Zahid Oruc: "Daşınmaz əmlak bazarı artıq yeni idarəetmə modelinə ehtiyac duyur"

Zahid Oruc: \"Daşınmaz əmlak bazarı artıq yeni idarəetmə modelinə ehtiyac duyur\"

SİYASƏT

Bugün, 14:23

"Daşınmaz əmlak idarəçiliyində yeni hüquqi təminatların yaradılmasına imkan verən hazırkı qanun layihəsi sovet dövründən qalan, xüsusilə müstəqillik illərində genişlənən hüquqi, iqtisadi və sosial problemlərin sistemli həllinə yönəlib. Layihəni zəruri edən bir neçə səbəb var. Birincisi, müxtəlif dövrlərdə bələdiyyə və icra hakimiyyəti orqanlarının qərarları əsasında verilən, lakin sonradan dövlət qeydiyyatına tam daxil edilməyən torpaq və daşınmaz əmlak münasibətlərinin mövcudluğudur. Tikinti sektorunda hüquqi boşluqlardan sui-istifadə halları, xüsusilə eyni mənzilin bir neçə şəxsə satılması faktları hələ də davam edir. Azərbaycanın sürətlə inkişaf edən daşınmaz əmlak bazarı artıq yeni idarəetmə modelinə ehtiyac duyur".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü növbədənkənar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycanda mülkiyyət münasibətlərini yeni mərhələyə keçirən sistemli islahatın məqsədi vətəndaşın dövlət xidmətlərinə çıxışını sürətləndirmək, mülkiyyət hüququnun müdafiəsini gücləndirmək və daşınmaz əmlakın qeydiyyatı, kadastr uçotu sahəsində yeni idarəetmə modeli formalaşdırmaqdır:

"Dəyişikliklərin zəruriliyi son illərdə 20-dən çox tikinti şirkəti rəhbərinin cinayət məsuliyyətinə cəlb olunması, 5 250 vətəndaşın zərərçəkmiş kimi tanınması faktları ilə də təsdiqlənir. Belə hadisələr bir ailənin problemi olmaqla yanaşı, bazarın etibarlılığına zərbə vurur, dövlət institutlarına inama təsir edir, vicdanlı tikinti şirkətlərinin də nüfuzuna xələl gətirirdi. Artıq mənzil alıcısı ilə tikinti şirkəti arasında yaranan hüquqi münasibətlər təminat qeydi vasitəsilə dərhal dövlət informasiya sistemində əks olunacaq. Beləliklə, gələcəkdə eyni daşınmaz əmlak üzərində təkrar öhdəliklərin və satışların qarşısını alan qabaqlayıcı hüquqi mexanizm yaranır. Dəyişiklik vicdanlı vətəndaşı qoruyacaq, tikinti şirkətlərinə ictimai etimadı gücləndirəcək, ÜDM-də payı 6.5 faiz olan inşaat sektorunu canlandıracaq.

Layihənin digər mühüm yeniliyi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı müddətinin 10 iş günündən bir iş gününə endirilməsidir. Nəticədə vətəndaş günlərlə müxtəlif qurumların qapısını döyməyəcək, sahibkar investisiya layihəsini daha tez reallaşdıracaq, bank və ipoteka əməliyyatları daha operativ aparılacaq, alqı-satqı prosesində vaxt itkisi və əlavə xərclər minimuma enəcək. Rəsmi məlumata görə, təkcə 2025-ci ildə ölkə üzrə 364 136 dövlət qeydiyyatı əməliyyatı həyata keçirilib. Hər gün orta hesabla 1 000-dən çox daşınmaz əmlak əməliyyatı dövlət qeydiyyatından keçir".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR