KXCP bəyanat verib - Həbslər pislənildi

img

08-08-2014 [19:35]


KXCP bəyanat verib. Partiyadan Mia.az-a daxil olan bəyanatda deyilir:

"Ötən il prezident seçkiləri ərəfəsində Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin döyülərək ağır bıçaq xəsarətinə məruz qalan azyaşlı oğlu Əli Gülalıyevə qarşı, həmin hadisə ilə bağlı, bu günlərdə Azərbaycan Respublikası CM-nin 221.1- ci maddəsi ilə cinayət işi açılmış, haqqında polis nəzarətinə verilmə qəti-imkan tədbiri seçmişdir. Zərərçəkən məktəbli haqqında Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsi tərəfindən təqsirkar qismində cinayət işinin açılması məsələnin siyasi xarakterindən xəbər verir.  

KXCP hesab edir ki, hadisədən bir ilə yaxın vaxt keçdikdən sonra zərərçəkən məktəbli haqqında Ağır Cinayətlərin İstintaqı Şöbəsi tərəfindən "təqsirkar” qismində cinayət işinin qaldırılması əslində "təqsirkar”ın atası  Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini, Milli Şuranın mətbuat xidmətinin rəhbəri, "Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı və "Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevin siyasi və ictimai fəaliyyəti ilə bağlıdır.  

KXCP təəssüflə qeyd edir ki, Azərbaycan hakimiyyəti özü üçün təhlükə mənbəyi kimi ölkədə baş verən kütləvi qanunsuzluqları, idarəetməni iflic vəziyyətinə salan rüşvət-korrupsiyanı, məmur özbaşnalığını, torpaqlarımızı işğalda saxlayan rus-erməni təcavüzünü  deyil, milli demokratik müxalifəti, hüquq müdafiəçilərini, media nümayəndələrini, azad fikirli blogerləri, hətta azyaşlı məktəbliləri görür.

KXCP hakimiyyəti yanlış siyasətdən əl çəkməyə, siyasilərə, qeyri hökumət təşkilatlarının üzvlərinə, media nümayəndələrinə, vətəndaşlara qarşı repressiyalara son qoymağa, cəmiyyətin bütün resurslarını ölkədə vətəndaş cəmiyyətinin qurulması və torpaqlarımızın işğaldan qurtarılması üçün səfərbər etməyə çağırır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA