Vəzifəsini itirən Şahmar Vəliyevin pulu, yaxud... - "Karvan-Yevlax" niyə aşağı yuvarlandı?

Vəzifəsini itirən Şahmar Vəliyevin pulu, yaxud... - \"Karvan-Yevlax\" niyə aşağı yuvarlandı?

İDMAN

Bugün, 11:01

Premyer liqanın sonuncu, 33-cü turunun son oyununda Qubada “İmişli”yə qonaq olan, turnirin autsayderi "Karvan-Yevlax" cəmi 15 xalla 1-ci liqaya yola düşdü. Premyer liqanın qapısını çırpıb gedən klubun revanş alacağı da heç inandırıcı görünmür.
Çünki əvvəla, Yevlax klubunda oyunçu qıtlığı açıq-aşkardı: əvəzedici heyətdə cəmi 5 nəfər var.
Ümumiyyətlə, son oyunlarda Yevlax təmsilçisinin ehtiyat yerində cəmi 5 nəfər əyləşirdi. Bu isə Premyer liqadan getmək üzrə olan komandada oynamaq istəməyənlərin sayının artdığını göstərir. Klub gedənlərin sayını açıqlamasa da, aydın görünür ki, komanda boş qalıb.
Qalanlar üçün də birinci liqa cəlbedici deyil. Komandanın indiki futbolçularının da oyunlara başdansovdu çıxdığı görünür. Onların məşqlərdə hansı əhvali-ruhiyyədə olduğunu təxmin etmək çətin deyil. Heç şübhəsiz ki, birinci liqada bu komandanı bir araya toplayıb nəticə əldə etmək çətin olacaq.
Klubun düçar olduğu bu vəziyyət onu göstərir ki, futbolda heç də hər şey pulun üzərində bərqərar deyil. Yevlax klubunun sponsoru Şahmar Vəliyev bəlkə də premyer liqanın bəzi klublarının sponsorlarından daha böyük maliyyə imkanlarına malikdi. Bir ucdan klubçün tikir, yaradır, müxtəlif infrastruktur layihələri maliyyələşdirir. Amma bu qədər böyük imkanlarla bir komandanı nəinki irəli aparmaq, heç yüksək liqada saxlaya bilmədilər. Gah dedilər, komanda zəif təşkil olunub, gah dedilər, sistem xətalarının və yanlış kadrların yanlış siyasəti baş verib.
Uzun sözün qısası, bəlkə də deməyə cəsarət etmədilər ki, futbol bizlik deyil.
Elə-belə pafos üçün “mən biznesmenəm, pulum var, niyə futbol klubum olmasın”, - deyə girmək istəyiblər bəlkə də bu işin içinə. Nə bilmək olur. Biznesmenlərin ortada itirdiyi bir şey yoxdu onsuz da, çünki baş qatmağa, əylənməyə yenə nəsə düşünüb tapacaqlar. Olan o azarkeşlərə olub Yevlaxda. Futbolun yalnız idman növü olduğuna inanan sadəlövh adamlara. Keçmiş olsun onlara. Bacarsalar, halal etsinlər öz haqqlarını “Karvan-Yevlax”a. Bir il sərasər, soyuqda, istidə stadionu doldurdular, can qoydular tribunalarda.
Yeri gəlmişkən, Yevlax təmsilçisinin baş məşqçisi Fizuli Məmmədovun da komandanın sükanı arxasında qalıb-qalmayacağı bilinmir. Sonuncu dəfə baş məşqçi demişdi ki, əgər klubun yenidən premyer liqa ambisiyası olsa, onlarla davam edəcək. Amma indiyədək baş məşqçi ilə bu məsələnin dəqiqləşdirilməməsi o deməkdi ki, tərəflər prinsipial razılıq əldə etməyib. Bir klub bu qədər qeyri-peşəkar ola bilərmi? Bu arada F.Məmmədovun daha cəlbedici təkliflər aldığı bildirilir. Onun tezliklə bu təkliflərdən hansını dəyərləndirdiyi bəlli olacaq və Yevlax klubu bu halda həm də yeni baş məşqçi axtarışına çıxacaq.
Zülfiyyə Mustafayeva
Mia.az
Redaksiyadan: Klubun əsas sponsoru Şahmar Vəliyev bu ilin may ayının əvvəlinə, yəni təxminən 20 gün əvvələ qədər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "19 №-li Yol İstismarı" MMC-nin direktoru olub. Lakin mayn əvvəliində AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli onu vəzifəsindən azad edib. O, hazırda rəsmi vəzifəsiz olsa da, böyük biznesə sahibdir.
Yeri gəlmişkən, Şahlar Rüstəm oğlu Vəliyev 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, 2018-ci ilin mart ayından "19 №-li Yol İstismarı" MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-18-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ş.Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR