İntihar kəndirindəki əsgər

img

20-01-2014 [16:12]



Hər dəfə ordudan nəsə yazanda diqqətli olmağa çalışıram. Ordu, Bayraq, Vətən, Şəhid, Qazi mövzusu hər zaman həssas yerimiz olub. Bu atributların hər birini müqqəddəs qəbul etmişəm, onlara kölgə salmaq istəyən şəxslə döyüşə çıxmağa da hazıram.

Bu günə kimi Azərbaycan Ordusundan çox yazmışam. Tənqidi məqalələrim, köşə yazılarım, araşdırmala-rım, müsahibələrim olub. Heç birində ordumuzu gözdən salan, ona ləkə gətirən bir cümlə belə işlətmə-mişəm. Yazdığım hər bir cümlədə həqiqətin, reallığın olduğuna da zərrə qədər şübhəm yoxdur. Hər bir sətirə indi də cavbdehəm. Tənqidimin ünvanları bəlli olub - ordu rəhbərliyi, yerində olmayan nazir, nazir müavinləri, çiynində parıltılı ulduzları daşımağa haqqı olmayan generallar.

Ordunun başbəlası Səfər Əbiyev getdi. Onun istefasına qədər ordudan danışanda ağızlarına çullu dovşan sığışmayan, Səfər Əbiyevin paqonlarındakı ulduzlara toz düşməsinə imkan verməyən, şəninə məd-hiyyələr söyləyən mandat sahiblərini də gördük. Səfər Əbiyev "at"dan düşən kimi, arxasınca asıb-kəsdilər. Bax, ordunun ən böyük düşmənlərindən biri elə bu yalançı mədhiyyəçilərdir. Orduda baş verən haqsızlıqları, özbaşınalıqları görüb, bilib susmaq, mandat, vəzifə, haram pullar, villalar, bahalı maşınlar qarşılığında məddahlıq etmək ən böyük zərbədir. Bu adamlar orduya qonşunun uşağı kimi baxır. Başına nə gələr-gəlsin, mənə nə? Bu yanaşma sahibləri bu millətin üz qarasıdır?

Müdafiə Nazirliyi kütləvi informasiya vasitələri, ictimaiyyət nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət etdi. Müraciətdə təəssüflə qeyd olunur ki, Müdafiə Nazirliyi tərəfindən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə Silahlı Qüvvələr haqqında məlumatlar yayarkən dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmaları dəfələrlə tövsiyə edilsə də, vəziyyət bu gün də dəyişməz qalır. Doğrudur, dövlət, hərbi sirlərin qorunması vacibdir və hər kəs buna əməl etməlidir. Amma birindən nəyisə tələb, yaxud xahiş etməmişdən öncə, öz fəaliyyətinə baxmaq lazımdır. Or-du rəhbərliyinin narahatlığı başadüşüləndir. Eyni zamanda, hər kəs dövlət sirrini faş etdiyinə görə ən sərt şəkildə cəzalanmalıdır. Bəs, Ordu rəhbərliyi nə zaman hesab verəcək?

20 ildir ki, atəşkəsdir, məğlub tərəf kimi qınımıza çəkilib oturmuşuq. Bu 20 ilin son on ilində Azərbaycan Silahlı Qüvvələri ən azı 728 hərbi qulluqçusunu itirib. Onlardan 542 nəfəri qeyri-döyüş şəraitində dünya-sını dəyişib. Bu müddət ərzində 106 əsgər intihar edib, 33 nəfər müəmmalı və naməlum hadisələr nəti-cəsində həlak olub. İctimaiyyətə müraciət edən Müdafiə Nazirliyi nə zaman cəmiyyətə bu qədər itkinin hesabını verib ki, indi cəmiyyətdən nəsə tələb edir?

Cənab generallar, yıpransa da, əzilsə də, müvəqqəti məğlub olsa da, biz ordumuzu sevirik. Bu millət ordusuna, dövlətinə zaval gətirməyib, bundan sonra da gətirməz. Siz əsgərimizin qoruyun, yetər! Bu millətin əsgəri intihar kəndirində ölməyə yox, döyüş meydanında şücaət göstərib qələbə çalmağa layiqdir... 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq