Türkiyə–İsrail qarşıdurması böyüyür: ABŞ və NATO dilemma qarşısında - TƏHLİL

Türkiyə–İsrail qarşıdurması böyüyür: ABŞ və NATO dilemma qarşısında - TƏHLİL

SİYASƏT

Bugün, 14:07

Son illərdə Yaxın Şərqdə dəyişən geosiyasi dinamika fonunda Türkiyə ilə İsrail arasında münasibətlərin yenidən gərginləşməsi təsadüfi hadisə deyil. Recep Tayyip Erdoğan ilə Benjamin Netanyahu arasında qarşılıqlı ittihamların sərtləşməsi, əslində, daha geniş regional rəqabətin və ziddiyyətlərin təzahürüdür. Bu qarşıdurma yalnız iki dövlətin münasibətləri ilə məhdudlaşmır, eyni zamanda İran faktoru, Qəzza müharibəsi və böyük güclərin maraqları ilə sıx şəkildə bağlıdır.

Türkiyə rəhbərliyi İsraili regionda gərginliyi qəsdən artırmaqda və yeni düşmən obrazı yaratmaqda ittiham edir. Ankara hesab edir ki, İranla qarşıdurmadan sonra İsrailin növbəti hədəfi kimi Türkiyənin təqdim olunması siyasi manipulyasiya xarakteri daşıyır. İsrail tərəfi isə əksinə, Türkiyəni İran və onun regiondakı müttəfiqlərinə yaxınlaşmaqda günahlandırır və bu xəttin İsrailin təhlükəsizlik maraqları üçün risk yaratdığını vurğulayır. Bu qarşılıqlı ittihamlar fonunda ritorika getdikcə daha sərt və emosional xarakter alır.

Son dövrlərdə İsrail tərəfindən Türkiyə prezidenti Recep Tayyip Erdoğan-a yönələn təhdid xarakterli bəyanatların intensivləşdiyi müşahidə olunur. Ankara isə bu ritorikaya eyni, hətta bəzi hallarda daha sərt tonla cavab verir. Qarşılıqlı ittihamlar və sərt bəyanatlar fonunda tərəflər arasında siyasi gərginliyin artdığı aydın görünür.

Bununla belə, mövcud vəziyyəti yalnız ideoloji qarşıdurma kimi qiymətləndirmək doğru olmaz. Hər iki tərəf üçün bu ritorikanın mühüm daxili siyasi funksiyası var. Türkiyədə güclü anti-İsrail ictimai rəy mövcuddur və Recep Tayyip Erdoğan bu mövqeni gücləndirməklə öz siyasi dayaqlarını möhkəmləndirir. İsraildə isə təhlükəsizlik məsələsi üzərindən və regional təhdid narrativi daxili siyasətdə mühüm rol oynayır və Benjamin Netanyahu bu çərçivədə sərt mövqe nümayiş etdirir.

Son günlər Türkiyə müdafiə naziri Yaşar Gülerin açıqlamaları da Ankaranın mövqeyinin daha çox təhlükəsizlik prizmasından formalaşdığını göstərir. Güler vurğulayıb ki, Türkiyə regionda gərginliyin artmasının tərəfdarı deyil, lakin milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcək və xüsusilə Suriya istiqamətində mövqelərini qorumaqda davam edəcək.

Praktik müstəvidə isə tərəflər arasında birbaşa hərbi toqquşma ehtimalı aşağı olaraq qalır. Xüsusilə Suriya kimi həssas regionlarda Türkiyə və İsrail müəyyən qeyri-rəsmi koordinasiya mexanizmləri vasitəsilə qarşıdurmadan yayınmağa çalışır. Bununla belə, İsrailin Suriyada İranla əlaqəli hədəflərə qarşı əməliyyatlarını genişləndirməsi Türkiyə ilə dolayı qarşıdurma riskini artıran əsas faktorlardan biri kimi çıxış edir. Bu kontekstdə tərəflər arasında birbaşa deyil, daha çox dolayı qarşıdurma dinamikasının formalaşdığı müşahidə olunur.

Bu kontekstdə ABŞ-ın rolu xüsusi diqqət çəkir. ABŞ üçün həm İsrail, həm də Türkiyə strateji əhəmiyyət daşıyır. İsrail regionda İranla mübarizədə əsas tərəfdaş kimi çıxış edir, Türkiyə isə NATO üzvü olaraq hərbi və diplomatik baxımdan vacib mövqeyə malikdir. Bu isə Vaşinqtonu iki tərəf arasında çətin balans siyasəti aparmağa məcbur edir. Mövcud vəziyyət yalnız diplomatik deyil, həm də institusional dilemma yaradır, çünki NATO öhdəlikləri ilə İsraillə strateji tərəfdaşlıq arasında balans getdikcə daha çətinləşir.

Eyni zamanda, Qərb ekspert mühitində və bəzi mediada daha radikal ssenarilər də müzakirə olunur. Bəzi keçmiş amerikalı rəsmilər tərəfindən səsləndirilən fikirlərə görə, nəzəri olaraq Türkiyə ilə İsrail arasında açıq hərbi qarşıdurma baş verərsə, ABŞ ciddi seçim qarşısında qala bilər. Bu yanaşmaya əsasən, NATO-nun kollektiv müdafiə prinsipi Vaşinqtonu Türkiyənin yanında yer almağa sövq edə bilər, çünki İsrail alyans üzvü deyil. Bununla yanaşı, bu mövqe rəsmi siyasət deyil və daha çox hipotetik ssenari kimi qiymətləndirilir.

Regionda baş verən proseslər yalnız Türkiyə və İsraillə məhdudlaşmır. Paralel olaraq yeni regional koordinasiya formatlarının formalaşması müşahidə olunur. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir arasında artan diplomatik təmaslar regionda daha koordinasiyalı yanaşmanın formalaşdığını göstərir. Bu format bəzi analitiklər tərəfindən potensial siyasi-hərbi blokun ilkin konturları kimi qiymətləndirilir.

Bu mürəkkəb geosiyasi mənzərədə Azərbaycan faktorunu da ayrıca qeyd etmək vacibdir. İsraillə strateji tərəfdaşlıq münasibətlərinə malik olan Azərbaycan eyni zamanda Türkiyə ilə müttəfiqdir və bu iki ölkə arasında körpü rolunu oynayır. Rəsmi səviyyədə dəfələrlə etiraf olunduğu kimi, Bakı Ankara ilə Təl-Əviv arasında münasibətlərin normallaşması və dialoqun qorunması istiqamətində aktiv diplomatik səylər göstərib. Bu baxımdan Azərbaycan yalnız körpü deyil, eyni zamanda potensial “sakitləşdirici aktor” kimi çıxış edə biləcək nadir regional oyunçulardan biri hesab olunur.

Qərb mediasında Türkiyə–İsrail gərginliyi müxtəlif prizmadan təqdim olunur. Bəzi platformalarda İsrail ABŞ-ın əsas müttəfiqi kimi vurğulanır, digərlərində isə Türkiyənin NATO daxilində rolu daha tənqidi kontekstdə dəyərləndirilir. Daha balanslı yanaşma isə birbaşa hərbi qarşıdurma ehtimalının aşağı olduğu və gərginliyin əsasən siyasi-diplomatik müstəvidə qaldığını önə çəkir.

Bütün bunların fonunda, üzdə müşahidə olunan yüksək gərginliyə baxmayaraq, Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurma ehtimalı son dərəcə aşağı olaraq qalır. Mövcud dinamika daha çox siyasi, diplomatik və dolayı rəqabət müstəvisində inkişaf edir və tərəflər açıq toqquşmadan yayınmağa çalışır.

Aydın görünən odur ki, Türkiyə–İsrail gərginliyi artıq daha geniş regional kontekstin bir hissəsinə çevrilib. Bir tərəfdən ABŞ-ın müttəfiqlər arasında balans siyasəti çətinləşir, digər tərəfdən isə yeni regional ittifaqların formalaşması ehtimalı artır. Bütün bu amillər Yaxın Şərqdə güc balansının yenidən qurulduğunu və qarşıdakı dövrdə daha mürəkkəb geosiyasi mənzərənin formalaşacağını göstərir.

Elbəyi Həsənli. Sürix

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR