Azərbaycanda kim yaxşı yaşayır?

img

11-06-2014 [22:17]


On üç-on beş il əvvəl belə yazırdıq: "Azərbaycanda hamı kasıb yaşayır. İnsanlar quru çörəyi suya batırıb yeyirlər ki, acından ölməsinlər".
O vaxt mətbuata yeni gəlmişdim. Elə bilirdim ki, hakimiyyəti nə qədər çox tənqid etsək, imzamız bir o qədər tez tanınacaq. Buna görə də yazılarımızda ölkənin siyasi mənzərəsini canlandırmaq istəyəndə, adətən, tünd rənglərdən istifadə edirdik. Halbuki həmin dövrdə də Azərbaycanda məmur ordusu yağ--bal içində yaşayırdı. Dövlət Gömrük Komitəsinin sədri olan Kəmaləddin Heydərov indi olduğu kimi, o vaxt da bəy kimi dolanırdı. İndi sürücülərə qənim kəsilən Ziya Məmmədov dəmiryolçuların hesabına var-dövlət sahibi olmuşdu. Səfər Əbiyev əsgərlərin, Əli İnsanov isə xəstələrin qanını sormaqla məşğul idi. O vaxt da ölkəyə bahalı maşınlar gətirilir, şəhərin mərkəzində villaların sayı yağışdan sonra çıxan göbələk kimi sürətlə çoxalırdı. Türklər dövlətin malını dənizə bənzədirlər. Dənzidə isə qidalanmağa həmişə nəsə tapılır...
İndi zaman dəyişib. Oxucu yalnız tünd rənglərdən istifadə edən yazarları sevmir. Məcburuq ki, öz "tablolarımızda" al-əlvan rənglərdən də istifadə edək. İnsaf naminə deyək ki, son illər ölkədə xeyli iş görü-lüb. Bakıda inşa olunan yeni küçə və parklar insanda xoş ovqat yaradır. Gürcüstan və Ermənistan bir çox parametrlər üzrə bizdən geri qalır. Sabunçu rayonunda bir neçə park var ki, Tiflisin paytaxtındakı parklardan qat-qat gözəl və səliqəlidir. Bu parklarda axşamlar sadə vətəndaşlar istirahət edirlər. Elə Bakıdakı digər park və əyləncə mərkəzləri də əsasən orta və aşağı təbəqəyə xidmət göstərir. Çünki varlı adamlar "qara camaat"la bir sırada addımlamağı özlərinə sığışdırmırlar...
İndi Azərbaycanda hamının acından öldüyünü yazan adama gülərlər. Etiraf edək ki, əvvəlki dövrlə müqayisədə son illər insanların həyat səviyyəsi xeyli yüksəlib. Bakı küçələrində şütüyən bahalı maşınların sayı-hesabı yoxdur. Aydın məsələdir ki, sükan arxasında əyləşən adamların hamısı nazir uşaqları deyil. Nazir övladları indi təyyarə sürürlər.
Qonşuluqda bir qəssab yaşayır. Bu adam həftədə iki dəfə dana kəsib, ətini camaata satır. Səliqəli və in-saflı adam olduğu üçün müştərilərinin sayı getdikcə artır. Bu yaxınlarda bilmişəm ki, o, özünə üçmərtəbəli, 9 otaqlı ev tikdirib. Sadə bir zəhmət adamının yaxşı yaşaması, özünə ev-eşik düzəltməsi məni sevindirməyə bilməz. Amma bilirəm ki, həmin qəssab hər hansı dəyər formalaşdırmağa qadir deyil. Təəssüf ki, bu ölkənin alimi, ziyalısı həmin qəssab kimi yaxşı yaşamır. Şair və yazıçıların, rəssamların əksəriy-yəti bir tikə çörəyə möhtacdır. Vəziyyət o həddə çatıb ki, yaşlı ata alim oğlu üçün elçi getməyə utanır. Məktəblərdə kişi müəllimlərin sayı sürətlə azalır. Ötən il bir tanışım pedaqoji fakültəyə daxil olan oğlu üçün qonaqlıq vermədi. Az-çox elmi uğuru olan adamlar bir bəhanə tapıb, ölkəni tərk edirlər. Buna görə də mədəniyyətdə tənəzzül, mənəviyyatda aşınma baş verir. Bunları ona görə yazıram ki, Mübariz Qurbanlının yolu nə vaxtsa bizim qəsəbəyə düşsə, həmin üçmərtəbəli evi başımıza qaxmasın. Onsuz da başkəsənlər həmişə yaxşı yaşayıblar... 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq