İcra başçılarının maaşı nə qədərdir?

İcra başçılarının maaşı nə qədərdir?

CƏMİYYƏT

Bugün, 17:38

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, Azərbaycanda dövlət orqanlarının rəhbər vəzifəli şəxslərinin aylıq vəzifə maaşları artırılıb. 2026-cı il yanvarın 1-dən qüvvədə olan dəyişikliklərə əsasən, yerli icra hakimiyyəti başçılarının da əməkhaqqı yeni məbləğlərlə müəyyən edilib. Mia.az Metbuat.az-a istinadən xəbər verir ki, qüvvədə olan qaydalara görə, icra başçılarının maaşı rəhbərlik etdikləri inzibati ərazinin statusuna uyğun diferensiallaşdırılıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının aylıq vəzifə maaşı 13 200 manat təşkil edir. Ölkənin ikinci və üçüncü böyük şəhərləri olan Gəncə və Sumqayıtın icra başçıları isə aylıq 9 900 manat vəzifə maaşı alırlar. Azərbaycanın digər şəhər və rayonlarının, eləcə də şəhər rayonlarının icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşı 8 800 manat müəyyən edilib. Son maaş artımları yalnız yerli icra hakimiyyəti orqanlarını deyil, mərkəzi icra hakimiyyəti rəhbərlərini də əhatə edib. Hazırda Baş nazirin birinci müavininin aylıq vəzifə maaşı 15 950 manat, Baş nazirin müavinlərinin maaşı 14 850 manat, nazirlərin maaşı 13 750 manat, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin maaşı isə 13 200 manat təşkil edir. Nazir müavinləri və digər rəhbər vəzifələr üzrə maaşlar isə 11 550-12 650 manat aralığında dəyişir. Qeyd edək ki, maaşlar yalnız vəzifə maaşını əhatə edir. Qanunvericiliyə uyğun olaraq, dövlət qulluqçularına qulluq stajına, ixtisas dərəcəsinə, xüsusi şərtlərə və digər meyarlara görə əlavə ödənişlər də tətbiq oluna bilər. Bu səbəbdən bəzi hallarda faktiki aylıq gəlir vəzifə maaşından daha yüksək olur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR