Qurban Qurbanov Mia.az-ın sualına cavab verir: "Mən o atmacaya cavab vermək istəmirəm" - VİDEO

img

30-07-2025 [15:34]


UEFA Çempionlar liqasının II təsnifat mərhələsində iştirak edən "Qarabağ" Futbol Klubunun (FK) baş məşqçisi Qurban Qurbanovun oyun öncəsi mətbuat konfransı keçirilib.

Mia.az xəbər verir ki, bu mərhələdə Ağdam klubu İrlandiyanın “Şelbrun” klubu ilə 2-ci oyununu keçirir.
Yorgun və düşüncəli olan Qurban Qurbanov cavab qarşılaşmasına ciddi hazırlaşdıqlarını vurğulayıb.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl səfərdə ilk görüşünü keçirən komanda rəqibi öz meydançasında 0-3 hesabla məğlub edib. Cavab oyunu bu gün Bakıda, T.Bəhramov adına stadionda baş tutacaq.

Yeri gəlmişkən, oyuna azarkeş marağı çöx aşağı səviyyədədir. Klub adətən belə hallarda öz Akademiyasının uşaqlarına və onların valideynlərinə bilet paylayır.

Rəsmi xəbərə görə, 11 min bilet satılıb. Yarışın keçirildiyi stadionun tutumu 30 min nəfərdi. Bu gün bilet satışının yüksəlməsi proqnoz edilir.

Bəzi mütəxəssislərin sözünə görə, oyuna marağın az olması, “Qarabağ”ın ilk qarşılaşmada aşkar üstünlük əldə etməsidi. Amma Qurbanov dünən mətbuat konfransında dedi ki, buna arxayın olmayaraq mübarizəni əzmlə davam etdirəcəklər. 

Yeri gəlmişkən, təsnifat qrupunda oyunlar keçirən və “Qarabağ”la qarşılaşmaq ehtimalı yüksək olan Rumıniyanın “FKSB” klubunun prezidenti Cici Bekali bir neçə gün bundan əvvəl “Qarabağ”ın bostanına “daş atıb”. Deyib ki, əgər Ağdam klubu ilə oynamaq qismət olsa, bizimkiləri “darmadağın” edəcəklər. Rumın klubunun rəhbərinin mafiya tərzinə bənzər yumruq atmasının da altı boş deyil: onlar keçən il öz meydanında “Qarabağ”ı udub getmişdilər. Yəqin Qurbanovun komandasını “dişinə vuran” C.Bekali onlara yaxşı bələd olduğunu demək istəyir bizə.

Amma bəzi futbol biliciləri hesab edir ki, Bekali sadəcə, öz klubunu motivasiya edir və onun bu sözləri komandasına ürək-dirək verməkdən başqa bir şey deyil. Bu, əslində onun rəqibdən çəkindiyinin göstəricisidi.

“Qarabağ”dan isə rumın atmacasına bir cavab gəlmədiyindən, mia.az-ın əməkdaşı dünən bu barədə Q.Qurbanova sual verib.

Baş məşqçi atmacaya cavab verməyəcəyini bildirib:

- İlk növbədə bizim və onların qarşısında cavab oyunları var. Onların da qalibi olmalıyıq. Bu üzdən bütün diqqətimizi oyunlara yönəltmişik. O ki qaldı, kiminsə atmacasına, mən buna cavab verə bilmərəm, çünki əvvəla, heç kimsəylə konfliktim yoxdu. Kiminləsə konfliktim, mübahisəm yoxdusa, mən ona cavab verə bilmərəm. İkincisi, dediyim kimi, hələ bizim onlarla qarşı-qarşıya gələcəyimiz bəlli deyil. Biz onlarla keçən il oynamışıq, vəssalam. Atmacalara cavab verməyərək plan üzrə oyunlarda iştirak edirik. Mən də, futbolçularım da fikrimizin yayınmasını istəmirik. Niyyətimiz yüksək nəticə göstərməkdi.

Zülfiyyə Mustafayeva

MİA.AZ


 


Digər xəbərlər
SON XƏBƏRLƏR