"Belə vəziyyətdə həm böyük güclər, həm də..." - Partiya sədrlərindən seçki açıqlamaları 

img

11-01-2024 [14:29]


Məlum olduğu kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə öz namizədilə iştirak edən siyasi təşkilatlarla yanaşı, namizəd irəli sürməyən partiyalar da var.

Artıq Prezident seçkilərində namizəd irəli sürməyən bir sıra partiyalar bu seçkilərdə hazırkı Prezident İlham Əliyevi dəstəkləyəcəklərini elan ediblər. 

Ana Vətən, Vətəndaş Həmrəyliyi, Vəhdət, Ağ, Yeni Zaman, Azad Vətən və Ümid partiyaları seçkilərdə İlham Əliyevi dəstəkləyəcəklərini artıq bəyan ediblər.

Görəsən, namizədlə iştirak etməyən digər partiyalar seçkilərdə kimi dəstəkləyəcəklər?

Mia.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev seçkilərdə hazırkı Prezident İlham Əliyevi dəstəkləyəcəyini bildirib:

“Hesab edirəm ki, bu dönəm İlham Əliyevin Prezidentliyini davam etdirməsi vacib şərtlərdən biridir. Qlobal şərtlər var. Böyük dövlətlərdə seçkilər gözlənilir. Azərbaycanla bağlı yarımqalmış danışıqlar var. Hətta Ermənistanla Azərbaycan arasında danışıqlar var. Belə vəziyyətdə həm böyük güclər, həm də danışıq aparan tərəflər sabit komanda ilə görülən işləri bitirmək istəyirlər.

Azərbaycanın geopolitik maraqları təmin olunmalıdır. Bu durumda partiyalar partiya maraqlarını dövlət maraqlarına qurban verməlidirlər. İlham Əliyevin liderliyilə Qarabağın azad edilməsi Azərbaycan tarixində fövqəladə hadisədir. Ona görə də bu dəfəki seçkilərdə iştirak edib, hakimiyyətini davam etdirmək İlham Əliyevin haqqıdır.

Mövcud durumda bütün müxalif qüvvələr birləşsə belə, İlham Əliyevlə yarışmaq imkanları yoxdur. Özüm şəxsən İlham Əliyevə səs verəcəm. Amma partiyada bu barədə qərar yoxdur. Üzvlərimiz səs verməkdə sərbəstdirlər. Şəxsən özümüzün qalib gəlmək imkanım olsaydı belə, bu gün İlham Əliyevin xeyrinə geri çəkilərdim. Çünki başlanmış işləri sona çatdırmaq onun haqqıdır”.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də Ali Baş Komandana səs verəcək:

“Partiyamız seçkiləri müşahidə edəcək və seçkilərin demokratik keçirilməsinə dəstək verəcək. Bu istiqamətdə partiya fəallarımız bütün dairələri, bir çox məntəqələri əhatə etməklə seçkilərin müşahidəsini aparacaq. Səsvermədə iştirak edib-etməmək məsələsində partiya üzvlərimiz azaddırlar. Özüm səsvermədə iştirak edərək, Qarabağı Azərbaycan xalqına qaytaran Ali Baş Komandana səs verəcəyəm”.

AMİP sədri Arzuxan Əlizadə isə bildirir ki, bu məsələdə partiya üzvlərinə sərbəstlik veriləcək:

“Təbii ki, seçkilərdə iştirak edəcəyik. Seçkiyə bir neçə gün qalmış bununla bağlı mövqeyimiz açıqlanacaq. Amma ümumi mövqe ondan ibarətdir ki, partiya üzvlərinə istədikləri namizədə səs verməkdə sərbəstlik veriləcək”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq