Daşınmaz əmlakın kadastr uçotu yeni sistemlə aparılacaq

Daşınmaz əmlakın kadastr uçotu yeni sistemlə aparılacaq 

CƏMİYYƏT

Bugün, 11:02

Daşınmaz əmlakın kadastr uçotu dövlət tərəfindən elektron sistemdə aparılacaq.

Mia.az xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, daşınmaz əmlakın dövlət kadastrı mülkiyyət növündən asılı olmayaraq Azərbaycan hüdudları daxilində yerləşən bütün daşınmaz əmlaka, o cümlədən torpaqlara münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə aparılacaq.

Bundan əlavə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" qanuna uyğun olaraq torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında, torpaq münasibətlərinin tənzimlənməsində və digər işlərdə daşınmaz əmlakın dövlət kadastrı məlumatlarından istifadə olunacaq.

Bundan başqa, dövlət kadastrına məlumatların daxil ediləcəyi hallar və müddətləri müəyyənləşir.

Sənədə əsasən, dövlət kadastrına məlumatlar aşağıdakı hallarda daxil ediləcək:

- daşınmaz əmlak üzərində hüquqların ilkin dövlət qeydiyyatının aparılması məqsədilə daşınmaz əmlakın dövlət reyestrinə hüquq sahibləri tərəfindən müraciət edildikdə;

- dövlət kadastrını aparan orqana (quruma) bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulan məlumatların yaranması, dəyişməsi və ləğvi barədə sənəd və ya məlumat daxil olduqda;

- dövlət və ya bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın, həmçinin hüquqi və ya fiziki şəxslərin qanuni istifadəsində olub üzərində hüquqların dövlət qeydiyyatına alınmamış daşınmaz əmlakın dövlət kadastr məlumatlarının toplanılması məqsədilə dövlət sifarişi olduqda.

Layihədə qeyd edilib ki, dövlət sərhədləri, ərazi vahidlərinin, bələdiyyələrin və yaşayış məntəqələrinin sərhədləri, torpaq sahəsinin kateqoriyası, təyinatı, ərazi planlaşdırılması və zonalaşdırılmasına dair məlumatlar, infrastruktur obyektləri və onların mühafizə zonaları barədə məlumatlar, Azərbaycanın daxili suları (çaylar, göllər və s.) və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi və onların mühafizə zonalarına dair məlumatlar, habelə daşınmaz əmlakın dövlət reyestrinin I fəslinin məlumatları dövlət kadastrına daxildir.

Sənədə görə, dövlət kadastrının torpaqla bağlı məlumatlarının dövri olaraq yenilənməsini təmin etmək üçün Azərbaycanın bütün ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqatı aparılır və dövlət kadastrında müvafiq dəyişikliklər ediləcək.

Torpaq sahələrinin yerdə (naturada) tədqiqatı aşağıdakı müddətlərdə aparılır:

- torpaq və geobotaniki tədqiqat - 10 ildə bir dəfə;

- aqrokimyəvi tədqiqat - 5 ildə bir dəfə.

Torpaq mülkiyyətçisinin, icarəçisinin və ya istifadəçisinin sifarişi ilə tədqiqat işləri müvafiq müddətlər gözlənilmədən aparıla bilər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR