Ziyalı qorxanda cəmiyyət diz çökür: "...sanki Azərbaycanın dərd-səri daha Ramiz Rövşənlik deyil"

 Ziyalı qorxanda cəmiyyət diz çökür:  \"...sanki Azərbaycanın dərd-səri daha Ramiz Rövşənlik deyil\"

SİYASƏT

Bugün, 10:24

Bir professor dərsdə tələbələrə sual verir:

“Qanun nədir? Nə üçündür?”
Cavab verirlər:
- qayda üçün
- nizam üçün
- cəmiyyət üçün
Sonda bir tələbə deyir:
- Ədaləti qorumaq üçün
Professor birdən dayanır.
Heç bir səbəb olmadan bir tələbəni göstərir: “Çıx bayıra”
Sinifdən qovulan tələbə təəccüblə zaldan çıxır.
Sinif susur.
Heç kim etiraz etmir.
Professor yenə sinfə baxır və deyir: “Bir az əvvəl sizin yoldaşınızın haqqını pozdum. Amma siz susdunuz.”
Çünki düşündünüz:
- bu mənə aid deyil
-problem mənim deyil
- susmaq daha rahatdır
Sonra professor deyir: “Bu gün tələbə yoldaşınızın haqqı tapdalandı, siz susdunuz. Sabah sizin haqqınız tapdalananda başqaları da susacaq.”
Bu, sadəcə dərs deyil.
Bu, cəmiyyətin modelidir.
Azərbaycanın ən böyük problemi iqtisadiyyat deyil.
Siyasət də deyil.
Ən böyük problem — ziyalının susmasıdır.
Bir vaxtlar bu ölkədə ziyalı var idi.
Yazıçı danışırdı, şair danışırdı, Alim danışırdı, Ziyalı xalqın önündə gedirdi.
Milli Azadlıq Hərəkatında ziyalılar vardı. Sonrakı illərdə də onlar mitinqlərdə can qoydular. Haqqı dedilər, xalqın mənafeyindən çıxış etdilər. Fuad Poladov, Flora Kərimova, Cavanşir Quliyev, Azər Zeynalov, Vaqif Səmədoğlu, Məmməd İsmayıl, Musa Yaqub, Rüstəm Behrudi və digər böyük şəxsiyyətlərimiz…
İndi nə var?
Sükut.
Bu gün ölkədə şəhid ailələri problemlə üz-üzədir.
Qazilər dərman tapa bilmir.
Sosial ədalətsizlik tüğyan edir. Amma ziyalı susur.
Bu sükutun ən böyük simvollarından biri paradoksal olaraq elə şeirin özüdür:
“Səni sevmək çətindir, Vətən,
Nə gündəsən ki,
Təpədən dırnağacan
günah içindəsən ki...”
Ramiz Rövşən bir vaxt belə yazmışdı.
Vətənin ağrısını bu qədər dərindən hiss edən şair bu gün həmin ağrı qarşısında susur. Sanki kimsə şairə elə bir ağrı kəsici verib ki, daha Azərbaycanın dərd-səri Ramiz Rövşənlik deyil...
Özü də bu, təkcə bir şairin susması deyil.
Bu, bir epoxanın susmasıdır.
Eyni vəziyyət Anar müəllim üçün də keçərlidir.
İllərlə cəmiyyətə təsir edən, söz deyən adamlar bu gün sözün ən çox lazım olduğu vaxtda ortadan buxarlanıb. Sanki qeybə çəkiliblər.
Gənclər baxır və görür: susanlar rahat yaşayır, sistemə toxunmayanlar komfortdadır, Etiraz edənlər isə cəzalandırılır.
Və nəticə: 
- cəmiyyət susmağa öyrədilir.
Amma tarix belə yazılmayıb.
Lech Wałęsa susmadı.
Václav Havel susmadı.
Aleksandr Soljenitsın susmadı.
Onlar başa düşürdü ki, ədalətsizlik qarşısında sükut məğlubiyyətdir. Onlar isə xalqın qələbəsi üçn vuruşdu...
Bu gün isə Azərbaycanda ziyalı susur, xalq tək qalır.
Ziyalı susanda ədalətsizlik danışmağa başlayır.
Ziyalı qorxanda cəmiyyət diz çökür.
Əminəm ki, Azərbaycanın bu vəziyyətdən çıxması üçün qeyrətli ziyalıya, cəsarətli vətəndaşa ehtiyac var...
Elbəyi HƏSƏNLİ
P..S. Yazı müllifin Feysbuk səhifəsindən götürülüb!
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR