“Bu, birbaşa siyasi həbsdir” - Novella Cəfəroğlu

img

24-07-2014 [14:57]


Xəbər verdiyimiz kimi, iyulun 23-də səhər saatlarında Müsavat Gənclər Təşkilatının MTK-nın sədri Fərəc Kərimli mülkü geyimli şəxslər tərəfindən başına qara torba keçirdilərək , naməlum istiqamətə aparılıb. Gənc fəalın həbsindən bir gün ötsə də, onun harada saxlanılması barədə məlumat yoxdur. Yaxınları və vəkil aidiyyatı dövlət orqanlarına müraciət etmələrinə baxmayaraq, dövlət qurumları susur.

İndiyə qədər Fərəc Kərimlinin həbs edilməsi haqqında dövlət qurumlarından yalnız DİN-nin açıqlaması var. Açıqlamada gənc fəalın həbs olunması xəbəri təsdiqlənib. Onun cibindən narkotik aşkar olunduğu bildirilib.

Qeyd edək ki, bir həftə öncə Fərəc Kərimlinin qardaşı Sirac Kərimli həbs olunub. Ona qarşı artıq 234-cü maddə ilə cinayət işi açılıb.

Hər iki qardaşın qanunsuz həbsi ilə bağlı hüquq müdafiəçilərinin mövqeyini öyrəndik.

Novella Cəfəroğlu artıq gənclərin narkotik ittihamı ilə həbs olunmalarının adiləşdiyini bildirdi: "Fərəc bir həftə öncə qardaşı Siracın həbsi ilə bağlı mənimlə görüşmüşdü. Atası ilə də danışmışdım. Artıq narkotik cibə atmaqla həyata keçirilən həbslər insanlarda gülüş yaradır. Hamı bu hallara sadəcə gülür. Əllərindən başqa iş gəlmir, gənclərimizi şərləməkdən başqa. Bu, birbaşa siyasi həbsdir. Çünki Fərəc müsavatçı olub. Amma onun qardaşının müxalifətlə əlaqəsi yoxdur. Onu nə üçün tutublar?! Təbii ki, gənclərimizin gözlərini qorxutmaq məqsədi ilə. Bu yolla insanları qorxu içərisində, əsarətdə saxlamaq istəyirlər. Göstərmək istəyirlər ki, baxın, biz işləyirik”

Müsavatçı gəncin başına torba keçirib oğurladılar -  Təfsilat

Hüquq müdafiəçisi gənc fəalın həbsi ilə bağlı görəcəkləri işlərdən də söz açdı: "Hər gün həbsdə olan günahsız insanlarla bağlı görüşlər keçiririk. Amma bizim də artıq yolumuz tükənib. Bu gün həbsdə olan bir insan haqqında görüşlər aparırıq. Səhəri gün görürük, başqası həbs edilib. Yaxınlarda Prezident Administrasiyasında, Baş Prokurorluqda görüşlər keçirdik. Bütün siyasi məhbuslar haqqında məsələ qaldırdıq. Ardınca yenidən gənclərimiz həbs edildi. Bilmirik, kimə müraciət edək. Prezidentdən tutmuş, hər kəsə məktub ünvanlamışıq. DİN-ə belə məktub yazmışıq ki, gənclərimizi həbs etməkdən əl çəkin. Deputatlarla tez-tez görüşlər keçiririk ki, bu məsələləri parlamentdə qaldırsınlar. Biz sona qədər mübarizəmizi aparacağıq. Bizim borcumuz, monitorinq qrupu olaraq, bütün şəxsləri eyni qaydada müdafiə etməkdir və edəcəyik. Heç kəsin zərrə qədər bundan şübhəsi olmasın”.

Digər hüquq müdafiəçisi Səadət Bənəniyarlı belə həbslərin həyata keçirilməsinin yolverilməz olduğunu qeyd etdi: "Biz birmənalı olaraq, belə həbsləri qınayırıq. Hər halda kimisə həbs edən zaman əsas olmalıdır. Azərbaycanda öz haqqını tələb edən, heç nəyə boyun əyməyən insanların narkotik ittihamı ilə həbs olunmaları artıq xüsusi bir sxemə çevrilib. Biz çalışırıq ki, bu hallar aradan qalxsın. Dünənki həbsdən sonra biz artıq araşdırmalara başlamışıq. Bu işi ciddi nəzarətdə saxlayırıq. Sorğu göndərmişik. Ona cavab gələrsə, mətbuatla bölüşəcəyik”.

Qeyd edək ki, həbs edilən qardaşların atası Raqif Kərimli 12 il Müsavat Partiyasının Laçın rayon təşkilatının sədri olub. Fərəc Kərimlinin özü facebookda "Basta” və "İstefa” qruplarının admini olub. Bu ailəyə qarşı bu cür davranışın kökündə F.Kərimlinin sosial şəbəkələrdəki fəaliyyətinin dayandığı deyilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA