Taliban rejiminə qarşı yeni hərbi əməliyyatlara başlayıb - General Sadat kimdir və ya o, nə istəyir? (TƏHLİL)

 Taliban rejiminə qarşı yeni hərbi əməliyyatlara başlayıb - General Sadat kimdir və ya o, nə istəyir? (TƏHLİL)

SİYASƏT

Bugün, 15:24

ABŞ və NATO tərəfindən dəstəklənən keçmiş əfqan komandir Sami Sadatın rəhbərlik etdiyi “Birləşmiş Əfqanıstan Cəbhəsi” qruplaşması Taliban rejiminə qarşı hərbi əməliyyatlara başlayıb.

General Sadat bildirib ki, “Əfqanıstanı azad etmək və hökuməti xalqa qaytarmaq” məqsədi ilə yaradılan bu hərbi qruplaşma Taliban rəhbərliyini və üzvlərini hədəf alacaq. O, həmçinin beynəlxalq hərb qanunlarına sadiq olduqlarını bəyan edib.
Sami Sadat 2021-ci ildə Taliban hakimiyyətə qayıtmazdan əvvəl Əfqanıstan Milli Ordusunun ən məşhur generallarından olub. O, ABŞ və NATO tərəfindən təlim, dəstək verilən Əfqanıstan ordusunda sürətlə yüksəlib. 2021-ci ildə Taliban ölkənin böyük hissəsinə nəzarəti ələ keçirərkən Əfqanıstan ordusunun ən mühüm əməliyyat komandirlərindən biri idi.
Onun adı xüsusilə Helmand vilayətindəki döyüşlərlə bağlı çəkilir. Talibanın sürətli irəliləyişi zamanı Sadat Helmandda hökumət qüvvələrinə rəhbərlik edirdi. Daha sonra o, Əfqanıstan ordusunun ən böyük hissələrindən biri olan 215-ci “Maiwand” korpusunun komandiri təyin edildi. Həmin dövrdə Sadat Talibanla mübarizədə ən sərt mövqe tutan hərbçilərdən olub.
Taliban 2021-ci ilin avqustunda Kabili ələ keçirəndə Əfqanıstan ordusu dağıldı. Sadat da ölkəni tərk edərək xaricdə yaşamağa başladı. Lakin mühacirətdə olduğu dövrdə belə Taliban hakimiyyətini legitim hesab etmədiyini açıq şəkildə bildirdi və Əfqanıstanın yenidən qurulması üçün mübarizə aparacağını açıqladı.
Son illərdə isə Sadat Taliban əleyhinə qüvvələri bir araya gətirməyə çalışır. Hazırda Sadat Taliban üçün böyük təhlükə deyil. Çünki Əfqanıstanda Taliban əleyhinə çoxsaylı qruplar mövcuddur və onların vahid komandanlıq altında birləşməsi hələ mümkün olmayıb. Bundan başqa, bu qrupların real hərbi imkanları məhduddur. Lakin Sadatın digər müxalif fiqurlardan əsas fərqi onun ABŞ və NATO hərbi sistemindən çıxmış bir general olmasıdır. Onun Vaşinqtonla əlaqələri güclüdür və gələcəkdə bu əlaqələr yeni dəstək mexanizminə çevrilə bilər.
Məsələ ondadır ki, Taliban son vaxtlar ABŞ və İsrailin İrana qarşı əməliyyatları fonunda Vaşinqton və Təl-Əvivə qarşı mövqe tutdu. Hətta İrana dəstək verilə biləcəyini açıq şəkildə bəyan etdi. Təcrübə göstərir ki, ABŞ öz maraqlarına zidd addımlar atan qüvvələrə qarşı uzun müddət səssiz qalmır. Bu baxımdan Taliban əleyhinə Sami Sadat kimi fiqurların ön plana çıxması təsadüfi deyil.
Sadatın digər üstün tərəfi ABŞ və NATO tərəfindən qurulan Əfqanıstan ordusunun içindən çıxmış komandir olmasıdır. Bu amil ona həm hərbi təcrübə, həm də təşkilatlanma üstünlüyü verir. Əgər Sadat dağınıq qüvvələri vahid struktur altında birləşdirə və xarici dəstək əldə edə bilsə, Taliban üçün ciddi problem yarada, hətta onu devirə bilər.
Turan Rzayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR