NATO-nun Baş katibi Bakıda: "Cənubi Qafqaz regionunda sülh çox vacibdir" - İlham Əliyevlə görüş olub (FOTOLAR) - Yenilənib
17-03-2024 [22:31]
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.
Mia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib:
-Hörmətli cənab Baş katib.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Hörmətli cənab Baş katib, xoş gəlmisiniz, Sizi Azərbaycanda görməyimə çox şadam. Mənim dəvətimi qəbul edib səfərə gəldiyinizə görə təşəkkür edirəm. İki il əvvəl Brüsseldəki son görüşümüzü xoş təəssüratlarla xatırlayıram. Bu gün isə biz dialoqumuzu davam etdiririk.
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.
Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk.
Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik.
Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq.
Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq.
Bu gün biz cənab Baş katiblə, həmçinin enerji təhlükəsizliyi məsələsini müzakirə etdik. Mən ona məlumat verdim ki, Brüsseldəki son görüşümüzdən bəri qaz təchizatı baxımından NATO-ya üzv daha 2 dövlət bizim tərəfdaşımız oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Əminəm ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.
Həmçinin mən cənab Baş katibi bizim yaşıl keçid gündəliyi haqqında məlumatlandırdım. Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun.
Cənab Baş katib, səfərə gəldiyinizə görə təşəkkürümü bildirirəm və Azərbaycanda xoş vaxt keçirməyi arzu edirəm.
Sonra NATO-nun Baş katibi bəyanatla çıxış edib:
- Çox sağ olun, cənab Prezident.
Cənab Prezident Əliyev, Bakıda yenidən olmaq çox xoşdur. Bu, mənim NATO-nun Baş katibi kimi Azərbaycana, Bakıya etdiyim ilk səfərdir. Lakin Bakıya ilk dəfə deyil ki, gəlirəm, çünki mən Norveçin energetika naziri kimi 1990-cı illərdə buraya dəfələrlə gəlmək şərəfinə nail olmuşam. Həmin səfərlər xatirimdədir, çünki ölkənizdə həmin vaxt enerji sektorunun çox inkişaf etdiyini və güclü olduğunu gördüm. Buna görə təhlükəsizliyimiz üçün enerjinin vacibliyini nəzərə alaraq enerji təhlükəsizliyinin müzakirəsi fürsətini əldə etmək məqsədilə buraya yenidən gəlmək çox xoşdur.
Mən Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayıram və ölkənizin qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnunam.
Beləliklə, Siz cəmiyyətlərimizin güclənməsində mühüm rol oynayırsınız. Mən, həmçinin NATO-nun Baş katibi kimi burada, Bakıda olmağımdan məmnunam. Çünki Siz də qeyd etdiyiniz kimi, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır. Biz uzun illərdir bir yerdə çalışırıq. Biz Kosovoda KFOR qüvvələrimizə verdiyiniz dəstəyi çox yüksək dəyərləndiririk, o cümlədən təbii ki, Prezident olduğunuz dövrdə Əfqanıstanda missiyamıza uzun illər verdiyiniz töhfə çox vacib idi. Siz tam haqlısınız. Əfqanıstanı tərk edən ən sonuncu qüvvələrdən biri Azərbaycan hərbçiləri olub. Çünki Siz hava limanının mühafizəsinə görə cavabdeh idiniz və bu, NATO qüvvələrinin Əfqanıstandan təxliyəsində əsas məsələ idi.
Beləliklə, bu göstərir ki, tərəfdaşlığımız təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir və biz bunu alqışlayırıq. Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir.
Uzun illərin münaqişəsindən sonra Azərbaycanın hazırda davamlı sülhə nail olmaq imkanı var. Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm. Bundan əlavə, həmçinin qeyd etmək vacibdir ki, əgər daha geniş regiona nəzər salsanız, Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır.
Mən, həmçinin Azərbaycanda keçiriləcək növbəti COP görüşünü çox səbirsizliklə gözləyirəm. İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İqlim dəyişmələri böhranı dərinləşdirir və biz onun fəsadlarını dünyanın hər yerində, o cümlədən burada - Azərbaycanda görürük. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız.
Siz böyük potensial haqqında mənə məlumat verdiniz və su elektrik stansiyalarının, eləcə də külək və günəş enerjisi stansiyalarının tikintisi, elektrik enerjisinin Avropa bazarlarına çıxarılması planlarını təsvir etdiniz.
COP29 çox mühüm tədbir olacaq. Vacibdir ki, hamı iqlim dəyişmələrinə qarşı mübarizə aparsın. O, təhlükəsizliyimiz üçün vacibdir, çünki həmin məsələlər özünü aydın büruzə verir. Bu axşam və sabah məni və nümayəndə heyətimi qəbul etdiyinizə görə çox minnətdaram. Görüşləri və müzakirələri səbirsizliklə gözləyirəm.
Çox sağ olun.
***
Martın 17-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə təkbətək görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
***
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
***
NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib.
Mia.az xəbər verir ki, Azərbaycan və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub