Ağ Evin Çin planında çip faktoru: Tayvan və Cənubi Koreyadakı fabriklər Amerikaya daşınır
 

img

12-06-2023 [12:54]


Elbəyi Həsənli, Sürix

***

Ukraynanın kremlyönlü prezidenti Viktor Yanukovychin gedişindən cəmi bir neçə gün sonra - 2014-cü ilin fevralın 27-də səhərin qaranlığında Rusiyaya bağlı hərbi birləşmələr Ukraynanın Krım yarımadasının paytaxtı Simferopolda parlamentə hücum etdi. Onlar parlament binasının üzərinə Rusiya bayrağı sancdılar. Beləliklə Rusiya Krımı işğal etdi. 

Nə ABŞ, nə də Avropa İttifaqı bu işğala elə bir təpki göstərmədi. 2008-ci ildə Rusiya Gürcüstanın  Cənubi Osetiya və Abxaziya bölgəsini işğal edəndə də Qərbdən elə bir səs çıxmamışdı...

Rusiya Krımı Ukraynadan qopatmaqla kifayətlənmədi. 24 fevral 2022-ci ildə Rusiya Ukraynaya yenidən hücum etdi. Bu hücumdan bir neçə gün əvvəl Rusiya separatçı  Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını rəsmən müstəqil dövlət kimi tanımışdı. Bu hücumla Rusiya keçmiş SSRİ-ni bərpa etmək üçün son dərəcə önəmli bir addım atdı. Ancaq bu dəfə hər şey nəzərdə tutulduğu kimi olmadı...

Rusiya, daha doğrusu Vladimir Putin əmin idi ki, bu dəfə də ABŞ və Avropa İttifaqı tərəfindən elə bir etiraz olmayacaq. Əslində olmamalıydı da . Çünki Rusiyanın Avropa İttifaqının açar ölkələri olan Almaniya və Fransa ilə sıx əlaqələri vardı. Ancaq Amerika bütün imkanlarını səfərbər etdi, Almaniya və Fransanı anti-Rusiya koalisiyasına qoşulmalı oldu. Şübhəsiz ki, Ukrayna xalqının Rusiya işğalına göstərdiyi dirəniş də bu işdə ciddi rol oynadı. Ukrayna prezidenti Volodimir Zelenski şəxsi nümunə göstərdi. Qərbin çağırışlarına baxmayaraq Kiyevi tərk etmədi.

Rusiya-Ukrayna savaşı indi də davam edir. O da bəllidir ki, Qərb Ukraynaya bütün sahələrdə ciddi dəstək verir. Əslində Qərb Ukrayna üzərindən Rusiyaya qarşı beynəlxalq terminologiya ilə desək “proxy war” aparır, yəni Ukraynanın əli ilə Rusiya ilə vuruşur. 

Qərbin ən böyük problemlərindən biri Rusiyaya bağlıdır. Hazırda Rusiyanın tədricən əldən salınması prosesi gedir.  Ancaq Qərbin əsas problemi Rusiya yox, Çindir. Niyə Çin? Çünki Rusiya çağdaş sivilizasiyadan və inkişafdan ciddi şəkildə geridə qalıb. Ukrayna ilə müharibə isə Rusiyanın çöküşünü sürətləndirir. Çin isə sürətlə inkişaf edir. Hazırda Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadi gücü sayılır. 2030-cu ildə isə Çinin ABŞ-ı arxada qoyacağı gözlənilir...

ABŞ dünyanın super-dövləti statusunu itirmək ərəfəsindədir. Rəsmi Vaşinqton bunun fərqindədir və Çin təhlükəsini dəf etmək üçün hərəkətə keçib. 

Yuxarıda vurğuladığımız kimi, Rusiya məsələsində ABŞ-la Avropa İttifaqının maraqlarında ciddi fərqlər vardı. Bu fərq indi də aydın görünür. Eyni mənzərə Çinə münasibətdə daha qabarıq nəzərə çarpır. Avropa İttifaqının Çinlə son dərəcə sıx ticarət əlaqələri var. Bütövlükdə Avropa İttifaqı-Çin münasibətləri ən yüksək səviyyədədir. Tərəflər arasında mal mübadiləsi 15 trilyon dollardan yuxarıdır.  

Almaniya və Fransa rəhbərlərinin bəyanatlarından aydın görünüür ki, onlar ABŞ-ın Çin planından məmnun deyillər. Məsələn,  Fransa Prezidenti Emmanuel Makron Pekinə səfərdən sonra “Avropanın ABŞ-ın “vassalı” olmaması gərəkir” kimi bəyanatlar səsləndirdi. Soruşdu ki, biz avropalılar Tayvan məsələsindəki gərginlikdə maraqlıyıqmı? “Xeyr. Ən pisi odur ki, biz avropalılar bu mövzuda Amerika ritminə köklənməli və Çinə qarşı Amerikanın həddindən artıq aqressiv reaksiyasına uyğun hərəkət etməliyik”. Və cənab Makron bu reallığa etiraz etdi...

Bu isə Amerikanın ürəyincə deyil. Amerika Çinə qarşı mübarizədə Avropa İttifaqını da yanında görmək istəyir. Avropa İttifaqı isə var gücü ilə buna müqavimət göstərir...

Amerika nə istəyir? İstəyir ki, Rusiya-Ukrayna müharibəsi ssenarisini eyni ustalıqla Cin-Tayvan müharibəsinə transfer etsin. Avropa İttifaqına isə bu, qətiyyən lazım olmayan bir şeydir. Üstəlik, bu, son dərəcə təhlükəlidir. Çin həm hərbi, həm də ideoloji baxımdan xüsusi ilə güclüdür. Yəni Rusiya variantı Çində keçərli olmaya da bilər...
Tayvan məsələsində önəmli bir nüans da var. Bu ölkənin “Taiwan Semiconductor Manufacturing Company, Limited (TSMC)” şirkəti fantastik imkanlara malik bir istehsal sahəsidir. Düşünün ki, bu şirkətin 4 trilyon dollara yaxın aktivi var. Hər il 600 milyard dollara yaxın qazanc əldə edir. Çip istehsalı Tayvanın əsas gəlir mənbəyidir və bu sahədə Tayvan dünyanın lider ölkəsidir. Şirkətin dünyanın müxtəlif ölkələrindəki müəssisələrində 650 min mütəxəssis çalışır. Yəni Çin Tayvanı ələ keçirsə və çip texnologiyasına əl qoysa, bu, ABŞ üçün sarsıdıcı zərbə olacaq. Amerika bunu yaxşı başa düşür və bu problemi aradan qaldırmaq üçün bu sahədə çalışan Tayvan şirkətlərini ABŞ-a köçürür. Özü də təcili şəkildə. 

Tayvan “4 Asiya pələngi” (Honq Konq, Sinqapur və Cənubi Koreya) adlanan qrupa daxildir. Bu qrup da Amerikanın nəzarəti altındadır. 

Çip məsələsi ilə bağlı Cənubi Koreya da xüsusi statusda olan ölkədir. Amerika bu ölkədə olan çiplə bağlı müəssisələri də Amerikaya köçürür. 

Amerika ona da hazırdır ki, Çin Tayvanı zorla da olsa ələ keçirə bilər. Belə olduqda Amerika Çinə qarşı sanksiyaların ən radikal formasına əl atacaq.

Bəllidir ki, Kommunist Blokuna qarşı Birinci Soyuq Müharibədən Amerika qələbə ilə çıxdı. Hazırda ABŞ Çin, Rusiya və İrana qarşı yeni bir plan hazırlayır. Birinci Soyuq Müharibə sübut etdi ki, belə bir strategiya  ABŞ üçün məqbuldur və ona uğur gətirir. 

Hesablamalara görə, artıq 5 ildən sonra ABŞ süni intellekt, kvant kompüter hesablamaları və kosmosa sənaye nəzarəti (Space X proqramı üzərindən) suverenliyinə görə hərbi və iqtisadi cəhətdən Çin üzərində üstünlük əldə edəcək. Belə bir ortamda Qərbin hətta Ukrayna və Tayvanı itirməsi elə də böyük itki sayılmayacaq. Əsas olan odur ki, ABŞ-ın dünya üzərində texnoloji nəzarəti daha da güclənəcək. 

Bu məqamı da nəzərdən qaçırmaq olmaz: Hindistan böyük texnoloji potensiala malikdir və Hindistan bu illərdə Çindən daha yüksək artım templərinə nail olub. Hindistan isə Çinlə düşməndir və üstəlik, tarixi keçmişi ilə bağlı anqlo-sakson ittifaqına yaxınlığı ilə tanınır.

Diqqətə layiq daha bir məqam var. Son dövrlərdə Səudiyyə Ərəbistanı Amerikanın nəzarətindən çıxır. Bu isə bütövlükdə varlı Körfəz ölkələrinin əldən çıxması anlamına gəlir. Bu işdə də Çinin barmağı var. Belə ki, Çin Səudiyyə Ərəbistanı ilə İran arasında gərginliyi ortadan qaldırdı. Səudiyyə ilə Yəmən arasında münasibətlər səhmana düşməkdədir. Amerikanın özünə düşmən bildiyi Suriya diktatoru Bəşər Əsəd yenidən Ərəb Ölkələri Liqasına dəvət olunub. Başqa sözlə desək, Çin ABŞ-la Ərəb Dünyası arasında olan münasibətlərin müsbətdən mənfiyə doğru inkişafına təkan verir. Rəsmi Vaşinqton bu prosesi sadəcə seyr etmir, həm də bundan nəticə çıxarır...

ABŞ-ın Çini qabaqcıl texnologiya, iqtisadiyyat və ultra-müasir hərbi vasitələrlə geriyə atmaq şansı varmı? Mütəxəssislər bu suala müsbət cavab verir...

Əlbəttə, Qərbin Ukrayna üzərindən Rusiyanı divara dirəməsi fonunda Qərbin Çinə qarşı da cəbhə açması qətiyyən arzuolunan deyil. Bu, dünyamızın müvazinətdən çıxmasına səbəb ola bilər.
Qərbdə ABŞ və Çinin sağlam rəqabətə söykənən harmonik münasibətdə olmasını arzu edənlər də az deyil.

Təəssüf ki, onların sözünü eşidən azdır.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR