“Misli” futbolumuza nə verib, nə alır? - Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü"

img

19-08-2025 [09:38]


Azərbaycan Premyer Liqasının sponsoru yenə "Azərlotereya"nın “Misli” brendi olub.

Mia.az xəbər verir ki, mərc oyunlarını keçirənlərlə yeni futbol mövsümü üçün sponsor müqaviləsi bağlanıb.

Beləliklə, bu mövsüm Premyer Liqa yenə "Misli"nin titul adıyla yanaşı yazılacaq.

Əslində, mövsüm bitəndə sponsor müqaviləsi də yekunlaşmışdı və bəzi iddialara görə, "Misli" Premyer Liqadan çəkiləcəkdi.

PFL ilə Misli arasında sponsorluğun davamına dair müqavilə isə fərqli düşüncədə olanların romantikasını bitirdi. 

Ölkədə qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan "Azərlotereya"nın bəzi əməkdaşları hazırda AFFA-da müxtəlif vəzifələrdə təmsil olunur və belə halda futbolun mərc oyunlarından kənarda mövcud olduğunu düşünmək saflıq olardı.  Bizimçün maraqlı olansa “Misli”nin futboldan nə qazandığı yox, futbolumuzun onlardan qazancının nədən ibarət olduğudu.

Müqavilə şərtləri tam açıqlanmasa da, yayılan məlumatlarda “Misli”nin təkcə futbolun yox, ümumilikdə ölkənin idman həyatında əhəmiyyəti vurğulanır. Bildirilir ki, “Misli” futbolumuzun tərəqqisi naminə önəmli layihələrin icrasında yaxından iştirak edir. Hansı tərəqqi və hansı layihələr, məlum deyil.

Bəlkə fan klublara dəstəkdən gedir söhbət? Bəlkə oyunlardan öncə fan zonaların təşkili? Ya bəlkə daha böyük işlər, məsələn, region futbol akademiyalarının fəaliyyətinə dəstək? Stadionların süni ot örtüyü probleminin həllinə yardım? Futbol mütəxəssislərinin beynəlxalq təcrübəsinin maliyyələşdirilməsi? Nə də axı?

“Misli”nin Azərbaycan Premyer Liqasına sponsorluğu ölkə futbolunun inkişafı və populyar olması üçün əhəmiyyətli imiş. Mən nə vaxtdı, bu populyarlıq və inkişaf sözünün arasındakı məntiqin arxasıyca düşmüşəm və “Misli” mərc oyunları platformasından o yana gedə bilmirəm. Futbolumuz “Misli” sayəsindəmi populyar olub?

Premyer Liqada 4 mövsümdü ki, gözümüzü “Misli” sözü bəzəyir. Yenə verdikləri vəsait sanballı olsaydı, adamda bu qədər təəccüb yaratmazdı. “Misli” ilə futbola maraq necə artdı axı, bəlkə mən avam adamam, bunları anlamıram? Yaxud hansı layihələrlə “Misli” azarkeşlərin diqqətini cəlb edib? Kommersiya baxımından futbola dəyərindən heç danışmayaq, lütfən. Premyer Liqa klubları hərə öz başını saxlayır.

“Misli”nin PL-da davamlı sponsorluğu elə-belə məsələ deyil. Bu, uzunmüddətli, dayanıqlı dəstəkdi. Amma kimin və nəyin üçün? Kağızda yazılanlara görə, ortada qazanan Azərbaycan futboludu. Onun dayanıqlı inkişafıdı. Bu inkişafı kim harada görsə, mənə də xəbər eləsin, zəhmət olmasa. Sizi bilmirəm, mən “Misli”nin indiyə qədər futbolumuzun geniş auditoriyaya çıxarılması, azarkeşlərlə əlaqələr, PL-da rəqabət qabiliyyətinin artırılması sahəsindəki fəaliyyətinə dair açıq internet resurslarda heç bir təsdiqləyici məlumata rast gəlməmişəm. Belə mühüm, vacib məsələlər bəlkə, əlaltından edilir? Göz dəyməsin deyə?

İnsafən, “Misli” media ilə əməkdaşlıq edir. Yəni, bəzi içtimai tədbirlərdən, o cümlədən, yarışların birbaşa yayımından biz çox faydalanırıq. 

Vəssalam. 

Bundan ötrü o boyda Premyer Liqanın adının yanında titula dönmək lazımdı?

Zülfiyyə Mustafayeva
Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR