Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

img

03-04-2024 [12:38]


Podqoritsa şəhərində Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Azərbaycan Xarici İşlər nazirliyindən Mia.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin dövlət katibi Milislav Raspopoviç rəhbərlik edib.

Bildirilib ki, mələhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı, həmçinin beynəlxalq, regional məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.

Səfər zamanı F.Rzayev həmçinin Monteneqronun digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR