Odessada Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum... - Kapitanın meyiti tapıldı (Yenilənib)

Odessada Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum... - Kapitanın meyiti tapıldı (Yenilənib)

GÜNDƏM

16.07.2026, 20:42

14 iyulda Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat  yayıb.

Bildirilib ki, gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır.

Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb: "Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür".

***

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb.

Məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları Fərid Babayev və Pərviz Əsədovun müşayiəti ilə Azərbaycan vətəndaşları Lətifova Gülana, Nəsrullayev Tofiq, Səmədov Səbuhi, İsmayılov İsmayıl, Əliyev Aydın, Rəhimov Cavid, Rəhimov Mehman, Axundov İsmayıl, Əliyev Qurban və Abasov Valeh iyulun 15-də Moldova vasitəsilə Azərbaycana yola salınıblar.

Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır.

Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Kapitanın axtarışı davam edir/Report.

***

14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.

***

Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə Azərbaycana yola salınacaq: "Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR