərdə Rəcəb Babaşovun təxminən 250 min manat dəyərində olduğu bildirilən “Range Rover” markalı avtomobildən istifadə etdiyi iddia olunurdu. Həmin materiallarda 99 FF 099 dövlət qeydiyyat nişanlı avtomobilin fotoları da paylaşılmışdı. Bununla yanaşı, 2020-ci ildə müxtəlif media orqanlarında Rəcəb Babaşovun oğlu Elşən Babaşovun adına qeydiyyatda olduğu bildirilən təxminən 275 min ABŞ dolları (o dövrün məzənnəsi ilə təxminən 450 min manat) dəyərində “Mercedes-Benz G63 AMG” markalı avtomobil barədə xəbərlər dərc edilib. Həmin məlumatlarda Elşən Babaşovun sözügedən avtomobildən istifadə etdiyi qeyd olunurdu. Daha sonra, 2024-cü ildə yayımlanan araşdırmalarda Elşən Babaşov bahalı avtomobilləri və dövlət nömrə nişanları (77-LL-077) ilə yenidən gündəmə gəlib. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR