Bəlkə düz demirəm?..

img

01-02-2014 [16:20]


Uzun müddət ALP-nin sədr əvəzi olmuş Əvəz Temirxan 7 ay 3 gündür ki, mənim yazılarımı oxumur. Bu-nu ötən gün redaksiyamıza təşrif buyuran Əvəz bəy özü dedi və dərhal da izahat verdi: "Lalə Şövkətin əleyhinə yazdığın gündən etibarən sənin adını "qara siyahı"ya salmışam".

Yaddaş sarıdan şikayətim olmadığı üçün söhbətin hansı yazıdan getdiyini xatırlamağa çətinlik çəkmədim. "Reytinq"in "podşifka"sını vərəqləyəndə, yaddaşımın məni aldatmadığına bir daha əmin oldum. Yəqin, diqqətli oxucular xatırlayırlar, ötən il iyun ayının 23-də elə bu sütunda "10 il əvvəlki səhvi təkrarlamayın!" başlıqlı köşə yazıb, müxalifət liderlərini bir araya gəlməyə və prezident seçkilərində vahid nami-zədlə iştirak etməyə səsləmişdim. Fikrimi əsaslandırmaq üçün tarixə ekskursiya etmiş, 2003-cü ildəki uğursuzluğun bir səbəbini də həmin vaxt müxalifətin vahid mövqedən çıxış edə bilməməsi ilə əlaqələn-dirmişdim. 7 ay 3 gün əvvəl yazılmış məqalədə Əvəz Temirxanı narazı salan cümlə belə idi: "Müsavat hökumətində Səhiyyə naziri postunu bəyənməyən Lalə Şövkət YAP hakimiyyəti dövründə Suraxanıda gözdən-könüldən uzaq bir poliklinikanın baş həkimi də ola bilmir".
İqtidardan fərqli olaraq, müxalifətin fəaliyyətini ildə cəmi bir-iki dəfə tənqid edirəm. Yadıma gəlir, Mü-savat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı bir neçə il öncə AXCP-ni aşağılamağa çalışanda, "Bu nə mənəm-mənəmlikdir?" adlı yazı yazıb, Müsavatın heç də AXCP-dən yaxşı durumda olmadığını, qarşılıqlı ittihamların ölkədə mübarizə əhval-ruhiyyəsini zəiflətdiyini qeyd etmişdim. Bu həmin vaxt idi ki, QHT sektorundakı işimlə əlaqədar olaraq, tez-tez ölkənin müxtəlif regionlarına gedir, fürsət tapdıqca yerli müxalifətçilərlə görüşürdüm. Əksər bölgələrdə Müsavat Partiyasının rayon təşkilatlarının qərargahının qarşısından qıfıl asılmışdı. Elə rayonlar vardı ki, yerli təşkilatın sədri ailəsini dolandırmaq üçün baş götü-rüb Rusiyaya getmişdi. Əlbəttə, buna görə Arif Hacılı günahkar deyil. Sosial problemlər bizim hər birimiz kimi, əyalət müxalifətçilərini də sıxır. Arif bəyi ona görə qınamışdım ki, bunu bilə-bilə digər müxalifət partiyalarını aşağılayır, təmsil etdiyi təşkilatın hamıdan bir boy üstün olduğunu sübut etməyə çalışırdı. Hamımız gördük ki, prezident seçkiləri ərəfəsində Bakıda keçirilən mitinqlərdə ALP-nin meydana 55, Müsavatın 555 adam çıxarması heç nəyi dəyişmədi. Çünki dəyişiklik üçün zəruri olan digər şərtlərə əməl olunmamışdı. Hətta Əvəz Temirxanın ömrünün sonuna kimi mənim bircə yazımı oxumaması da heç nəyi dəyişməyəcək. Əvəz bəyin arzuladığı dəyişikliyin baş verməsi üçün ilk növbədə Lalə Şövkət dəyişməlidir. Ən azından, evindəki isti iş otağını ALP-nin qərargahındakı soyuq kabinetə dəyişməlidir.
Bəlkə düz demirəm?..

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq