Sahibə Qafarova Matviyenko ilə görüşdü - İstanbulda

Sahibə Qafarova Matviyenko ilə görüşdü - İstanbulda 

SİYASƏT

Bugün, 16:22

Aprelin 16-da Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, spiker Sahibə Qafarova PAİ və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) kimi beynəlxalq platformaların  əhəmiyyətini vurğulayıb.

Milli Məclisin sədri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb, parlamentlərarası əlaqələrin rolundan danışıb. Azərbaycan Parlamentinin sədri diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyası da parlamentlərarası əlaqələrimizdə mühüm rol oynayır.

Dünən Rusiya və Azərbaycan xarici işlər nazirliklərinin Azərbaycan təyyarəsinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması barədə birgə bəyanatına toxunan Valentina Matviyenko baş vermiş bədbəxt hadisənin nəticələrinin tənzimlənməsinin əhəmiyyətini qeyd edib və bir daha başsağlığını çatdırıb. Federal Şuranın sədri İrandakı müharibə fonunda Rusiya vətəndaşlarının İrandan təhlükəsiz şəkildə çıxarılması üçün Azərbaycanın göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyevlə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu görüşlər barədə təəssüratlarını bölüşüb. Ölkələrimiz arasında münasibətlərin səviyyəsindən razılıq ifadə olunub, qarşılıqlı əlaqələrin inkişafında iki ölkənin dövlət başçılarıının mühüm rolu qeyd edilib.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova iki ölkənin xarici işlər nazirliklərinin sonuncu bəyanatının əhəmiyyətini vurğulayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR