SOCAR "Azəri-Çıraq-Günəşli" layihəsində "Itochu"ya məxsus iştirak payını aldı - DETALLAR

SOCAR \"Azəri-Çıraq-Günəşli\" layihəsində \"Itochu\"ya məxsus iştirak payını aldı - DETALLAR

İQTİSADİYYAT

Bugün, 15:09

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi üzrə "Itochu" korporasiyasına məxsus iştirak payını alıb.

Mia.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, iştirak payının alınmasına dair müvafiq sənədlər imzalanıb, alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə, SOCAR-ın daxili normativ qaydalarına, habelə müqavilə üzrə mövcud tənzimləyici öhdəliklərə uyğun olaraq həyata keçirilib.

Alqı-satqı prosesinə qədər "Itochu" korporasiyası AÇG layihəsində 3,65 % iştirak payına malik olub. Beləliklə, SOCAR-ın AÇG layihəsində iştirak payı 31,65 %-dən 35,3 %-ə çatıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib ki, AÇG layihəsi uzun illərdir ölkəmizin və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir: "Eyni zamanda, cari ildə AÇG yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatının başlanması layihənin gələcək inkişafı və Azərbaycanın qaz potensialının artırılması üçün yeni imkanlar açır. Layihənin icrasında uzun illər ərzində oynadığı rola və səmərəli tərəfdaşlığa görə "Itochu" korporasiyasına təşəkkürümüzü bildiririk. Əminik ki, layihə bundan sonra da tərəfdaşların birgə səyləri, yüksək əməliyyat standartları və qarşılıqlı etimad əsasında uğurla həyata keçiriləcək".

"Itochu" korporasiyasının baş əməliyyat direktoru, Enerji və enerji həlləri Bölməsinin baş icraçı direktoru Tetsuya Yamada bildirib ki, "Itochu" 1996-cı ildə Azərbaycana sərmayə yatıran ilk Yaponiya şirkəti olduqdan sonra son üç onillik ərzində AÇG layihəsi və enerji sahəsində digər investisiyalar vasitəsilə SOCAR ilə möhkəm tərəfdaşlıq qurub: "AÇG son dərəcə uğurlu layihədir və uzun illər ərzində sahib olduğumuz bu aktivin SOCAR-a ötürülməsi barədə qərarımız həm "Itochu"nun inkişaf edən strateji prioritetlərini, həm də SOCAR ilə tərəfdaşlığımızı daha da dərinləşdirmək öhdəliyimizi əks etdirir. Buna görə də bu satış "Itochu"nun Azərbaycandan çıxması demək deyil, əksinə, tərəfdaşlığımızda yeni mərhələnin başlanğıcını ifadə edir. Azərbaycan "Itochu"nun investisiya və ticarət fəaliyyəti üçün mühüm bazar olaraq qalacaq. SOCAR ilə əməkdaşlığımızı daha da gücləndirməyi və həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda yeni biznes imkanlarını birgə dəyərləndirməyi səbirsizliklə gözləyirik".

Xatırladaq ki, SOCAR Azərbaycanda yerləşən qlobal enerji şirkətidir. Şirkət enerji resurslarının hasilatı, emalı və paylanması üzrə ixtisaslaşır. Cənubi Qafqaz regionunun ən böyük inteqrə olunmuş enerji müəssisəsi olan SOCAR beynəlxalq bazarlarda da əhəmiyyətli mövqeyə malikdir.

Qeyd edək ki, 1858-ci ildə təsis edilmiş "Itochu" korporasiyası Yaponiyanın ən iri ticarət və investisiya konqlomeratlarından biridir. Təxminən 61 ölkədə 90 ofisi olan "Itochu" dünya üzrə enerji, faydalı qazıntılar, sənaye müəssisələri, avtomobil sənayesi, kimya, qida və digər sahələrdə iri investisiya və ticarət fəaliyyəti həyata keçirir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR