Ceyhun Bayramov Bakıda Gürcüstanın xarici işlər naziri ilə görüşüb - Nələr müzakirə olunub?

img

15-03-2024 [16:08]


Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

Mia.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Gürcüstan arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, həmçinin postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Tərəflər Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin regional əməkdaşlığa öz töhfəsini verəcəyini əminliklə vurğulayaraq, bu istiqamətdə yülsək səviyyəli təmasların və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd ediblər.

Xüsusilə iqtisadi sahədə əməkdaşlıq üçün mövcud potensialdan istifadənin, birgə layihələrin uğurla həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb, bu xüsusda Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacib rolundan bəhs edilib.

Postmünaqişə dövründə mövcud regional vəziyyət, ölkəmizin bərpa, quruculuq, habelə sülh təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə regional əməkdaşlığın gücləndirilməsi üçün münbit şəraitin yarandığını diqqətə çatdırıb.

Bununla belə, sülh prosesinin qarşısında duran çağırışlar, xüsusilə bir sıra ölkələrin öz dar siyasi gündəliklərini regiona proyeksiya etməsinin sülh prosesinə mənfi təsir etdiyi diqqətə çatdırılıb.

Nazir İliya Darçiaşvili Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, Gürcüstanın bu format çərçivəsində regional əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR